• şənbə, 20 Aprel, 05:23
  • Baku Bakı 15°C

Radikalların İran hadisələri ilə bağlı mövqesizliyi

09.01.18 09:15 956
Radikalların İran hadisələri ilə bağlı mövqesizliyi
İranda baş verən hadisələr Azərbaycanda müzakirə mövzusu oldu. Baş verənlərə hər kəs ö baxış bucağından yanaşmağa çalışdı. Bu baxışlar içərisində müxalifətin radikal qanadının mövqeyi təəccüb doğurdu. Hər zaman Əbülfəz Elçibəy ideyalarına sadiqliyini az qala "gözə soxan” AXCP və onun sədri Əli Kərimlinin İrandakı hadisələrə verdiyi şərh nəinki digər müxalif qüvvələr, eləcə də cəmiyyətin ayrı-ayrı ziyalıları tərəfindən birmənalı qarşılanmadı. AXCP sədrinin yan-yörəsindən əl çəkməyən və Milli Şura adlanan qurumda təmsil olunan "demokratiya carçıları” "nala-mıxa vurdular”. Onlar qurumun ətrafında birləşən radikal dindarları özlərindən uzaqlaşdırmamaq üçün dəridən-qabıqdan çıxdılar. Təbii ki, Ə.Kərimlinin məqsədi gün kimi aydındır. Onun məqsədi əslində özünü Milli Şuranın keçirdiyi mitinqlərdə də özünü göstərirdi. Belə ki, cinayət məsuliyyətinə cəlb edilən radikal dindarların ailələri və yaxınları həmin mitinqlərdə iştirak edirdilər. Cinayət məsuliyyətinə cəlb edilən bu şəxslərin bir çoxunun İranın və digər xarici ölkələrin xüsusi xidmət orqanlarına bağlı olması heç kimə sirr deyil. Görünür Ə.Kərimli mitinq "elektoratı”nın bir hissəsi olan bu zümrəni özündən uzaqlaşdırmaq istəməyib.
Amma bu yanaşma müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Hazırda xaricdə yaşayan jurnalist Elbəyi Həsənli həm Milli Şura adlanan qurumda təmsil olunanların, həm də AXCP sədri Ə.Kərimlinin İranda baş verənlərlə bağlı verdiyi açıqlamaları sərt tənqid edib. O, Milli Şurada təmsil olunan Eldəniz Quliyevin sosial şəbəkədə yazdığı statusunda İranda mövcud olan diktaturaya açıq şəkildə dəstək verdiyini qeyd edir: "Absurddur. Və bu şəxs Milli Şuranın öndərlərindən biridir... Tək o, deyil. Günün 24 saatını türkçülükdən danışanlar var ki, hazırda İran mollarının müdafiəsinə qalxıb. Azərbaycanın müxalifətinin faciəsi ondadır ki, onlar bir gün Rusiyanın yanında olurlar, səhərisi İran mollaları ilə ortaq məxrəcə gəlirlər, bunlardan da bir şey çıxmayanda Qərb dəyərlərindən danışırlar. Yəni, Azərbaycan müxalifəti Bakı küləyi kimi bir şeydir, hərdən bir tərəfə əsir...
Bəs ağsaqqal ziyalımız nədən belə bir mövqe sərgiləyir? Bəllidir ki, yerli islamçılar "Azadlıq” qəzetindən narazı qalıblar. Niyə? Çünki onların saytında İrandakı etirazları əks etdirən videolar yayımlanıb. Bundan qəzəblənən islamçılar bildiriblər ki, daha Milli Şuranın mitinqlərinə gəlməyəcəklər. Hörmətli Eldaniz Quliyev də bu kimi amilləri nəzərə alaraq belə absurd şeylər yazır.Görün, Milli Şura hansı ağılda olan insanlarla müttəfiqdir”.
Həmçinin E.Həsənli AXCP sədrinin İranla bağlı verdiyi şərhə münasibət bildirərək qeyd edir ki, nə qədər absurd olsa da, həmin açıqlamada radikal dindarların adını çəkir və onun müdafiə olunmasının zəruriliyini vurğulayır: "Hacı Talehin məqsədi nədir? Bəlkə o, Əli Kərimlinin arzusunda olduğu Rəsulzadə respublikasının bərpasının tərəfdarıdır? Niyə yalan-palan danışırsınız? Nədən xalqı qanmaz yerinə qoyursunuz? İran rejiminə xidmət edən Hacı Taleh də, onun ətrafında olan islamçılar da, o cümlədən Mİlli Şuranın keçirdiyi mitinqlərdə gözə girən saqqallılar da İran mollakratiyasının oxşarını Azərbaycanda qurmaq arzusundadır. Məsələ bu qədər bəsit. Ancaq Əli Kərimli əmindir ki, Hacı Taleh də, yerli islamçılar da Azərbaycanın Qərb dəyərlərinə qovuşması uğrunda mübarizə aparır. Əslində isə Əli Kərimli iqtidara gəlmək üçün islamçılardan yararlanmaq istəyir. Ancaq nahaq yerə. Qərb islamçılarla "maç-maç, quc-quc" münasibətində olan təşkilatın iqtidara gəlməsinə imkan verməz. Türkiyə və Rusiya da belə şeyə heç vaxt yaşıl işıq yandırmaz. Düşünün ki, siyasətin əlifbasını yeni öyrənənlər bunu bilir, ancaq Əli Kərimli bilmir”.
Jurnalist qeyd edir ki, AXCP ideoloji baxımdan tam iflasa uğrayıb: "Bütöv Azərbaycan uğrunda savaş aparan Əbülfəz Elçibəyin yadigarı olan AXCP indi Azərbaycanda İran mollarına züy tutmaqla məşğuldur”.
Bötüv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Ə.Kərimlinin İranla bağlı mövqeyi bəllidir: "Azərbaycanda konstitusion dövlət quruluşunu dəyişməyə çalışan və artıq xarici dövlətlərə işlədiyi, o cümlədən nüfuz müvəkkilliyi missiyasını yerinə yetirən insanları müdafiə edən bir şəxsdən fərqli mövqe gözləməyə dəyməz. Yəni, əgər Əli Kərimlinin yanaşma tərzi ilə götürsək, Taleh Bağırzadə onun dostudursa və heç şübhəsiz Taleh Bağırzadənin daşıdığı dini-siyasi ideologiyanın mərkəzinə qarşı etiraz etmək gücünə malik ola bilməz. Əli Kərimlinin Azərbaycançılıq və bütövlükdə Azərbaycanla bağlı təsəvvürləri orta statik azərbaycanlının genetik kodlarına, düşüncəsinə uyğun gəlmir. Bu insan yalnız öz korporativ maraqlarından çıxış edərək mövqe sərgiləyib. Həmin maraqların içərisində İranın, Rusiyanın, bütövlükdə Qərbin və istənilən ölkənin mövqeyi yer ala bilər, amma Azərbaycandan başqa. İranda baş verənlərlə bağlı obyektiv mövqe sərgiləyənlər oldu. Hesab edirəm ki, ən doğru yanaşmanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ortaya qoydu və İranda baş verən prosesləri kifayət qədər obyektiv dəyərləndirdi. Azərbaycanın müxalifət spektri kifayət qədər zəngindir, amma təəssüflər olsun ki, bu zəngin spektrdə ölkəmizin mövqeyinə, milli maraqlarına xidmət etməyən insanların sayı yetərincədir”.
E.Mirzəbəyli əlavə etdi ki, Azərbaycan hər zaman öz qonşusunda sabitliyin təmin olunmasını vacib hesab edib: "İndiki halda İranda baş verən hadisələrin kökündə iqtisadi-sosial problemlər dayansa da, təbii ki, burada siyasi çalarlar da var. Bu rejim mütləq islahatlar aparmaqla ölkədəki vəziyyəti dəyişməlidir. Amma bütün bu baş verənləri demokratik proses kimi dəyərləndirən və İranın daha demokratikləşməsindən danışan insanlar hansı dövrdə yaşadıqlarının fərqində belə deyillər. Hesab edirəm ki, onların insan hüquq və azadlıqları haqqında anlayışları yoxdur. Ya da ki, bu anlayışları qrant layihələrinin əvəzində çoxdan xərcləyiblər”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər