• cümə, 19 Aprel, 18:00
  • Baku Bakı 24°C

Radio aparıcısı Çiçək necə Şəhla Vakkas oldu? – Müsahibə

10.10.14 11:31 40864
Radio aparıcısı Çiçək necə Şəhla Vakkas oldu? – Müsahibə
“Gənclik qəzeti”nin bugünkü qonağı gənclərin sevərək dinlədiyi, şirin, məlahətli səsə malik, bir zamanlar Çiçək adı ilə tanan, Araz radiosunun baş redaktoru Şəhla Vakkasdır. Şəhlanın səsi 103.3 FM tezliyindən eşidilir. Bu gün radionu reytinqlərdə birinci yerə qaldıran da məhz onun kollektividir.
Hər kəs Şəhlanın şən, çılğın, bol enerjili biri olduğunu deyirdi. Onunla söhbət etdikdən sonra anladım ki, eşitdiklərim qədər də varmış. Müsahibimlə şirin söhbətdən doymaq mümkün olmasa da, onu ixtisarla sizə təqdim edirik.
“Etiraf edirəm”
- Hər kəsə maraqlıdır, “Xəzər” radio və televiziyasının siması olan Çiçək oradan nə üçün ayrıldı?
- Uzun müddətdir ki, “Xəzər” radiosunda çalışırdım. Sanki “Xəzər”in adı mənimlə bütünləşmişdi. Mən oradan ayrılandan sonra işdən çıxmağım haqqında hərə bir söz dedi. Elə televiziyanın müdiriyyəti ilə də görüşdükdə qeyd edirdi ki, hər kəs onlardan məni nə üçün işdən çıxardıqlarını soruşur. Köhnə kollektivimlə indi də münasibətlərimiz çox yaxşıdır. Mənim orada hörmət etdiyim insanlar var. Onlar mənə həmişə, hər mənada böyüklük ediblər. Mən onlara çox şey borcluyam. Bu gün sizin vasitənizlə açıq şəkildə söyləyirəm ki, “Xəzər”dən çıxmağım mənim öz günahım oldu. Bunu etiraf edirəm. Belə ki, iş yerimdən məni tətilə göndərdilər, həmin ərəfələr ikinci dəfə ana olmağa hazırlaşırdım. Sonra ana bətnində övladım tələf oldu. Bu da mənə çox pis təsir etdi. Sağ olsunlar, televiziya işçilərimiz mənə mənəvi dəstək oldular. Hətta məni Türkiyəyə də göndərdilər ki, gedim bir az bu depressiyadan çıxım. Mən də istirahətdən qayıtdıqda hər şey yaxşı idi. Ancaq işə başlayanda tələf olmuş övladıma görə yenidən depressiyaya düşdüm. Bir həftəlik heç kimin icazəsi olmadan telefonumu söndürdüm, özümə qapıldım. Sonra telefonu açdım, heç nə olmamış kimi işə gəldim. Müdir də məni əsl müdir kimi qarşıladı (gülür). Mənə bərk əsəbiləşdi və icazəsiz getdiyim üçün işdən çıxmaq ərizəmi yazdığını söylədi. Mən də heç nə demədən ərizəyə qol çəkdim və işdən ayrıldım. Ayrılandan sonra da köhnə kollektivim mənimlə hal-əhval tutub, ehtiyaclarımı soruşurlar. Əslində başqa yerə belə tez öyrəşəcəyimi düşünmürdüm. “Araz” FM-ə də çoxdan böyük sevgim vardı. Mən şeiri çox sevirəm. Sona xanım Vəliyevanın şeirlərini oxuyurdum, onun şeirlərinə bəstələnmiş mahnıları dinləyirdim. “Araz” FM-ə elə o vaxtdan simpatiyam var idi.
- Bəs indi necə, “Xəzər” radiosuna qayıdarsınızmı?
- Heç vaxt (gülür). Çünki buraya çox isinişmişəm. Bura mənə doğmadır. Bilirsiniz ki, mən “Xəzər”də böyümüşəm, ancaq elə hiss edirəm ki, elə burada böyümüşəm. Köhnə kollektivim ilə münasibətlərim yaxşıdır, heç pozulmayacaq da. Mən oradan ayrılandan sonra demək olar ki, bütün kanallardan mənə işləmək üçün təklif gəldi.
- Qeyd etdiniz ki, bir həftə telefonunuzu söndürüb heç kimə xəbər vermədən yox oldunuz. İndi siz baş redaktorsunuz. İşçilərinizdən kimsə belə hərəkət etsə, sizin reaksiyanız necə olardı?
- Öldürərəm onu (gülürük). İndi mən keçmiş müdirimi daha yaxşı anlayıram. Əvvəl düşünürdüm ki, müdir işçilərini anlamır. Deyirdim ki, nə olsun bir həftə gəlməmişəm. Mən də insanam. Ancaq indi o məsuliyyəti hiss edirəm. “Araz” FM-də çalışan kollektivi isə öz övladlarım hesab edirəm. Onlardan kimsə bir həftə işə gəlməzsə, ən çox onun özü üçün narahat olaram ki, bəlkə nəyəsə ehtiyacı var, vəziyyəti necədir.
Aparıcı sərbəst olmalıdır
- Siz aparıcılıqdan baş redaktorluğa gəldiniz. Bu, sizin aparıcı kimi sərbəstliyinizi əlinizdən almadı ki?
- Bu vəzifə bircə səhər yuxularımı əlimdən aldı (gülür). Səhər tezdən oyanmağı sevmirəm. Gec oyansam da çox məsuliyyətli insanam. Buna görə belə işlərdən qaçmışam. Bilirdim ki, ya mən bu işi adam kimi görəcəm, ya da heç görməyəcəm. Mənə sərf edirdi ki, bu işi heç görməyim. Ona görə də aparıcı olanda daha sərbəst idim. Efirimə yarım saat qalmış gəlirdim efirdə danışıb-gülüb, gedirdim. Əslində burada da belədir. Efirə girdimsə, kollektivə deyirəm ki, mənə heç bir problemdən danışmayın, artıq mən aparıcıyam. Heç kim gəlib efir vaxtımda mənə heç nə deməsin. Deyirəm ki, icazə verin 2 saat efirdə sultan olum. Burada aparıcılara qarışmıram və heç kimin də qarışmağına icazə vermirəm. Aparıcı sərbəst olmalıdır. Burada işləməyimi qəbul etməyimin səbəbi buradakı insanlara sonsuz sevgim və musiqini yaxşı bilməyim oldu. Mənim üçün vazkeçilməz bir şey var, o da radio aparıcılığıdır. Hətta mən televiziya aparıcılığına nifrət edirəm. Xəzər televiziyasında 1 ilə yaxın bunun üçün mübarizə aparmışam. O verilişi həmişə yarımçıq qoymaq istəməmişəm. Çünki mən televiziyanı sevmirəm. Həftədə bir dəfə nəsə edərəm amma hər gün nəsə edə bilmərəm. Radioda bütün neqativlərdən qurtuluram. İnsanlarla ünsiyyət qururam, işimdən enerji alıram. Radioda səmimiyyət var. Televiziyada elə bilirəm ki, səmimiyyət azalır.
- Baş redaktorluğa keçəndən yəqin ki, dostlarınızın da sayı çoxalar.
- Mənim üçün iş işdir, dostluq dostluqdur. Bunları heç vaxt bir-birinə qatmamışam. Dostluqdan istifadə etməmişəm. Dostluqdan işdə istifadə etmək artıq qeyri-peşəkarlıqdır. O səni batırar, uçuruma gedərsən. İndi inkişaf edə bilməyən insanlar deyirlər ki, qabağa gedə bilmirəm, dayağım yoxdur. Bu, ağ yalandır. Çünki mən indi belə reytinqlərdə birinciyəmsə, birinci Allahın sayəsində, ikinci insanların sevgisi, üçüncü həmişə zəhmətlə çalışdığım üçündür. İnsan zəhmət çəkirsə, bəhrəsini mütləq görür. Bir qapını beş dəfə döyəndə altıncı dəfə Allah o qapını sənin üçün açacaq.
Bizim işimiz vəfasızdır. Çünki daim yeniliklərlə gündəmdə olmalısan. Ancaq mən aylarla efirdən uzaq olsam da məni soruşublar. İnsan öz tamaşaçısını sevməlidir. İnsan səmimi olmalıdır. Tamaşaçını aldatmaq olmur, onlar hər şeyi görür. “Yola ver getsin” deyən aparıcıları da insanlar yola verir.
“Araz” FM reytinqlərdə birincidir
- Siz radionun şirin səsli Çiçəyi kimi məşhur idiniz. “Araz Fm”-ə gəldikdə isə ilk növbədə adınızı dəyişdiniz. Buna səbəb nə idi?
- Əslində bu Səxavət Nurun ideyası idi. O, mənə tamamilə dəyişməyimi məsləhət gördü. İstədi ki, efirə tamam başqa adla çıxım. Mənim üçün də bunun heç bir fərqi yox idi. Məşhurluq mənə o qədər də önəmli deyil. Əgər mən əziyyətlə Çiçək kimi tanınmışamsa, Şəhla Vakkas adı ilə də tanına bilərəm. Heç bir əziyyətdən və zəhmətdən də qorxmuram. Ancaq görürəm ki, istənilən halda dinləyicilər Çiçəyi sevir. Bu həqiqətdir.
- Yaxşı radio aparıcı olmaq üçün insandan nələr tələb olunur. Bu sənətə gəlmək istəyən gənclərimizə nələri örnək verərdiniz?
- İlk növbədə aparıcı öz işini sevməlidir. İndi hamı istəyir ki, aparıcı olsun. Onlara başqa yerdən daha çox pul təklif edəndə oraya qaçır və bilirəm ki, bu sevgi deyil. Keçici bir hissdir və insanlar da onu keçici olaraq qəbul edəcəklər. İkinci, insanlara qarşı səmimiyyət olmalıdır. Radio aparıcısı öz dinləyicisini sevməlidir. Üçüncüsü, aparıcının istedadı olmalıdır. Gənclərə məsləhətim odur ki, iş yerlərini çox dəyişməsinlər. Bu, hətta pulun xətrinə belə olsa. Çünki bir yerdə uzun müddət işləyən aparıcı daha güvənilir olur. Deyirlər ki, 10 ildir bir yerdə işləyirsə, deməli o yaxşı işçidir ki, uzun müddət orada çalışıb. Bu onlara üstünlük gətirir.
- “Araz FM”-ə gəldiniz, kollektivlə tez zamanda dil tapdınız. Burada nələri dəyişdiniz?
- Mən elə də böyük bir dəyişikliyə səbəb olduğumu düşünmürəm. Hər zaman düşünmüşəm ki, radionun müdirə ehtiyacı yoxdur. Sözümün üstündə də dururam. Çünki radio aparıcı və musiqidən ibarətdir. Rəhbər sadəcə radioda aparıcını bir az yönləndirməyə və gün boyu gedən musiqi seçimində lazımdır. Mən aparıcıların zövqünə elə də qarışmıram. Səxavət yetərincə radionu istənilən səviyyəyə gətirmişdi. Mənim adım çəkiləndə sponsorların və şirkətlərin daha çox marağı olur. Sponsorlar təqdimat məsələsində mənə çox güvənirlər. Çünki mən biləndə ki, sponsor nəyəsə pul ayırır, onları da düşünürəm. Ona görə onları yaxşı reklam edirəm. Halallığı sevirəm. Sponsorlar da bunu bilir. Ona görə bir az artım onda olub ki, şirkətlər daha çox cəlb olunublar, bəlkə bu qız bizə reklam-anons məsələlərində kömək edər, deyə. Köklü dəyişikliklər yoxdur.
- Hazırda radiolarımızda şou proqramlara daha çox üstünlük verilir. Buna münasibətiniz necədir?
- Şou proqramlar radiolarda üstünlük təşkil edir, bu faktdır. Bu gün ədəbi bir veriliş etsəm, əminəm hətta milyard faiz əminliklə deyirəm ki, bütün şou verilişlərini keçərəm. Bizdə şou verilişləri olmalıdır, amma sərhədi aşmamaq şərti ilə. Biz ya o verilişləri həddindən artıq sıxıcı edirik, ya da heç edə bilmirik. Haradasa biz gənclərin də damarını tutmağı bacarmalıyıq. İndi “Araz” FM reytinqlərdə birincidir. Axsam saatında “Raio randevu” verilişi də birincidir.
- Bəlkə başlayasınız?
- Əslində belə bir layihə etmək fikrim var. Onu da “Kaspi global production”la həyata keçirməyi düşünürük. Bu, böyük bir layihə olacaq. Mənə bu həvəsi, istəyi verən Sona xanım Vəliyevanın şeirləri olub. Əgər o şeirlər mənim ürəyimə toxuna bilibsə, mənimlə bərabər gənclərin də ürəyinə yol tapa bilər. Bu işə başqa səmtdən yanaşmaq lazımdır. Onu da yaxşı bacaracağımı düşünürəm. Sona xanımın şeirləri bütün varlığı ilə məni cəzb edir ki, o layihəni həyata keçirim. O şeirlərdən ilham alıb bu layihəyə start verəcəyik.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər