• cümə, 19 Aprel, 12:28
  • Baku Bakı 25°C

Radikalların özünüxatırlatma və gündəmdə qalma cəhdi

19.11.18 19:05 2515
Radikalların özünüxatırlatma və gündəmdə qalma cəhdi
Azərbaycanda müxalifətin, xüsusən də bu düşərgənin radikal qanadının sosial bazası çoxdan tükənib. Məhz buna görədir ki, AXCP 25 ildir ölkədə keçirilən bütün seçkilərdə biabırçı şəkildə uduzur, xalqın etimadını, səsini qazana bilmir. Bu isə onların tamamilə unudulub birdəfəlik tarixin arxivinə atılmaq prosesini – gününü yaxınlaşdırır. Belə olan təqdirdə radikallar müxtəlif vasitələrə, o cümlədən qalmaqala, təxribata əl atır, ictimai asayişi pozacaq hərəkətlərə yol verir, yaxud əsassız ittihamlar səsləndirir, bu yolla gündəmdə qalmağa çalışırlar. Bu kontekstdə radikal müxalifətümummilli bayramları və tarixi günləri də öz varlığını yada salmaq üçün istismar edir. Ötən şənbə özünü Milli Şura adlandıran qurumda birləşmiş bir qrup radikalın Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərməsi də bu qəbildəndir. Hər kəsə məlumdur ki, siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət yerlərindən biridir.
Lakin Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin tərəfdarları tərəfindən Milli Dirçəliş günü ilə bağlı qanunsuz aksiya keçirilməsinə cəhdlər olub. Qanunsuz aksiya hər iki "lider” tərəfindən idarə olunub və aksiya iştirakçıları polislə toqquşmaya təhrik edilib. Bununla da aksiyanın siyasi məqsədlərə xidmət etdiyi, radikal müxalifətin cəmiyyətə öz varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəldiyi gün kimi aydın olub. Elə həmin gün hüquq-mühafizə orqanları qeyri-qanuni aksiyanın qarşısını alıb və dağıdıcı qruplara Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi spekulyasiya və şou meydanına çevirməyə imkan verilməyib. Aksiyanın təşkilatçıları saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin bu hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Saxlanılanlardan 3 nəfər 20 sutka müddətinə inzibati qaydada həbs edilib. Cərimələnənlər arasında AXCP sədri Ə.Kərimli də olub.

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu bildirib ki, bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur. O qeyd edib ki, məhz buna görə də Milli Şura adlanan qurum və AXCP-nin Milli Dirçəliş günü ilə bağlı keçirmək istədiyi aksiya uğursuz alınıb və baş tutmayıb. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir: "Aksiya Milli Dirçəliş günü deyil, radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma məqsədləri üçün təşkil edildiyindən əsla dəstək görmədi. Marginal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı radikalların siyasi spekuliyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipulyasiya etmək mümkün deyil”.

Millət vəkili Musa Quliyev də hesab edir ki, Şəhidlər Xiyabanından çirkin məqsədlər üçün istifadə edilməsi heç bir mənəviyyata sığmır. O, Azərbaycan müxalifətinin hər zaman dağıdıcılıq mövqeyində dayandığını dilə gətirib. Bildirib ki, onların niyyətləri sabitliyi pozmaq, ara qarışdırmaq olub: "Təbii ki, buna nail ola bilməyəcəklər. Azərbaycan xalqı dövlətinin və Prezidentinin yanındadır. Amma məni düşündürən başqa məqam odur ki, onlar şəhidlərin ruhundan utanmalıdırlar. Şəhidlər Xiyabanından öz çirkin məqsədləri üçün istifadə etmək heç bir mənəviyyata sığınan bir şey deyil. Müxalifətin də belə bir qanunsuz aksiyanı keçirməsi, yürüş mitinqi təşkil etməsi və onu Şəhidlər Xiyabanı ilə bağlaması heç bir mənəviyyata, partiya əxlaqına sığmır. Bu mənada mən onların hərəkətini pisləyirəm. Hesab edirəm ki, Azərbaycanda demokratiya var, hüququn aliliyi təmin olunub, insanların hüquq və azadlıqları qorunur, o cümlədən də insanların mitinq, tətil, söz azadlığı hüququ da var. Təbii ki, bunların hamısı qanun çərçivəsində həyata keçirilməlidir. Bunlar hər hansı bir tədbir həyata keçirirlərsə müvafiq icra hakimiyyət orqanına müraciət etməlidirlər və tədbirləri razılaşdırmalıdırlar. Hökumət də onların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməlidir. Dəfələrlə belə normal aksiyalar keçirilib və onu da biz normal qarşılayırıq. 17 noyabr Milli Dirçəliş Günü adı ilə guya şəhidləri yad edib ehtiram bildirilməsi əslində şəhidlərə ən böyük hörmətsizlikdir. Hesab edirəm ki, onlara qarşı bundan sonra da daha ciddi tədbirlər görülməlidir”.

Sonda bir daha qeyd edək ki, həm aksiyadan sonra radikallar tərəfindən sosial şəbəkələrdə başladılan böyük kampaniya, polis idarəsinə yürüş etmək barədə çağırışlar, həm də məhkəmənin qərarından sonra müxalif fəalların əsassız mülahizələri bu qanunsuz aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü bir daha təsdiqləyib. Ona görə də hüquq-mühafizə orqanları bu aksiyanın qarşısını zamanında alıb. Polis öz vəzifəsini icra edərkən qanunun tələblərinə əməl edib, aksiya iştirakçılarına qarşı hər hansı zorakılıq halı törədilməyib. Bir məqamı da vurğulamaq yerinə düşər ki, dünyanın hər bir ölkəsində qanunsuz aksiyaların qarşısı alınır.
Müqayisə üçün bildirək ki, noyabrın 17-də yüzlərlə insan Londonun mərkəzində toplaşaraq şəhərin əsas körpülərini blok edib. Beş körpünün "blok olunması” səbəbilə təcili yardım maşınlarının Londonda hərəkət etmələrinin qarşısı alınıb. Aksiyadan sonra təxminən 25 nəfər etirazçı həbs edilib. 17-18 noyabr tarixində Fransada da "Sarı jiletlilər”in etiraz aksiyası keçirilib.
Aksiyanın qarşısı alınan zaman 400-dən artıq şəxs yaralanıb ki, onlardan 20-yə yaxınının vəziyyətinin ağır olması barədə xəbərlər yayılıb. Xəsarət alanlardan 28-nin polis, jandarm və təcili yardım əməkdaşları olduğu bildirilib. Bundan başqa, noyabrın 18-də Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər. Tələbələrin nümayişinə polis müdaxilə edib. Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı saxlanılıb.Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər