Date: 11 Aprel 2018, 17:55,
Oxunma sayı: 405

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident seçkilərində səsvermədə iştirak edib.
APA-nın məlumatına görə, R.Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
R.Mehdiyev jurnalistlərə açıqlamasında deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq: "Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib: "Azərbaycan beynəlxalq səviyyədə tanınıb. Ölkədə iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin seçkilərdə yüksək səviyyədə iştirakı təbiidir".
Akademik təəssüflə bildirib ki, bəzən insanlar Azərbaycanda böyük cinayətlər törədib, sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər. R.Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".
Onun sözlərinə görə, normal adam bu yola düşməməlidir: "Daxildə müxalifət var. Bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışırlar. Heç bir millətin nümayəndələri bu yola düşməməlidir. Bu, Azərbaycan xalqına xas keyfiyyət deyil".