• cümə axşamı, 25 aprel, 14:16
  • Baku Bakı 23°C

Radikalların səsi batıb

21.09.18 17:49 613
Radikalların səsi batıb
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsinin 100 illiyi sentyabrın 15-də paytaxtımızda möhtəşəm tədbirlərlə qeyd olundu. Elmi-praktik konfranslar, dəyirmi masalar, konsert proqramları təşkil olundu, türk əsgərlərinin azərbaycanlı qardaşları ilə birlikdə 100 il bundan öncə nümayiş etdirdiyi qəhrəmanlıq tariximizin şərəfli anı kimi xatırlandı. Azərbaycan Prezidenti ilham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanı yaxınlığındakı türk şəhidliyini ziyarət etdilər, onların əziz ruhlarına ehtiramlarını nümayiş etdirdilər. Bununla yanaşı, şəhərimizin mərkəzindəki "Azadlıq” meydanında möhtəşəm parad təşkil olundu, Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin düz 100 il əvvəlki zəfər tarixi bayram edildi. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini əks etdirməklə yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərdi.
Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşlarında, həmçinin dünyanın istənilən ölkəsində yaşasa da ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlıda, Türkiyə-Azərbaycan qardaşlığından məmnunluq duyan hər kəsdə böyük qürur hissi yaratdı. Ölkə daxilində iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, hər bir siyasətçi, sıravi partiya üzvü Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə hərbi paradın keçirilməsini yüksək qiymətləndirdilər. Bunu əcdadlarımızın arzusunun reallaşması kimi qələmə verdilər, dəstəklədilər. Lakin təəssüflər olsun ki, radikal müxalifət kimi ad çıxaranlar xalqın, türk dünyasının bu sevincinə şərik ola bilmədilər. Buna səbəb onların öz şəxsi maraqlarını, ambisiyalarını dövlət və milli maraqlardan üstün tutmaları oldu. Xarici dairələrdən maliyyələşdirildikləri üçün daim ağa qara deməyi özünə adət etmiş, iqtidarın siyasətindəki uğurları həzm etməyi bacarmayan radikallar hətta bir qədər uzağa gedərək, təşkil olunan paradın, Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin əhəmiyyətini kiçiltmək üçün cəhdlər də etdilər. Buna misal olaraq AXCP sədri Əli Kərimlinin sosial şəbəkədə paylaşdığı statusları, cəbhəçilərin də ona züy tutmalarını göstərmək olar. Bu davranışı ilə o, növbəti dəfə mahiyyətini ortaya qoymuş oldu. Onun Vətən, millət, xalq, dövlətçilik, milli maraqlar, türk dünyası, Azərbaycan-Türkiyə birliyi barədə söylədiyi fikirlərin boğazdan yuxarı olduğu növbəti dəfə ortaya çıxdı.
Artıq heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan birliyi, ölkələr arasında hərtərəfli əlaqələrin inkişafı üçün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət effekt verdiyindən əli kərimlilər və onların iradəsindən asılı vəziyyətdə olan zombi dəstələri bundan qıcıqlanırlar. Cəbhəçilərdəki bu narahatlığı vaxtilə onların sırasında yer alan, ancaq sonradan partiyadan uzaqlaşdırılanlar da açıq etiraf etməkdədirlər. Deyilənlərə nümunə olaraq, AXCP Rəyasət Heyətinin keçmiş üzvü Sahib Kərimlinin sentyabrın 16-da "Facebook” səhifəsində yazdıqlarını da göstərmək olar. Belə ki, Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd olunduğu, Türkiyə və Azərbaycan hərbçilərinin iştirak etdiyi, hər iki ölkə prezidentlərinin də qatıldığı paraddan bir gün sonra S.Kərimli növbəti dəfə AXCP sədrinin "qanını qaraldıb”. O qeyd edib ki, Ə.Kərimli başda olmaqla Xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidirlər. Onun sözlərinə görə, həmin "liderlər” məhz ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə belə böyük fərqlə və faktla uduzduqlarına görə partiya sədrliklərindən getməlidirlər.
Sabiq cəbhəçi S.Kərimli daha sonra yazıb: "Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə üzərindən Avroatlantik dünyaya açılacağımızı yazmışıq. Bu, Yeni Azərbaycan Partiyası və klassik müxalifətin ortaq mövqeyi idi. Türkiyədəki rejimlərin fərqindən asılı olmadan, Məhəmməd Əmin Rəsulzadə ordu çağırdı, dövlət qurdurdu, Heydər Əliyev Türk şahinlərini çağırıb İranın təyyarələrini qovdurdu, İlham Əliyev də parad keçirir. Siz isə dinc əhalini çıxarmağa helikopter belə ala bilməmisiniz. Bir cəbhəçi, bir müsavatçı görmür ki, Türkiyədə onları tanıyan yoxdur?”.
Məlumat üçün qeyd edək ki, S.Kərimli ömrünün böyük bir hissəsini AXCP-nin qurulmasına, fəaliyyətinə həsr etmiş insandır. O, AXCP sədrliyinə namizəd də olub. Lakin Ə.Kərimli diktaturası, alternativ fikrə dözümsüz yanaşma S.Kərimlinin partiya sıralarından uzaqlaşdırlması ilə nəticələnib.
Göründüyü kimi, radikallıqlarına, pafoslu çıxışlarına, yalan üzərində qurulan siyasətlərinə görə, cəmiyyət radikal müxalifətə, o cümlədən də Əli Kərimli və dəstəsinə arxa çevirib. Hazırda kiçik dərnəkləri xatırladan bu təşkilatlarda AXCP sədrinin yaxın ətrafından, tayfa-toluğundan, bir-iki QHT-dən başqa heç kim yoxdur. Sosial bazası dağılan, parçalana-parçalana müasir dövrümüzə 3-5 nəfərlə gəlib çıxan bu təşkilatlar, onların "liderləri” ara-sıra sosial şəbəkələrdə ürək bulandıran statuslar yazmaqla varlıqlarını diqqətə çatdırmaq istəyirlər. Bu addımı atarkən isə iqtidarın uğurlu siyasətinə ləkə yaxmağa çalışırlar. Lakin bu cəhdlər də heç bir effekt vermir. Siyasi fəaliyyət əvəzinə ortaya qaraguruh, xəbis xislət qoyan radikallar xalqın sərt şapalağını ağızlarının üstündə hiss edib yerlərində otururlar. Məhz bu şapalaqların təsirindəndir ki, radikal müxalifətin səsi batıb.
Fuad QƏHRƏMANLI
banner

Oxşar Xəbərlər