• cümə, 29 Mart, 12:27
  • Baku Bakı 14°C

Radikallar yenə də xarici dairələrin yedəyində gedir

17.10.14 11:42 1018
Radikallar yenə də xarici dairələrin yedəyində gedir
Milli Şuranın keçən həftə baş tutmuş qalmaqallı mitinqi ilə bağlı müəmmalı məqamlar kifayət qədərdir. Mitinqin keçiriləcəyi haqda qərarın gözlənilmədən verilməsi bununla bağlı müxtəlif versiyaların səsləndirilməsinə səbəb olub. Elan olunmazdan öncə çoxları bu mitinqə heç bir ehtiyac olmadığını deyirdi. Çünki mitinqin biabırçı səviyyədə keçəcəyi hamıya məlum idi. Keçirilən son mitinqlərə heç 1000 nəfərin qatılmaması, gedənlərin sayının hər dəfə daha da azalması bu mitinqin “kiçik tədbir” səviyyəsində baş tutacağına heç bir şübhə yeri qoymurdu. Onu da deyək ki, Milli Şura rəhbərliyinin son günlərə qədər bu cür mitinqin keçirilməsinə qarşı olduğu xəbərləri dolaşır. Məlumatlar yayılmışdı ki, siyasi məhbusların müdafiə komitəsində Müsavat rəhbərliyi belə bir təklif verib ki, siyasi məhbusların azad olunması tələbi ilə kütləvi aksiyalar keçirilsin. Lakin o vaxt Milli Şurada təmsil olunan AXCP rəhbərliyi buna maraq göstərməyib və dərhal da bunu zərərli təklif kimi dəyərləndirib. İndi isə məlum olur ki, nə baş tutan son mitinq, nə də orada Avropa İttifaqının bayrağının qaldırılması səbəbsiz deyilmiş. “Yeni Müsavat” qəzetinin məlumatına görə, həmin mitinqdə Aİ bayrağı qaldırılması təsadüfi deyil. Bunun əsas səbəbi isə “Avromaydan” hadisələrinin ölkəmizdə təkrarlanması arzusudur. Mətbuat yazır ki, ideyası və özü Moskvada qurulan, yaranış zamanında Avro-atlantik məkana inteqrasiya əleyhdarı kimi çıxış edən Milli Şura belə bir rola seçilə bilərmi? “Xatırlayaq ki, siyasi mövsümü Avropa Birliyinin bayraqları ilə açan Milli Şuranın təsis sənədindəki “Avroatlantik məkana inteqrasiya” müddəası o vaxtkı həmsədr Rüstəm İbrahimbəyovun təkidi ilə çıxarılmışdı. O vaxtkı diskussiyalar zamanı bu gün əks mövqedən canfəşanlıq edənlərin məlum qəzetdəki yazıları da unudulmayıb və internet məkanında, arxivlərdə qalır. Ötən il bu zamanlara qədər rəhbərliyində Rusiya yanlısı şəxslər olması səbəbindən Moskvaya bağlı qüvvə kimi təsnifləndirilən Milli Şura indi Avropa Birliyindən yanadır və görünən də budur ki, MŞ Aİ ilə münasibətlərdə müəyyən məsafə qət edib”.
Qəzet iddia edir ki, Milli Şuraya yaxın dairələrdən kimsə onlara məlumat verib ki, təşkilatın rəhbərliyi son iclaslarını Aİ Bakı ofisinin də yerləşdiyi “Landmark” hotelində keçirir: ““İclas etməyə yerimiz olmadığı üçün” -deyə, mənbə bildirib. “Həm də bu onun göstəricisidir ki, beynəlxalq təşkilatlar Azərbaycandakı yeganə müxalif qüvvə olaraq Milli Şuranı tanıyır”, - deyə mənbə qürrələnib. Yazarımızın - “Hotelə xüsusi dəvətlə buraxılır və orda bu cür toplantılar qadağan deyilmi”, - sualına diskussiya vəziyyətində verilən cavab sensasiya sayıla bilər. “Biz mətbuata da ötürmüşük ki, hərdən Milli Şuranın Koordinasiya Şurasının üzvləri olaraq ”Landmark"dakı restoranlardan birinə gedib, çay içib, söhbətləşirik. Ona görə də heç kim bizə irad tuta bilməz"”.
Bu məqam göstərir ki, qərb dairələri hələ də Azərbaycanla bağlı mövqelərini dəyişməyiblər və yenə də ölkənin daxili işlərinə qarışmaqdadırlar. Xatırladaq ki, onların bu cür davranışını ilk dəfə deyil ki, müşahidə edirik. Özlərini demokratik qüvvələr adlandıranların bundan öncə də avropalı diplomatlarla əlaqəsi məlum idi. Diplomatlar səlahiyyətlərini aşaraq hər zaman müxalif qruplarla təmasda olublar. Qərb təmsilçiləri dəfələrlə özlərini demokratik qüvvələr adlandıranlarla qapalı görüşlər keçiriblər. Bu məqam narazılıqla qarşılansa da, etirazlara səbəb olsa da, davam edib. Belə görünür onlar öz yollarından dönmək fikrində də deyillər. Azərbaycan tərəfi dəfələrlə onları ölkənin daxili işlərinə qarışdıqlarına görə qınasa da, heç bir nəticə çıxarılmır.
Xatırladaq ki, diplomatların səlahiyyətləri “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarında ətraflı şəkildə təsbit olunub. Orada aydın şəkildə qeyd edilir ki, diplomatlar öz hədlərini bilməli və qaydalara uyğun davranmalıdırlar. Səfirliklərin əsas fəaliyyəti iki ölkənin münasibətlərinin yaxşılaşdırılmasına yönəldilməlidir. O da bildirilir ki, heç bir dövlət, heç bir diplomatik nümayəndəlik başqa ölkənin daxili işlərinə müdaxilə edə bilməz. Ölkəmizdə olan xarici ölkə səfirləri, beynəlxalq təşkilat nümayəndələri və b. etdiklərinin beynəlxalq hüquqi qaydalara və normalara zidd olduğunu bilə-bilə, yenə də eyni davranış sərgiləyir, hərəkətlərinə hədd qoymurlar. 1995-ci ildə baş verən mart hadisələrində Türkiyə səfiri Atan Karamanoğlunun etdikləri, həmçinin Norveç səfiri Steynar Girin bilərəkdən neqativ məsələlərə qarışması və yaxından iştirak etməsini fakt kimi xatırlatmaq yerinə düşər. Təəssüf ki, siyahıda özünü ən demokratik ölkə hesab edən ABŞ-ın ölkəmizdəki keçmiş səfirlərinin adları da var. Daha əvvəl Rino Harniş, sonra isə Riçard Morninqstar ölkənin daxili işlərinə qarışmaqla öz nüfuzlarına da ciddi zərbə vurublar. Çox keçmişə qayıtmadan, elə keçən il prezident seçkiləri ərəfəsində olan bir məqamı xatırladaq. O vaxt Azərbaycan rəsmiləri bildirmişdilər ki, sabiq səfir Morninqstar müxtəlif görüşlərdə onlara təklif edib ki, seçkilərdə müxalif namizədə 25% səs yazılsın. Belə çıxır ki, özünü demokratiya simvolu hesab edən ABŞ səfiri ölkəmizə saxta seçki forması təklif edir. Əgər bir ölkədə şəffaf səsvermə keçirilirsə, bunu xarici nümayəndələr də izləyib müsbət rəy verirsə, o zaman söhbət hansı “səs yazılması”ndan gedir?
Bütün bunlar Qərb dairələrinin ölkəmizə münasibətinin nə cür olduğunu bir daha göstərir.
Bütün bunlar Azərbaycanın radikal müxalifətinin onların uzantısı olduğuna da heç bir şübhə yeri qoymur. Onlar konkret olaraq xarici himayədarlarının tapşırıqlarını həyata keçirir, xalqın sosial tələbindən çıxış etmirlər. Bu isə xalqın haqlı olduğunu, hər şeyi doğru qiymətləndirə bildiyini, müxalifəti dəstəkləməməsinin əsil səbəblərini ortaya qoyur.
H.Əsgər
banner

Oxşar Xəbərlər