• cümə axşamı, 25 aprel, 15:47
  • Baku Bakı 23°C

Radikalların davası qızışır

17.05.18 21:57 894
Radikalların davası qızışır
Azərbaycanın radikal müxalifəti nəinki ölkə daxilində, eləcə də xaricdəki azərbaycanlılar, hətta müxalifətçi adı altında Avropa ölkələrinə sığınanlar tərəfindən də qəbul edilmirlər. Bunun yeganə səbəbi 25 ildir müxalifətdə qalan bu insanların təfəkküründəki, dünyagörüşündəki gerilik, radikallıqları, hadisələrə mühafizəkar yanaşmalarıdır. AXCP, Milli Şura, Müsavat rəhbərlikləri tərəfindən diktatorsayağı idarəetmə, alternativ fikrə, fərqli düşüncəyə qısqanc yanaşma, təşəbbüskarlığı boğmaq cəhdləri yeni nəsillər tərəfindən ümumiyyətlə qəbul edilmir. Radikal liderlərin rəhbərlik etdikləri təşkilatlar daxilində öz üzvlərinə qarşı hər hansısa səbəbdən tətbiq etdikləri qarayaxma kampaniyaları da ürək bulandırır. Ona görə də Azərbaycan daxilindəki radikal müxalifətlə, xaricdəki radikalların mövqeyi, marağı üst-üstə düşmür. Son zamanlar isə daxildəki və xaricdəki radikalların bir-birinə qarşı münasibəti daha da kəskinləşib. Buna səbəb xarici dairələrdən onlara verilən və veriləcək qarantlardır. Belə ki, 9 may 2018-ci ildə Helsinki Komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli AXCP sədri Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirib. E.Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını” və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər "qrantyeyənlərin” ciddi qəzəbinə səbəb olub.

Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü daha aşkar şəkildə büruzə verib, hətta təhqiramiz şəkil alıb. AXCP sədrinin trol dəstəsi, zombiləşmiş cəbhəçi gənclər, hətta onun iradəsi altında fəaliyyət göstərən Milli Şura sədri Cəmil Həsənli E.Milli və onun rəhbəri olduğu "MeydanTv”ni hədəfə alıblar. Hətta C.Həsənli qeyd edib ki, "MeydanTv” məqsədli şəkildə AXCP və Milli Şuraya məhdudiyyətlər qoyub. Almaniyada xarici dairələrin maliyyəsi hesabına yayımlanan "MeydanTv”nin əməkdaşı Orxan Mahmud "Facebook” vasitəsilə buna reaksiya verərək bildirib ki, Milli Şura üzvləri təkcə son 6 ayda "MeydanTv”də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Onun yazdığına görə, şəxsən Əli Kərimli həmin müddət ərzində heç bir senzura ilə üzləşmədən "MeydanTv”də saatlarla canlı yayımlarda danışıb. O.Mahmudun sözlərinə görə, bunun müqabilində C.Həsənli E.Milliyə olan əsəbini "Son vaxtlar "MeydanTv”də Milli Şuraya məhdudiyyət qoyulur”, - yazmaqla büruzə verib. O, qocaman tarixçi və aqressiv adlandırdığı C.Həsənliyə səslənərək deyib ki, belə bir fikri ifadə etmək onun üçün ayıb olmalıdır.

Elə bu statusun altında cəbhəçi gənclər "MeydanTv”nin əməkdaşının üstünə tökülüşərək, onu haqsız çıxarmağa çalışıblar. Hətta C.Həsənli özü də bu müzakirələrə, daha doğrusu uşaq-muşağın qarşılıqlı ittihamlarına qoşularaq, O.Mahmudun səhv addım atdığını onun özünə başa salmaq istəyib. Lakin bu cəhdlər alınmayıb. Özünü pis duruma salan C.Həsənli məcbur olub öz profilindən bu məsələ ilə bağlı ayrıca status yazıb. Bildirib ki, "MeydanTv”nin əməkdaşı O.Mammad Milli Şuraya qarşı yazı paylaşıb və arada kifayət qədər yaş fərqi olmasına baxmayaraq, yazısında təhqir elementlərinə yol verib. C.Həsənli xatırladıb ki, ayıb iş tərəfsiz, qərəzsiz, obyektivliyə iddialı bir media qurumunda Milli Şura və Xalq Cəbhəsi rəhbərliyinin proqramlara çağırılmaması haqqında aparıcılara göstərişlər verməkdir. C.Həsənlinin sözlərinə görə, hələ telejurnalist Sevinc Osmanqızı "MeydanTv”də çalışanda rəhbərlik tərəfindən ona bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub. Milli Şura sədri yazıb ki, bu "MeydanTv”nin media siyasətidir və onu pozduğuna, yəni Ə.Kərimli ilə apardığı bir video müsahibəyə görə həmin jurnalistə vaxtilə irad da bildirilib. Daha sonra C.Həsənli "MeydanTv”nin bəlli qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini xatırladıb.

Bu müzakirələr fonunda ABŞ-da yaşayan jurnalist S.Osmanqızı ilə Xədicə İsmayılın bir-birilərinə qarşılıqlı ittihamları da diqqəti çəkir. X.İsmayıl S.Osmanqızını "MeydanTv”nin direktoru olmaq üçün mübarizə apardığını və buna görə oradan qovulduğunu, həmçinin Rəsul Quliyevin vəsaiti ilə proqram hazırlamaq istədiyini bildirib. Bunun qarşılığında S.Osmanqızı X.İsmayılı xəstə adlandırıb. AXCP fəalı Natiq Adilov isə E.Millini saxtakarlıqda və qrant üçün fəaliyyət göstərməkdə ittiham edib, eyni zamanda müxalifəti fəaliyyətsizlikdə günahlandıran vəkil Aslan İsmayılov haqqında da tənqidi status yazıb. O, A.İsmayılovun səmimi olmadığını, sadəcə maşa rolu oynadığını qeyd edib. N.Adilov hesab edib ki, A.İsmayılov sadəcə olaraq sifarişlə işləyən müqəvvadır. Kamil Vəli Nərimanoğlu da bu müzakirələrdən kənarda qalmayaraq, E.Millini Emin Zilli adlandırıb, hətta onun haqqında "eşşək” ifadəsini işlədib.

Özlərini müxalifətçi hesab edən radikalların bu və buna oxşar statusları, rəyləri yüzlərlədir. Onların hamısını burada ard-arda düzməyin mənası yoxdur. Lakin baş verənlərdən görünür ki, Azərbaycan xalqına ağıl dərsi keçməyə çalışan, meydana, mitinqlərə səsləyən müxalifət başçıları, fəalları və "5-ci kolon” ulduzları qənimət üçün bir-birilərini təhqir etməkdən belə çəkinmirlər. Qrant uğrunda bir-birinə qənim kəsilən bu insanların daha şirnikdirici təkliflər qarşısında gözlərini qırpmadan öz Vətənlərini, dövlətlərini satacaqları şəksizdir.
Alpər TURAN

banner

Oxşar Xəbərlər