Ramazanda düzgün qidalanmağın yolları
Artıq
iki gündür ki, on bir ayın sultanı müqəddəs Ramazan ayı başlayıb. Bu ay insanın
həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq. Bəziləri
düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu
ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə
sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Bir ay boyunca tutulan oruclar
insan sağlamlığında çox böyük əhəmiyyətə malikdir.
Hələ qədim zamanlardan başlayaraq günümüzədək oruc insan sağlamlığını
möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi
nəzərdə tutulub. İslamdan çox əvvəllər də alimlər müəyyən müddət ac qalmağı,
yəni oruc tutmağı tövsiyə ediblər. Elə müasir dövrdə də oruc vasitəsilə bir çox
xəstəliklərə əlac tapmaq mümkün olur. Bu gün həkimlər, həmçinin diyetoloqlar da
təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati
əhəmiyyət kəsb edir. Həkim-qastroenteroloqların sözlərinə görə, oruc tutmaq
faydalıdır, insan orqanizminə xeyirlidir. İnsan qidalanarkən, nəfəs alarkən həm
də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc
tutmaqla kənarlaşdırmaq mümkündür. Oruc tutarkən isə mədə, bağırsaqlar,
qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə
həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha
yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud
zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin
elə bir üzvü yoxdur ki, oruc tutmağın müsbət təsirinə məruz qalmasın.
Lakin Ramazan ayında uzun müddət ac qalmaq
özü ilə müxtəlif mədə problemləri də gətirə bilər. Belə ki, aclıq müddətinin
uzun olması mədədən ifraz olunan turşunun miqdarının da artmasına səbəb olur.
Bu vəziyyət qastriti olanların mədəsində yanma, qazınma, ağrı kimi şikayətlərin
ortaya çıxmasına, xorası olan xəstələrdə isə qanamaya yol aça bilər. Ona görə
orucluqda mədə problemlərinin qarşısını almaq üçün kafi və balanslı qidalanmaya
diqqət yetirilməlidir. Qidalanma oruc tutulan günlər imsakda və iftarda iki ana
yeməyi, iftardan sonra isə 1-1,5 saat fasilələrlə iki ara yeməyi şəklində
olmalıdır.
Bəziləri
oruc tutan zaman necə düzgün qidalanmalı olduqlarını bilmir. Belə ki, bu ay
ərzində yemək-içməyimizə xüsusi diqqətlə etməliyik. Digər günlərdən fərqli
olaraq oruc tutduğumuz günlərdə rejimlə qidalanmalı, xüsusi ərzaqlardan istifadə
etməliyik. Bir qisim insanlar oruc tutduğu zaman çəkilərində dəyişikliyin olmağından
şikayətlənir. Hətta bəziləri gün ərzində qidalanmasalar belə, çəkilərinin
artdığını deyir. Buna görə də diyetoloqla həmsöhbət olub Ramazan ayında necə
düzgün qidalanmalı olduğumuzu öyrənməyə çalışdıq.
Həkim-diyetoloq
Tutu Zeynalova qeyd edir ki, bəzi insanlar səhər yeməyinə
qalxmır. Bu isə çox yanlışdır: "Səhər yeməyini yeməməklə insanlar
orqanizmlərini stressə salmış olurlar. Təbii ki, ən önəmli məqamlardan biri də
səhər yeməyində bol su içməkdir. Çünki gün ərzində su qəbul etməyəcəyimizə görə
səhər yeməyində bacardığımız qədər çoxlu su içməliyik. Yuxudan duran kimi iki
stəkan su içilməsi məsləhət görülür. Yeməyə gəlincə isə, daha çox proteinlə
zəngin qidalara üstünlük verməliyik. Misal üçün, tərkibində yumurta olan bir
yemək yeyə bilərsiniz. Fərq etməz, yumurtanı istər qaynadılmış, istərsə də
yağda bişirilmiş şəkildə qəbul edə bilərsiniz. Digər proteinlə zəngin
qidalarımıza isə, süzmə və kəsmiyi misal çəkə bilərik. Bundan başqa, bizi uzun
müddət tox tutması, mədə-bağırsaq problemlərinin qarşısını alması üçün qoz
əvəzedilməz qidadır. Həmçinin tərəvəzlərdən pomidor-xiyardan istifadə
arzuolunandır. Çay isə hər kəsin öz zövqünə, damaq dadına qalıb. Kilonu
nəzarətdə saxlamaq üçün kəpəkli və ya çovdar çörəyini seçmək daha yaxşıdır.
Meyvələrdən isə sululuğu yüksək olanlara üstünlük verilməsi məsləhətdir. Səhər
yeməyində zeytun tövsiyə olunmur. Çünki gün ərzində insanın suya olan
ehtiyacını artırır”.
Diyetoloq uzun müddətli aclıqdan sonra iftarı
bir stəkan su ilə açmağı tövsiyə edir: "Yaxşı olar ki, iftarımızı bir stəkan su
və duzluluğu az olan zeytunla açaq. Və uzun müddətli aclıqdan sonra mədəmiz
yüklənməsin deyə 5-10 dəqiqəlik fasilədən sonra bir çömçə şorba içilməlidir. Təxminən
20 dəqiqə sonra əsas yeməyə keçə bilərsiniz. Əsas yeməkdə isə ət, balıq
məhsullarından dada bilərik. Çörək isə şəxsin istəyindən asılı olaraq dəyişir.
Miqdarı aşmamaq şərti ilə çörək yemək olar. Təbii ki, menyuda tərəvəzlər də
olmalıdır. Yeməkləri bişirərkən xüsusi diqqət yetirməli olduğumuz məqam isə
onların çox duzlu və yağlı olmamasıdır. Soyutma və buğlama yeməkləri tərcih
olunandır. Yeməkdən sonra uzanmağı və ya televizor önünə keçib oturmağı tövsiyə
etmirəm. Yaxşı olardı ki, orta templi yarım saatlıq yürüşlər edəsiniz. Yürüşdən
sonra isə çay süfrəsinə keçid ala bilərsiniz. Çay süfrəsində də aşırı dərəcədə
şirin, xəmir şirniyyatlarını seçməyin. Çayı isə yeməkdən ən az bir saat sonra
içmək məsləhətdir. Və əvvəldə də qeyd etdiyim kimi, çoxlu su içilməlidir”.
Günel Azadə