• cümə, 19 Aprel, 21:15
  • Baku Bakı 24°C

Ramiz Mehdiyevin fikirləri bütün suallara dolğun cavab oldu

19.10.13 09:29 2016
Ramiz Mehdiyevin fikirləri bütün suallara dolğun cavab oldu
Amerikanın siyasi bazarlığı baş tutmadı
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibə cəmiyyətdə böyük rezonans doğurub. Media təmsilçilərinin suallarını cavablandıran Administrasiya rəhbəri seçkidən əvvəl ABŞ-dan olan rəsmi şəxslərin hakimiyyət nümayəndələri ilə görüşlərdə səsləndirdiyi fikirlərə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ rəsmiləri təklif edib ki, Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsi verilsin. Yerdə qalan 74-75 faiz səs isə Yeni Azərbaycan Partiyasının namizədinə yazılsın. R.Mehdiyevin deyib ki, əgər səslərin nisbəti belə olsaydı ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı.
“Kaspi”yə fikirlərini bölüşən politoloq Qabil Hüseynli seçkiyə qədər ABŞ dövlətinin, eləcə də beynəlxalq təşkilatların sərgilədiyi mövqenin tamamilə ürəkaçan olduğunu söyləyib. Lakin seçkidən sonra bəzi qüvvələrin tamamilə fərqli mövqe nümayiş etdirməsini başa düşülməyən, qeyri-obyektiv münasibət kimi dəyərləndirib: “Yeganə olaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçki gününə qədər yaydığı iki aralıq hesabatında fərqli mövqe nümayiş etdirmişdi. Ümumən isə bütün təşkilatlar və müşahidəçilər seçkinin daha yaxşı, demokratik və şəffaf şəkildə keçdiyini bildirirdilər. Lakin seçki başa çatandan bir gün sonra Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamenti, “Freedom House” beynəlxalq təşkilatı seçkini tənqid etdilər. Bu qurumların Azərbaycandakı seçkilərə verdiyi qiymət, ümumi ovqatı korladı. Haqlı olaraq da Prezident Administrasiyasının rəhbəri real vəziyyəti əks etdirməyən fikirlərə öz münasibətini bildirdi, hadisələrə ətraflı, əsaslandırılmış baxışı ortaya qoydu. Mənim fikrimcə, akademik Ramiz Mehdiyevin mətbuata söylədiyi fikirlər bütün suallara dolğun cavab oldu, bu məsələlər ətrafında spekulyasiyalar açmağa imkan vermədi. O ki, qaldı ABŞ tərəfinin İlham Əliyevə 75, Cəmil Həsənliyə isə 25 faiz səs yazılması barədə təklifinə, əgər bununla bağlı məlumatı administrasiya rəsmisi mətbuata açıqlayırsa, deməli amerikalı diplomat bu təklifi edib. Ən azı səfir səviyyəsində bu fikir ifadə olunub. Belə olan halda bu, Amerikanın mövqeyi sayılmalıdır. Onların konkret rəqəmlər əsasında seçki manipulyasiyası etməsi yolverilməz idi. Buna görə də Azərbaycan siyasi rəhbərliyi xalqın iradəsinin əleyhinə getməyib, seçkinin demokratik, obyektiv, şəffaf şəkildə keçməsini təmin edib”.
Politoloq Elman Nəsirov 9 oktyabr prezident seçkilərini Azərbaycanın dünyəvi seçki mədəniyyətini bir daha nümayiş etdirməsi kimi xarakterizə edib. Onun sözlərinə görə, şəffaf və obyektiv şəraitdə keçən seçkilərlə Azərbaycan demokratiya sahəsində növbəti böyük bir addımını atıb: “Amma təəssüf ki, istənilən bir prosesə, eləcə də bu seçkiyə neqativ yanaşan, yaxud neqativ yanaşmanı özü üçün məslək seçmiş ayrı-ayrı qüvvələr də oldu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsində də məhz bu məsələlərə xüsusi diqqət ayrılmışdı. Cənab Mehdiyev öz müsahibəsində aydın şəkildə qeyd edir ki, ABŞ rəsmiləri bu seçkidə iqtidarın 74-75, müxalifətin isə 25 faiz səslə təmin olunmasını təklif ediblər. Amerikanın bu addımını siyasi bazarlıq kimi qiymətləndirmək olar. Maraqlıdır ki, ABŞ Dövlət Departamenti də seçkidən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavadakı ofisində öncədən hazırlanmış hesabatına istinadən mövqe bildirib. Hər iki hesabatda Azərbaycandakı seçkilərdə guya hüquq pozuntularına və seçki saxtakarlığına rast gəlinməsi ilə bağlı ifadələr öz əksini tapıb. Seçkidən sonra digər müşahidəçilər seçkilərin çox normal şəkildə, şəffaf şəkildə keçirildiyini qeyd edib, ancaq onlarla eyni məntəqələrdə müşahidə aparan Büro təmsilçiləri qərəzli bəyanatla çıxış ediblər”.
Politoloq Cümşüd Nuriyev ABŞ və bir sıra beynəlxalq təşkilatların özlərini dünyanın hegamonu kimi aparmasına diqqət çəkib. Bildirib ki, ABŞ-ın müdaxiləsi bir çox ölkələrə, o cümlədən də Azərbaycana var: “Son proseslərdə məlum oldu ki, Azərbaycan tərəfi dediklərinin arxasında dayanır. İstər akademik Ramiz Mehdiyevin mətbuata müsahibəsində, istərsə də Müdafiə Nazirliyindəki görüşdən sonra nazir Səfər Əbiyevin açıqlamasında bu, aydın hiss olunur. Düzdür, Amerika bunu təkzib edir, etirazla qarşılayır. Məsələ burasındadır ki, ABŞ səfiri keçirdiyi bütün görüşləri yazır, sonradan bu görüşlərdə nələrin müzakirə olunduğunu “Wekeliks” saytında verir və bunu dünyaya demokratiyanın göstəricisi kimi təqdim edir. ABŞ və onun kimi hegamonluq iddiasında olanlar dərk etməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir. Bu baxımdan, Prezident Administrasiyası rəhbərinin söylədiyi fikirləri yerində, düz deyilmiş söz kimi qəbul edirəm. O, mətbuata müsahibəsində bütün məqamlara tam aydınlıq gətirib”.
Politoloqun sözlərinə görə, akademik Ramiz Mehdiyevin KİV-lərə müsahibəsinin ardınca ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Mərkəzi Seçki Komissiyasına gələrək görüş keçirib. MSK sədri Məzahir Pənahov da bu məsələlərlə bağlı bəzi məqamları açıqlayandan sonra isə onlar çıxılmaz vəziyyətdə qalıblar: «Əgər akademik Ramiz Mehdiyev öz müsahibəsində bəzi məqamlara aydınlıq gətirməsəydi, onlar Azərbaycanı çox şeylərdə ittiham edəcəkdilər. Bu, Qərb dairələrinin əvvəlcədən düşünülmüş bir planı idi. Onlar ölkəmizin daxili işlərinə qarışmaqla BMT Nizamnaməsinin tələblərini, əsas prinsipləri kobud şəkildə pozurlar».
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər