• cümə, 29 Mart, 01:15
  • Baku Bakı 7°C

Ramil Quliyev: "Qızıl medalla qazanmağı hədəfləmişəm"

04.08.18 17:45 868
Ramil Quliyev: "Qızıl medalla qazanmağı hədəfləmişəm"
"Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa çempionatında fərdi yarışda iki, estafetdə isə bir qızıl medal qazanmağı hədəfləmişəm".
"Report" xəbər verir ki, bunu hazırda Türkiyə yığmasında çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev yerli mətbuata müsahibəsində deyib. 28 yaşlı sprinter bunun üçün səylə çalışdığını bildirib: "Gündə 6 saat məşq edirəm. Yarış yaxınlaşdıqca məşqlərimiz bir qədər azalır. Çünki yarışa yenilənmiş halda getməliyik. Daha çox texniki çalışmalara diqqət yetiririk. Bu il daim Avropa çempionluğu üçün çalışmışıq. 100 metr məsafəyə qaçışda birinci yerdə gedirəm. Çoxlu komanda və yaxşı atletlər var. 9,90 saniyəyə finişə çatan sprinterlərin sayı çoxdur. Hətta ötən həftə 10,06 saniyə göstərici ilə qalib olan var idi".
Quliyev 100 metr və 200 metr məsafələrə qaçışda yamaykalı sabiq sprinter Useyn Boltun rekordunu yeniləyəcəyinə inam ifadə edib. Onun sözlərinə görə, insanın imkanları hüdudsuzdur: "İnsan hər şeyə qadirdir. Bunadək də bütün rekordları insanlar yeniləyib. Hər il xüsusən, sprinter məsafələrində bəzi rekordlar yenilənir. Avropada 100 metrdən az məsafəyə qaçan ikinci ağdərili atlet mənəm. Hər kəs Bolt kimi idmançı görmək istəyir. Çünki o, yarışdığı vaxt stadionlar tam dolurdu. Bütün mümkün titulları əldə etdiyi üçün karyerasını başa vurdu. Atletikada ən yüksək rekord və medallara nail olub. Bir başqası onun rekordunu yeniləsə, bəlkə idmana qayıda bilər. Kim bilir, bəlkə də onun rekordunu mən qıracağam. Hazırkı hədəfim isə Avropa rekordunu yeniləməkdir".
Dünya çempionu vətəndaşlığını dəyişdirməsi səbəbindən Türkiyə yığmasında çıxış edə bilmədiyi 2011 - 2014-cü illərdə çətin dövrlərindən də danışıb. Lakin onun fikrincə, hazırkı səviyyəyə çatmasında yaşadığı problemlərin də rolu olub: "Mən çətin həyat yaşadım. Ölkə dəyişdirmiş, zədələlərlə üzləşdim. ABŞ-da doğulub, Maykl Conson kimi məşqçi ilə çalışsaydım, bilmirəm daha yaxşı olardı, ya yox. Amma hər halda bu gün burada olmağım üçün o yolu keçmək lazım idi. Çünki başqa yol keçsəydim, başqa yolda olardım. Əvvəllər kompüterlə məşğul olmuşam. Bəlkə yenə onunla məşğul olardım. Amma hazırda buradayam".
Quliyev karyerasını bitirdikdən sonra Türkiyə dövlətinin dəstəyi ilə Olimpiya Litseyi açmaq istədiyini də diqqətə çatdırıb: "Litseyin özəl olmamasını istəyirəm. Mən də bu cür təhsil almışam. Azərbaycanda idmançıların 85 faizi idman litseylərindən çıxır. Bir çox başqa ölkədə də belə məktəblər var. Bizdə də bir idman mərkəzinin olması lazımdır. Beləliklə, bu, idmançıların inkişafına böyük təsir göstərir. Özüm hazırda Kütahya Dumlıpınar Universitetində təhsil alıram. Dərslərin yaxşı keçir, amma universitetə çox gedə bilmirəm. Bu, məşqlərimlə əlaqədardır. Mənim üçün xaricdə medal qazanmaq daha önəmlidir".
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Avropa çempionatı isə 6-12 avqustda keçiriləcək.
banner

Oxşar Xəbərlər