Radikalların özünüxatırlatma və gündəmdə qalma cəhdi
Azərbaycanda müxalifətin,
xüsusən də bu düşərgənin radikal qanadının sosial bazası çoxdan tükənib. Məhz
buna görədir ki, AXCP 25 ildir ölkədə keçirilən bütün seçkilərdə biabırçı
şəkildə uduzur, xalqın etimadını, səsini qazana bilmir. Bu isə onların tamamilə
unudulub birdəfəlik tarixin arxivinə atılmaq prosesini – gününü yaxınlaşdırır.
Belə olan təqdirdə radikallar müxtəlif vasitələrə, o cümlədən qalmaqala,
təxribata əl atır, ictimai asayişi pozacaq hərəkətlərə yol verir, yaxud əsassız
ittihamlar səsləndirir, bu yolla gündəmdə qalmağa çalışırlar. Bu kontekstdə
radikal müxalifətümummilli bayramları və tarixi günləri də öz varlığını
yada salmaq üçün istismar edir. Ötən şənbə özünü Milli Şura adlandıran qurumda
birləşmiş bir qrup radikalın Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya
keçirməyə cəhd göstərməsi də bu qəbildəndir. Hər kəsə məlumdur ki, siyasi
protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz
aksiyaları keçirmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm
siyasi protokollar üçün məkandır, həm də Azərbaycan tarixini çox mühüm ziyarət
yerlərindən biridir.
Lakin Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli
Kərimlinin tərəfdarları tərəfindən Milli Dirçəliş günü ilə bağlı qanunsuz
aksiya keçirilməsinə cəhdlər olub. Qanunsuz aksiya hər iki "lider” tərəfindən
idarə olunub və aksiya iştirakçıları polislə toqquşmaya təhrik edilib. Bununla
da aksiyanın siyasi məqsədlərə xidmət etdiyi, radikal müxalifətin cəmiyyətə öz
varlığını göstərmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə
qarşı yeni ittiham hədəfləri əldə etmək niyyətindən irəli gəldiyi gün kimi aydın
olub. Elə həmin gün hüquq-mühafizə orqanları qeyri-qanuni aksiyanın qarşısını
alıb və dağıdıcı qruplara Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi
spekulyasiya və şou meydanına çevirməyə imkan verilməyib. Aksiyanın
təşkilatçıları saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıblar.
Bakı Şəhər Baş Polis
İdarəsinin bu hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, noyabrın 17-si
saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150
nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən
xəbərdarlıq edilmələrinə baxmayaraq, siyasi məqsədlərlə paytaxtın Parlament
prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə
cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq
həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə
müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər
iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri
xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda
olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb. Faktla bağlı Səbail
Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci
maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar
baxılması üçün rayon məhkəməsinə göndərilib. Saxlanılanlardan 3 nəfər 20 sutka
müddətinə inzibati qaydada həbs edilib. Cərimələnənlər arasında AXCP sədri
Ə.Kərimli də olub.
Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu bildirib
ki, bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi
yoxdur. O qeyd edib ki, məhz buna görə də Milli Şura adlanan qurum və AXCP-nin
Milli Dirçəliş günü ilə bağlı keçirmək istədiyi aksiya uğursuz alınıb və baş
tutmayıb. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti kifayət qədər yetkindir və
milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən
heç bir sosial-siyasi aksiyanı dəstəkləmir: "Aksiya Milli Dirçəliş günü deyil,
radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma məqsədləri üçün təşkil
edildiyindən əsla dəstək görmədi. Marginal radikal qruplar əslində bu aksiya
vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham
hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların
qarşısını aldı və Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı radikalların
siyasi spekuliyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan
cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun
maraqlarını manipulyasiya etmək mümkün deyil”.
Millət
vəkili Musa Quliyev də hesab edir ki, Şəhidlər Xiyabanından çirkin
məqsədlər üçün istifadə edilməsi heç bir mənəviyyata sığmır. O, Azərbaycan
müxalifətinin hər zaman dağıdıcılıq mövqeyində dayandığını dilə gətirib. Bildirib
ki, onların niyyətləri sabitliyi pozmaq, ara qarışdırmaq olub: "Təbii ki, buna
nail ola bilməyəcəklər. Azərbaycan xalqı dövlətinin və Prezidentinin
yanındadır. Amma məni düşündürən başqa məqam odur ki, onlar şəhidlərin ruhundan
utanmalıdırlar. Şəhidlər Xiyabanından öz çirkin məqsədləri üçün istifadə etmək
heç bir mənəviyyata sığınan bir şey deyil. Müxalifətin də belə bir qanunsuz
aksiyanı keçirməsi, yürüş mitinqi təşkil etməsi və onu Şəhidlər Xiyabanı ilə
bağlaması heç bir mənəviyyata, partiya əxlaqına sığmır. Bu mənada mən onların
hərəkətini pisləyirəm. Hesab edirəm ki, Azərbaycanda demokratiya var, hüququn
aliliyi təmin olunub, insanların hüquq və azadlıqları qorunur, o cümlədən də
insanların mitinq, tətil, söz azadlığı hüququ da var. Təbii ki, bunların hamısı
qanun çərçivəsində həyata keçirilməlidir. Bunlar hər hansı bir tədbir həyata
keçirirlərsə müvafiq icra hakimiyyət orqanına müraciət etməlidirlər və
tədbirləri razılaşdırmalıdırlar. Hökumət də onların təhlükəsizliyini təmin
etmək üçün müvafiq tədbirlər görməlidir. Dəfələrlə belə normal aksiyalar
keçirilib və onu da biz normal qarşılayırıq. 17 noyabr Milli Dirçəliş Günü adı
ilə guya şəhidləri yad edib ehtiram bildirilməsi əslində şəhidlərə ən böyük
hörmətsizlikdir. Hesab edirəm ki, onlara qarşı bundan sonra da daha ciddi
tədbirlər görülməlidir”.
Sonda bir daha qeyd edək
ki, həm aksiyadan sonra radikallar tərəfindən sosial şəbəkələrdə başladılan
böyük kampaniya, polis idarəsinə yürüş etmək barədə çağırışlar, həm də məhkəmənin
qərarından sonra müxalif fəalların əsassız mülahizələri bu qanunsuz aksiyanın
əvvəlcədən qarşıdurmaya getmək məqsədilə düşünüldüyünü bir daha təsdiqləyib.
Ona görə də hüquq-mühafizə orqanları bu aksiyanın qarşısını zamanında alıb.
Polis öz vəzifəsini icra edərkən qanunun tələblərinə əməl edib, aksiya
iştirakçılarına qarşı hər hansı zorakılıq halı törədilməyib. Bir məqamı da
vurğulamaq yerinə düşər ki, dünyanın hər bir ölkəsində qanunsuz aksiyaların
qarşısı alınır.
Müqayisə üçün bildirək ki, noyabrın 17-də yüzlərlə insan
Londonun mərkəzində toplaşaraq şəhərin əsas körpülərini blok edib. Beş körpünün
"blok olunması” səbəbilə təcili yardım maşınlarının Londonda hərəkət
etmələrinin qarşısı alınıb. Aksiyadan sonra təxminən 25 nəfər etirazçı həbs
edilib. 17-18 noyabr tarixində Fransada da "Sarı jiletlilər”in etiraz aksiyası
keçirilib.
Aksiyanın qarşısı alınan zaman 400-dən artıq şəxs yaralanıb ki,
onlardan 20-yə yaxınının vəziyyətinin ağır olması barədə xəbərlər yayılıb.
Xəsarət alanlardan 28-nin polis, jandarm və təcili yardım əməkdaşları olduğu
bildirilib. Bundan başqa, noyabrın 18-də Yunanıstanın Afina şəhərində
Politexnik İnstitutunun tələbələri etiraz aksiyası keçiriblər. Tələbələrin
nümayişinə polis müdaxilə edib. Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22
etirazçı saxlanılıb.Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr
üzrə cinayət işi açılıb.
Rufik
İSMAYILOV