• çərşənbə axşamı, 23 aprel, 23:37
  • Baku Bakı 20°C

Ramanada xətt də var, qaz da, amma...

15.10.14 11:07 3614
Ramanada xətt də var, qaz da, amma...
Sabunçu rayonu Ramana qəsəbəsi, II Ramana sahəsinin bir qrup sakini adından Elxan Namazov bu günlərdə qəzetimizə müraciət edərək, yaşadıqları ərazidə fərdi mənzillərə qazın verilmədiyini bildirdi. Qeyd etdi ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən II Ramana sahəsində yeni qaz xətləri inşa edilərkən, onların da məhəlləsindəki küçələrə qaz xətti çəkilib. İki ilə yaxındır hər bir evin qarşısından qaz xətti keçir. Lakin buna baxmayaraq, fərdi mənzillər nə sayğacla təmin edilir, nə də onlara qaz verilir. Vətəndaşlar bununla bağlı “Azəriqaz”a, Sabunçu rayon icra hakimiyyətinə və Sabunçu qaz istismar sahəsinə bir neçə dəfə şikayətə getsələr də, problem bu günə kimi həllini tapmayıb. E.Namazov vəziyyətlə daha yaxından tanış olmaq üçün bizi II Ramana sahəsinə, yaşadığı ünvana dəvət etdi. Biz də hadisəni ətraflı araşdırmaq məqsədilə şikayətçinin qeyd etdiyi ünvana yollandıq.
II Ramana sahəsində bizimlə həmsöhbət olan Akif Həsənov da yaşadıqları əraziyə xeyli müddətdir qaz xəttinin çəkildiyini dedi. Qəsəbə sakini o zaman bu hadisədən hər kəsin sevinc hissi keçirdiyini dilə gətirərək, sonradan qaz xətti çəkənlərin işlərini yarımçıq qoyduqlarını, bununla da mənzillərə qaz verilişinin yubandığını vurğuladı: “Boru xətləri çəkiləndə fikirləşirdik ki, qışda qazla bağlı məişət qayğılarından birdəfəlik canımız qurtaracaq. Amma necə deyərlər, arzumuz gözümüzdə qaldı. Düz iki ildir ki, qaz xətlərinə baxa-baxa qalmışıq. Qısası, mənzillərə qaz verilmir. Burdakı qonşularla birlikdə dəfələrlə “Azəriqaz”da, Sabunçu rayon icra hakimiyyətində və qaz istismar sahəsində olmuşuq. Amma bu, vəziyyətimizi yenə də müsbətə doğru dəyişməyib. Rayon qaz istismar sahəsindən bizə deyirlər ki, Ramana qəsəbəsində salınan “Şuşa şəhərciyi”ndən II Ramana sahəsinə çəkilən qaz boru xətti 90-lıqdır. Bu isə oradakı əhalinin qaz tələbatını tam ödəyəcək səviyyədə deyil. Sahə işçiləri bildirirlər ki, həmin xətt dəyişilərək, 159-luq boru ilə əvəzlənməlidir. Ancaq “Azəriqaz”ın keçirdiyi tenderi udan və burada qaz xətti çəkənlər “vəsaitimiz yoxdur” deyib, bu işi görmürlər. Nəticədə də yüzlərlə sakin əziyyət çəkir. Qarşıdan soyuq qış ayları gəlir. Bir Allah bilir ki, biz bu aylarda evlərimizi qızdırmaq üçün nə qədər əziyyət çəkir, nə qədər pul xərcləyirik. Bundan başqa, soyuqdan uşaqlarımız, özümüz də tez-tez xəstələnirik. Məcbur olub əldə etdiyimiz 3-5 manat pulu da iynə-dərmana xərcləməli oluruq. Qaz xətti çəkilişinə məsul olan adamların isə belə vəziyyət ümumiyyətlə veclərinə deyil. Hər dəfə müxtəlif bəhanələrlə problemin həllini yubadırlar”.
Digər qəsəbə sakini İlqar Əsgərov da qonşusunun sözlərini təsdiqləyərək, iki ildir ərazidəki mənzillərə qaz boru xəttinin tam çəkilmədiyini, qaz verilmədiyini söylədi. O, yaşadıqları ərazinin Abşeron rayonuna tabe olduğunu, burada inzibati və kommunal xərclərə nəzarəti isə Sabunçu rayon icra hakimiyyətinin həyata keçirdiyini bildirdi: “Bura vaxtilə Abşeron rayonu Mehdiabad südçülük sovxozunun ərazisi olub. Torpaq indi də Abşeronun tərkibində olsa da buraya nəzarəti Sabunçu rayon icra hakimiyyəti edir. Ona görə biz də Sabunçu rayon icra hakimiyyətinə şikayətə getmişik. Etdiyimiz şikayətlərdən sonra yaranan problemi aradan qaldırmaq əvəzinə, rayon qaz istismar sahəsinin əməkdaşları günün-günorta vaxtı gəlib bir qədər aşağı hissədən borunun xeyli hissəsini kəsib aparıblar. Sabunçu qaz istismar sahəsi bizə deyir ki, bütün xətlər tam çəkilib qurtarandan, sınaq işləri başa çatandan sonra sizə qaz verəcəyik. Amma özləri qaz xəttini çəkib sona çatdırmırlar. Bu, azmış kimi, üstəlik, çəkilən qaz boru xəttini sonradan gəlib kəsib harasa aparırlar. Bax, belə məsələlər üzündən indiyə kimi evlərə qazın verilişi yubanır”.
Qəsəbədə Bilman Həsənov, Abbas Mehdiyev və digər sakinlər də qonşularının dilə gətirdikləri narazılıqları ifadə etdilər. Sözügedən problemi araşdırmaq məqsədilə sakinlərin adlarını çəkdiyi müvafiq dövlət qurumlarının mövqeyini də öyrənməyə cəhd etdik. İlk öncə Sabunçu Qaz İstismar Sahəsinin (012) 425-43-32 əlaqə telefonuna zəng vurub, sahə rəisinin, yaxud da onun məsul işçilərindən birinin bu problemə dair mövqeyini öyrənmək, vətəndaşların suallarına cavab tapmaq istədik. Amma nəinki sualımıza cavab tapa bildik, gün ərzində rəisi, onun işçilərini də yerində tapa bilmədik. Telefonu cavablandıran Gülnaz Hacıyeva hər kəsin sahədə olduğunu bildirib, bizi başından etmək üçün Ramana qəsəbəsinin sahə rəisi Daşdəmir Qocayevin əlaqə telefon nömrəsini verdi, onunla danışmağımızı məsləhət gördü. D.Qocayev isə yalnız abonentlərə xidmət göstərdiyini, qaz çəkilişi ilə bağlı məsələlərə cavabdeh olmadığını bildirdi.
Belə vəziyyətdə məcbur qalıb Sabunçu rayon icra hakimiyyətinin saytında yerləşdirilmiş telefon nömrələri vasitəsilə informasiya təminatı və təhlil sektoru, ictimai-siyasi, humanitar məsələlər və rayon təsərrüfatı şöbələrinin əməkdaşları ilə ünsiyyətdə olduq. Dəstəyi götürənlər, - “Bizim səlahiyyətimizə aid olan məsələ deyil”, “Qaz istismar sahəsi ilə danışın”, yaxud “Qaz çəkilişi ilə bağlı suallara biz cavab verə bilmərik” – deyib, suallarımızdan yayındılar. Məsələyə aydınlıq gətirmək, işimizi bir qədər asanlaşdırmaq üçün onlardan xahiş etdik ki, bizi rayon icra hakimiyyətində ictimaiyyətlə, mətbuatla əlaqələr üzrə məsul şəxslə əlaqələndirsinlər. Məlum oldu ki, Sabunçu rayon icra hakimiyyətində belə bir şəxs ümumiyyətlə yoxdur. Ən nəhayət, icra hakimiyyətinin qəbul şöbəsindəki polislə əlaqə saxladıq və onun köməkliyi ilə Ramana qəsəbə nümayəndəsinin telefon nömrəsini öyrəndik. Qəsəbə nümayəndəsi Əlican Xəlilov ərazidəki problemlə tanış olduğunu bildirdi. O, yerli qaz istismar sahəsi əməkdaşlarına istinadən dedi ki, cari ilin sonuna kimi oradakı mənzillərə qazın veriləcəyi gözlənilir: “Həmin əraziyə magistral xətt çəkilib, amma ara məhəllələrdə bu iş sona çatdırılmayıb. Rayon qaz istismar sahəsindən bununla bağlı mənə deyiblər ki, maliyyə vəsaiti olmadığından hələlik işlər dayandırılıb. Onu da əlavə ediblər ki, cari ilin sonuna kimi həmin əraziyə qaz veriləcək. Biz də gözləyirik”.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev isə sözügedən problemlə bağlı “Kaspi”yə açıqlamasında söylədi ki, Sabunçu rayonu Ramana qəsəbəsi, II Ramana sahəsində təxminən 900 metr uzunluğunda daşıyıcı xətt çəkilməli, əlavə olaraq mövcud xətlər istismara verilməlidir. Onun sözlərinə görə, “Azəriqaz” İB-nin sifarişi ilə tikintisi tamamlanmamış küçə qaz xətlərinin istismara verilməsi, həmin küçə qaz xətlərinə bitişik yaşayış olan və tam şəkildə tikilmiş fərdi evlərin qazlaşdırılması təmsil etdiyi qurum tərəfindən həyata keçiriləcəkdir: “Bu işlər hamısı proqramla həyata keçirilir. Bu məsələ 2014-15-ci illərin qazlaşdırma planına daxildir. Ümumiyyətlə xətt olmayan ərazilərdə isə vəziyyət fərqlidir. Ramana qəsəbəsindəki problem də plana uyğun olaraq, ən geci, gələn il öz həllini tapacaq. Bundan başqa, xətt olmayan ərazilərdə tikintisi başa çatmış evlərin qazlaşdırılması vətəndaşların müraciəti əsasında və öz vəsaitləri hesabına podratçı şirkətlər tərəfindən aparılacaq. Vətəndaşlar xüsusi icazəsi olan podratçı təşkilatlar barədə məlumatı yerli qaz istismar sahələrindən ala bilərlər. O ki, qaldı qəsəbə sakinlərinin dediyi kimi, qaz boru xəttinin ötürücü gücünün zəifliyi və sair məsələlərə, hər bir yaşayış məntəqəsi qazlaşdırlanda bütün amillər nəzərə alınır. Mütəxəssislər araşdırır, layihələndirir, sonra qaz çəkilişi həyata keçirilir. Ümidvaram ki, bu sahədə də problem olmayacaq”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər