• çərşənbə axşamı, 19 mart, 06:25
  • Baku Bakı 8°C

Radikalların ucuz təbliğat şousu

19.02.19 19:58 596
Radikalların ucuz təbliğat şousu
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Facebook” səhifəsində "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini yerləşdirib. Geniş ictimai marağa səbəb olan məqalədə qeyd olunub ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır. Professorun qənaətincə, belə olan halda onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Prezidentin köməkçisi bildirib ki, onlar sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmağa deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar. Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə, iddia etməyə başlayırlar ki, guya, Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir.


Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Hikmət Babaoğlu bildirib ki, hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institusional qurumlar yaratmaqla bunu milli məqsədlərə nail olmanın mexanizmi kimi müəyyənləşdirir. Deputat deyib ki, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir. Onun sözlərinə görə, bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşün daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünü prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır: "Ancaq hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və hər gün bir az daha çətinləşir .Çünki tarixin amansız mübarizəsində hər xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də qlobal aktorlar milli dövləti uzun və yorucu rəqabətdə taqətdən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edir. Məsələn ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirir”.

Millət vəkili bildirib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir: "Son aylarda müxalifətin fəallaşması da məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Əslində sağlam məntiq onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin. Ancaq bizdə bunun tərsi baş verir. Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Müxalifətçilik missiyası və Azərbaycanın maraqları” adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontekstində belə yanaşmanın səbəblərini çoxsaylı arqumentlərlə izah edir. Bəlli olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Doğrudan da Əli Kərimli və onun kimi xüsusi missiya yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox bizə qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər. Diqqət etsək görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqanclıqla yanaşan, xalqın yanında yox, əgər belə demək mümkündürsə, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial siyasi elektoratı olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Çünki milli maraqlarımız bunu tələb edir. Düşünürəm ki, bu kimi məqamları professor Əli Həsənov olduqca doğru analiz edərək, Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternativ siyasətin olmadığı qənaətinə gəlir. O, bu məsələdə tamamilə haqlıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev də qəzetimizə açıqlamasında deyib ki, Milli Şuranın, yaxud AXCP sədrinin Azərbaycanda hər hansı uğuru, həyata keçirilən layihəni və ya islahatları öz "əməyinin bəhrəsi” kimi qələmə verməsi yolverilməzdir: "Bunlar gedib Moskvada Volodinin başçılığı ilə bir Milli Şura yaradıb, qarşılarına da bəlli məqsədlər qoyublar. Məqsəd də Azərbaycanda dağıdıcılıq işi ilə məşğul olmaq idi. Bu şəxslər ölkədə həyata keçirilən islahatlara yalnız mane olmağa çalışıb, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün bəlli dairələrə donosçuluq edib, ölkəmiz barədə yanlış ictimai rəy formalaşdırmağa çalışıblar. Onlar dünyadakı beynəlxalq təsisatlarda Azərbaycan əleyhinə qərarlar qəbul olunması üçün yalan məlumatlar göndəriblər. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində indiyə qədər onlar bir dəfə də olsun məsələ qaldırmayıb, beynəlxalq strukturlara bununla bağlı hər hansı müraciət yollamayıblar. Onlar indiyə qədər beynəlxalq qurumlarda 1 milyondan artıq azərbaycanlının təzminat davasından da söhbət açmayıblar. Bu şəxslər Dağlıq Qarabağdan, Bütöv Azərbaycandan, Turandan, türk dünyası ilə bağlı görülən və görülməsi zəruri olan işlərdən danışmayıblar. Ona görə də indiki halda durub nəyi isə öz adlarına çıxmaları yolverilməzdir. Azərbaycanda islahatlar davamlı olub və indi də bu proses gedir. Azərbaycan Prezidenti İlham Əliyev konstruktiv müxalifətin parlamentə qaldırdığı məsələləri, ictimaiyyətdən daxil olan müraciətləri, təşəbbüsləri nəzərə alır və bu yöndə lazımi addımlar atır. Amma radikal, pozucu, destruktiv müxalifətin milli-dövlətçilik maraqlarına, xalqın mənafeyinə xidmət edəcək hər hansı təşəbbüsünü indiyə qədər görən olmayıb”.

Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa da hesab edir ki, radikalların davranışları, görülən işlərə, həyata keçirilən tədbirlərə "sahiblik” etmək istəməsi, onu öz "əməyi” kimi təqdim etməsi ucuz təbliğat cəhdidir. Deputatın sözlərinə görə, radikallar bununla demək istəyirlər ki, guya onlar təsiredici gücə sahibdirlər, fikirlərinə önəm verilir və sair: "Əsl reallıqda radikalların hər hansı gücü və ictimai rəyə təsiri yoxdur. Onların hər hansı fikri də hakimiyyət tərəfindən nəzərə alınmır. Azərbaycan Prezidenti ictimaiyyətin sağlam təkliflərini dərhal nəzərə alır və ona çevik münasibət bildirir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, elə bu gün imzalanan fərmanla çoxmənzilli binaların sənədləşməsinin asanlaşdırılması əyani misaldır. Milli Məclisin plenar iclaslarında bu mənzil məsələsini xüsusi olaraq qaldırmışdım. İctimaiyyətdən də ölkə başçısına bununla bağlı müraciətlərin olması istisna deyildi. Azərbaycan Prezidenti imzaladığı fərmanla bütün bunlara öz reaksiyasını verdi. Bu bir daha sübut edir ki, ölkə başçısı parlamentdə səsləndirilən fikirləri, ictimaiyyətdən gələn təşəbbüsləri nəzərə alır və buna dair qərar qəbul edir. Belə bir fonda radikalların hər hansı fikrinə, danışığına əhəmiyyət verən yoxdur. Ona görə də bunlar özlərinin "əhəmiyyətini” qaldırmaq üçün çabalayır, ucuz təbliğata əl atır, daha çox siyasi fikirlər səsləndirirlər. Ona görə də bu fikirlər effektli qarşılanmır. Azərbaycan Prezidenti ölkə vətəndaşının səmimi təşəbbüslərini, parlamentin fikirlərini nəzərə alır, cəmiyyətdən gələn çağırışları eşidir və buna görə də hərəkət edir. Radikalların bunu öz adına çıxması cəfəngiyyatdır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər