• cümə, 29 Mart, 18:13
  • Baku Bakı 14°C

Radikalların şirin marçıltısı

24.06.19 12:24 3048
Radikalların şirin marçıltısı
Dünyanın o biri başında - hansısa ölkədə siyasi dəyişiklik baş verir. Dünyanın bu biri başında – Azərbaycanda radikal müxalifət "vəzifəsi”ndə oturanlar cuşa gəlirlər: Bu hadisələr bizdə də olacaq.
Gün keçir, ay ötür, il tamamlanır, amma onların dedikləri olmur ki, olmur.
Dünyanın bu biri başında – Azərbaycana qonşu olan ölkədə siyasi dəyişiklik yaşanır. Yenə də cuşa gəlirlər: Mütləq, mütləq, biz də olmalıdır bu dəyişiklik. Ola bilməz ki, olmasın. Qonşuyuq axı.
Yenə də gün keçir, ay ötür, il tamamlanır, ancaq qonşuda olan "inqilab” Azərbaycanda baş vermir. Amma dayanmırlar "radikal müxalifət vəzifəsi”ndə oturanlar. Qulaqlarını sərhədlərdən o tərəf şəkləyir, gözlərini yollara dikirlər. Başqa-başqa ölkələrdə "inqilab” səs-sədası eşitmək üçün. Fərqi yoxdur, istəyir dünyanın o başında olsun, istəyirsə də bu başında.
Bu adamların analiz, təhlil qabiliyyətləri olsa, oturub düşünərlər, fikirləşərlər ki, dedikləri "inqilab”ın olması üçün hansı amillər vacibdir.
Bir ölkədə onların arzuladıqları "inqilab”ın olması üçün bəlli situasiyanın yetişməsi vacib olmalıdır axı. Ölkədə ağır iqtisadi-siyasi böhran yaşanmalıdır. Axı ölkə inkişaf yolunu tutubsa, inqilab niyə baş versin ki? Axı inkişaf edən o ölkənin vətəndaşları sağlam düşüncəyə sahibdirlər. Axı o ölkənin vətəndaşları "radikal müxalifət vəzifəsi”ndə deyillər. O vətəndaşlar evlərinə apardıqları çörəyi ölkədə süni gərginliyin, xaosun yaradılması üçün xaricdən gələn qrant pulu ilə almırlar.
O vətəndaşlar ölkənin inkişafı naminə səylə, vicdanla çalışırlar. Qurulanı daha da inkişaf etdirmək üçün. O vətəndaşlar sağlam düşüncə sahibidirlər, "ərəb baharı”nın, " narıncı inqilab”ların ölkələrə hansı "inkişafı” gətirdiyinin fərqindədirlər.
Öz ölkəsinin çörəyini yeyənlər öz ölkəsini qorumaqda, qoruyaraq da inkişaf etdirməkdə israrlıdırlar.
Amma xaricdən qrant alanlar üçün belə dəyər yoxdur. Onlar "inqilab” arzulayırlar. Harada "xaos küləyi” əsirsə, "mütləq burda da əsəcək” deyirlər.
Daha əlləri hər yerdən üzülüb. Çoxdandır, dünyanın nə o, nə də bu başında "külək” əsmir, nə "ərəb baharı” olur, nə də "narıncı inqilab”.
Amma bunlar ağızlarını şirin-şirin marçıldadırlar. Marçıldatmaq üçün hansısa ölkənin bir şəhərində keçirilən bələdiyyə seçkilərini də "çeynəyirlər”.
Türkiyənin İstanbul şəhərində bələdiyyə seçkiləri keçirilib. Müxalifətin nümayəndəsi qalib gəlib. Qalib gələn nümayəndə iqtidara əməkdaşlıq əlini uzadıb. İqtidar da onu təbrik edib, hər cür dəstək verəcəyini bildirib. Bizim radikallar isə belə sivil münasibətləri görməyərək, İstanbuldakı seçkini müxalifətin iqtidarı devirməsi kimi qəbul edirlər.
Azərbaycanda "radikal müxalifət vəzifəsi”ndə oturanlar ağızlarını marçıldadırlar – bu "külək” bizdə də əsəcək, ola bilməz ki, əsməsin, qonşuyuq axı” deyirlər.
Yenə də siyasi təhlil, analiz qabiliyyətlərinin olmadığı üzə çıxır. Yenə də ayranı şora qatırlar. Amma anlamırlar ki, bu külək onların arzuladığı "külək” deyil. Bu, inkişaf küləyidir, bu, sabitlik küləyidir. O külək də Azərbaycanda uzun müddətdir ki, əsir. O külək ölkəsinin rifahı üçün səylə, vicdanla çalışan hər bir vətəndaşa xoş ovqat bəxş edir. Siyasi təhlil, analiz qabiliyyətləri olsaydı, İmamoğlu nümunəsindən faydalanardılar. Başa düşərdilər ki, xaos arzusu ilə xalqın rəğbətini qazanmaq olmaz, inkişaf sorağında olmalısan bunun üçün. Başa düşərdilər ki, iqtidarın inkişaf naminə gördüyü hər biri işi qara rəngdə təqdim etmək olmaz. Başa düşərdilər ki, rəngləri seçməyi yaxşı bacaran xalq hər şeyi qara görənlərə, "qara məmləkət” arzunda olanlara dəstək verməyəcək. Anlasaydılar, başa düşsəydilər...
İstanbulda keçirilən bələdiyyə seçkilərindən sonra radikal müxalifətin ağzını şirin-şirin marçıldadaraq "o külək bizdə də əsəcək” deməsi adamın yadına bir lətifəni salır. Deməli, molla eşşəyin üstündə gedir, bərk də külək əsir. Molla xurcundakı qorğa götürüb ağzına qoymaq istəsə də, külək imkan vermir. Qorğa havaya uçur, amma molla da özünü o yerə qoymur, ağzını şirin-şirin marçıldadır.
Yolla keçən birisi bunu görüb molladan soruşur?
- Belə şirin-şirin nə yeyirsən?
Molla cavab verir:
- Külək belə əssə, heç nə.
Marçıldatmağa nə qadağa? Marçıldadın nə qədər istəyirsiniz. Özü də şirin-şirin. Amma bilin ki, külək belə əsdikcə, heç nə yeyə bilməyəcəksiniz. Elə yeyəcəyiniz "radikal müxalifət vəzifəsi” olacaq.
banner

Oxşar Xəbərlər