• cümə axşamı, 28 mart, 23:59
  • Baku Bakı 13°C

Ramiz Mehdiyev “Facebook“ səhifəsində Xocalı faciəsindən yazıb

19.02.14 18:46 1026
Ramiz Mehdiyev “Facebook“ səhifəsində Xocalı faciəsindən yazıb
Alman filosofu Karl Yaspers 1949-cu ildə “Tarixin məğzi və təyinatı” adlı əsərində belə bir fikir ifadə edib: “Keçmişin dəhşətlərinin unudulmasına yol vermək olmaz. Hər zaman keçmişi xatırlatmaq lazımdır. Bu baş verib, mümkün olub və baş vermə ehtimalı hələ də qalır. Yalnız məlumatlı olmaq bunun qarşısını ala bilər. Təhlükə bilmək istəməməkdə, unutmağa çalışmaqda, bütün bunların baş verdiyinə inanmamaqdadır”.
Elə tarixi hadisələr var ki, onlar haqqında nə qədər yazılsa da, insan aqressiyasının hədsiz əzab və ağrıya gətirib çıxartması, müəyyən qruplaşmaların siyasi maraqlarının Srebrenitsa və Xocalı hadisələri kimi faciələrə yol açması faktına görə getdikcə daha çox acı və təəssüf hissi keçirirsən”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Facebook” səhifəsində yazıb.
R. Mehdiyev qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanın və onun ətrafında olanların insanlığa qarşı cinayətləri təkcə Xocalı hadisələri ilə məhdudlaşmır. Xocalı soyqırımından öncə Azərbaycanın bir çox kəndləri, o cümlədən, Xocalı rayonunun Kərkicahan kəndi, Əsgəran rayonunun Meşəli kəndi, Xocavənd rayonunun Qaradağlı kəndi, Qazax rayonunun Bağanis-Ayrım kəndi xüsusi amansızlıqla yer üzündən silinib: “Amma məhz Xocalı faciəsi erməni xalqının siyasi başçılarının və erməni kilsəsinin azərbaycanlılara qarşı 200 ilə yaxındır, həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli rəmzinə çevrildi. Xocalıda dinc əhaliyə qarşı soyqırımının törədilməsi məhz Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən dünya ictimaiyyətinə soyuqqanlılıqla hazırlanmış və həyata keçirilmiş “intiqam aktı” kimi təqdim edildi. Belə ki, Xocalı üzərinə 1992-ci ildə həyata keçirilmiş hücum 1988-ci ilin fevralında baş vermiş, faktiki olaraq Ermənistanın xüsusi xidmət orqanları və diasporu tərəfindən SSRİ DTK-nin səssiz razılığı ilə təşkil olunmuş Sumqayıt hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edir.
Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər və müəyyən beynəlxalq təşkilatlar soyqırımı aktı ilə müşayiət olunan Xocalı faciəsinə göz yumur. Erməni təbliğatının təsiri altına düşərək, və ya siyasi konyunkturaya uyğun olaraq, onlar “erməni qətliamı” haqqında uydurmanı diskussiya mövzusuna çevirir, hətta bununla bağlı qeyri-obyektiv və ədalətsiz qətnamələr də qəbul edirlər”.
Hələ SSRİ Prokurorluğu tərəfindən həyata keçirilən təhqiqatlar zamanı “isti izlərlə” 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin qətlə yetirildiyi Sumqayıt hadisələrini törədənlərin məhz ermənilərin olması ilə bağlı təkzibolunmaz sübutların aşkar olunmasına baxmayaraq, bu proses davam etməkdədir.
İstintaq materiallarında cinayətlərin təşkilatçısı qismində əslən erməni olan Eduard Qriqoryanın və onun iki qardaşının - erməni emissarlarının, adı hallanır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və onun qardaşı Ernest Qriqoryan müxtəlif kriminal ünsürlərdən ibarət qruplaşmaları separatçı “Qarabağ” Komitəsinin və “Krunk” Erməni Cəmiyyətinin fonduna pul köçürməkdən imtina edən ermənilərin yaşadığı ünvanlara göndəriblər.
“İsti izlər”lə aşkarlanmış təkzibolunmaz sübutların olmasına baxmayaraq, erməni tərəfi bu günə qədər faktları təhrif etməklə, sənədləri saxtalaşdırmaqla və başqa çirkli üsullara əl atmaqla, öz yalanını gerçəklik kimi təqdim etməyə çalışır. Bütün günahları rəsmi Bakının boynuna atmaqla, Ermənistan faktları saxtalaşdırmaqda davam edir və bu zaman yaddan çıxarır ki, reallığı unutmaq yolunda keçmişin istənilən təhrifinin qiyməti gələcəkdir”.
banner

Oxşar Xəbərlər