• cümə axşamı, 28 mart, 15:27
  • Baku Bakı 16°C

Radikalların səsi niyə batıb?

01.10.16 13:15 1146
Radikalların səsi niyə batıb?
Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində səs çoxluğu ilə qəbul olundu. Azərbaycan xalqı birmənalı olaraq, növbəti dəfə dövlət başçısını dəstəkləmiş oldu. Referendumu yaxından izləyən 53 min 531 yerli müşahidəçi, həmçinin 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi də prosesin seçici fəallığı şəraitində, şəffaf və ədalətli şəkildə keçməsini öz hesabatlarında qeyd etdilər. AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətləri, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri mətbuata açıqlamalarında Azərbaycan xalqının seçiminə, iradəsinə hörmətlə yanaşdıqlarını ifadə etdilər. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner də jurnalistlərə açıqlamasında bildirdi ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. MDBİcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrinin bu ölkənin xalqının real iradəsini əks etdirdiyini diqqətə çatdırdı. Bunun kimi çoxsaylı faktlar beynəlxalq aləmin, dünya dövlətlərinin Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşmasını, referendumun baş tutmasını bir daha ortaya qoydu.
Bütün bunların fonunda diqqət çəkən məqam radikal müxalifət təmsilçilərinin susqunluğudur. Halbuki, referendum təşəbbüsünün irəli sürülməsindən dərhal sonra onlar iki cüt, bir tək tərəfdarları ilə meydana atılaraq, Azərbaycan xalqının bu dəyişikliklərə qarşı olduğunu sübut etməyə çalışırdılar. Radikal cəbhədə toplaşan Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və tərəfdarları referendumun milli və dövlətçilik maraqlarına zidd olması barədə anti təbliğata başlamışdılar. Azərbaycanda sivil siyasi mübarizə aparmaq gücündə olmayan radikal müxalifət "ənənəvi” taktikaya üstünlük verərək, referendum öncəsi yenidən ölkə daxili vəziyyəti gərginləşdirməyə, daxili sabitliyi pozmağa cəhd edirdilər. Bu işdə onlara xarici ölkələrin Azərbaycandakı səfirliklərindən bir neçəsi də yardım göstərməkdə idi. Məhz xarici səfirliklərdə radikalların qapalı görüşündən, məsləhət-məşvərətlərdən, yardımlardan sonra əvvəlcə AXCP və Milli Şura, ardınca isə Müsavat Partiyası mitinq təyin etdi, əhalini siyasi hakimiyyətə qarşı çıxmağa, etiraz etməyə səslədilər. Aksiya ərəfəsində ABŞ səfirliyindən siyasi partiyalarla, QHT-lərlə intensiv əlaqə saxlanıldı, diplomatik korpusdan mitinqin dəstəklənməsi xahişi edildi. Bununla da radikallar, o cümlədən AXCP sədri Ə.Kərimli və onun ətrafı Azərbaycanın imicini ləkələmək, ölkədə gərginlik yaratmaq üçün konkret sifarişi icra etdilər. Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili ilə paralel olaraq Bakıda referendum əleyhinə mitinqlər də təşkil olundu.
Hətta dünənə qədər demokratik dəyərləri təbliğ edən "demokratlar” qonşu ölkəyə bağlılığı şübhə doğurmayan "Müsəlman Birliyi”nin sədri Taleh Bağırov və İslam Partiyasının sədri Mövsüm Səmədovun tərəfdarları ilə də əlaqələr qurdular. Məhz bu əlaqələr nəticəsində radikal dindarlar AXCP-nin, Milli Şuranın 11 və 17 sentyabr mitinqlərinə qoşuldular. Sentyabrın 18-də Müsavat Partiyasının keçirdiyi mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi də bu əlaqələrin səviyyəsini nümayiş etdirdi. Bir sözlə, hər zaman olduğu kimi indi də seçki ərəfəsində radikal müxalifət liderləri siyasi hakimiyyətə gəlmək üçün Azərbaycan xalqının etimadını, vətəndaşın səsini qazanmaq, sivil qaydada siyasi mübarizə aparmaq əvəzinə, ümidlərini ABŞ, Fransa, İngiltərə və Avropa İttifaqı qapılarına bağladılar. Məhz bu qapılarda aldıqları təlimatlara uyğun olaraq, onlar sosial şəbəkələr, həmçinin inhisarlarında saxladıqları media qurumları vasitəsilə müraciətlər yayaraq, Azərbaycan xalqını referenduma getməməyə, dəyişikliklərin əleyhinə səs verməyə, paralel olaraq hakim partiyaya, mövcud iqtidara, siyasi hakimiyyətə etiraz etməyə səslədilər.
Lakin müdrik Azərbaycan xalqı bu radikalların səsinə səs vermədi. İyirmi ildən artıq bir müddətdə ölkədə keçirilən seçkilərdə biabırcasına məğlub olan, daim yalan vədlərlə yanlış ictimai rəy yaratmağa çalışan, xarici kəşfiyyat orqanlarının təhriki ilə ölkədəki sabitliyin pozulmasına cəhd göstərən radikallar yenə də meydanda tək qaldılar. Xarici ölkə səfirliklərinin əlində alətə çevrilən radikallar və onların məkrli planı baş tutmadı. Referendum öncəsi keçirilən mitinqlərdə olduğu kimi, ümumxalq səsverməsi günü də Azərbaycanın radikal müxalifəti iflas oldu. Azərbaycan xalqı Konstitusiyaya təklif edilən dəyişiklik və əlavələrə "hə” deməklə, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, xalq-iqtidar həmrəyliyini nümayiş etdirdilər. Azərbaycan xalqı öz iradəsini ortaya qoymaqla həm də inkişafın, tərəqqinin, islahatların, demokratik prinsiplərin tərəfdarı olduğunu bir daha sübut etdi.
Alpər TURAN
banner

Oxşar Xəbərlər