• cümə, 19 Aprel, 05:05
  • Baku Bakı 18°C

“Radikallar xalqın gözündən daha da düşdülər”

12.10.13 10:14 1550
“Radikallar xalqın gözündən daha da düşdülər”
2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri seçici mütəşəkkilliyi ilə yadda qaldı. Ölkədəki 125 dairə üzrə 5492 məntəqədə səsvermə hüququna malik 5 milyon 145 min 643 seçicinin 72,1 faizi seçkiyə gələrək, istədikləri namizədə səs verdilər. Seçkilərin gedişi, məntəqələrin şəraiti, seçicilərə yaradılan imkanlar, müşahidəçilərin rəyləri, müxalifətin məğlubiyyətlə barışmaması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı cavablandırır.
- Fəzail müəllim, bu həftə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Bu seçkilərin gedişi barədə Sizin fikrinizi bilmək istərdik.
- Seçki prosesi başlayandan qurtarana qədər fəal şəkildə bu prosesin içərisində olmuşam. Eyni zamanda, partiyamız bu prosesin tam içərisində olub. Ana Vətən Partiyasının üzün müddətli 25 nəfərdən ibarət müşahidəçisi və əksəriyyət məntəqələrdə olan müşahidəçilərimizin vermiş olduğu məlumatları da yekunlaşdıraraq birmənalı şəkildə demək olar ki, oktyabr ayının 9-da keçirilən prezident seçkilərinin bütün mərhələləri yüksək səviyyədə təşkil olunmuşdu. Bütün namizədlər üçün bərabər imkanlar, bərabər şərait yaranmışdı. Tam demokratik mühit, hər bir namizədin seçici ilə görüşü və öz fikirlərini seçicilərin qarşısında ifadə etmək şəraiti mövcud idi. Lakin buna baxmayaraq, seçki prosesinin təbliğat-təşviqat mərhələsində bəzi namizədlər qəsdən, özünün bazasının zəifliyini sığortalamaq, müəyyən dərəcədə özlərinə haqq qazandırmaq üçün indiyə qədər bizə bəlli olan səs-küylü bəyanatlar, həqiqəti əks etdirməyən iftiralardan da istifadə etdilər. Belə hallar da oldu. Ancaq seçki gününə qədər çıxarılan nəticələr bundan ibarət idi ki, bütün namizədlərin içərisində ən yüksək səviyyədə işini təşkil edən və peşəkar bir siyasi komanda ilə marafona qoşulan İlham Əliyev bütün namizədlərdən daha güclü, peşəkar şəkildə, daha mobil formada seçki kampaniyası aparırdı. İlham Əliyevin kifayət qədər dividentləri, üstünlükləri var idi və 10 ildə prezidentliyi zamanı Azərbaycanın bütün sahələrdə qazanmış olduğu çox ciddi müvəffəqiyyətlər, əslində onun təbliğatında aparıcı amilə çevrilmişdi. Eyni zamanda onun komandası seçki kampaniyasını çox yüksək peşəkarlıqla apardı.
- Seçki günü seçicilərin aktivliyi də xüsusi diqqət çəkirdi. Siz bunu nə ilə əlaqələndirərdiniz?
- Seçki günü siyasi fəallıq çox yüksək səviyyədə idi. Mən özüm Nərimanov rayonunun bir sıra məntəqələrində oldum. 20 saylı seçki dairəsinin 10 məntəqəsində, Səbayel-Nəsimi seçki dairəsinin 2 məntəqəsində və Yasamal rayonundakı 1 seçki məntəqəsində oldum. Saat 09:30-dan 14:30-a qədər seçki prosesini izlədim. Seçkilərdə əhaliyə çox normal şərait yaradılmışdı. Müşahidəçilər üçün xüsusi guşə təşkil olunmuşdu. Məntəqə üzvlərinin seçki prosesinə hər hansı bir müdaxiləsinin birmənalı olaraq şahidi olmadım. İnsanlar çox böyük əhval-ruhiyyə ilə seçkiyə gəldilər. Hətta elə məntəqələr var idi ki, orada böyük növbələr yaranmışdı. Bunun şahidi olduq. Bir sözlə, oktyabr ayının 9-da Azərbaycan xalqı açıq, şəffaf şəkildə, demokratik bir mühitdə öz iradəsini ortalığa qoydu.
- Əvvəlki seçkilərdən fərqli olaraq, 9 oktyabr seçkilərində önəmli hadisələrdən biri də seçkini izləyən yerli və xarici müşahidəçilərin çoxluğu idi. Seçkidən sonra onların açıqladığı rəylər həqiqəti tam əks etdiribmi?
- Seçkilərdə müşahidəçilərin çox olması Azərbaycan dövlətinin seçkilərə yüksək səviyyədə hazırlığının və yüksək səviyyəli demokratik bir seçki keçirmək arzusunun ifadəsi idi. Yalnız özünə arxayın, iradəsi ortada olan, seçkilərin azad, demokratik keçirilməsini istəyən və bu məqsədlə potensialını ortaya qoyan dövlət məhz bu cür davranış nümayiş etdirir. Əgər Azərbaycan dövləti dediklərimi nəzərə almasaydı, bu dərəcədə yerli, xüsusən də ayrı-ayrı ölkələrdən, dünyanın 100-dən yuxarı ölkəsindən böyük bir müşahidəçi ordusunu buraya dəvət etməzdi. Deməli, Azərbaycan dövləti özünə arxayın idi və istəyirdi ki, hər kəs gəlsin və bu seçki prosesini izləsin. Açıqlamalar göstərdi ki, beynəlxalq təşkilatların mütləq əksəriyyəti, bütün müşahidəçi qruplar Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, seçkilərin demokratik, şəffaf keçirildiyini, seçkilərdə siyasi fəallığın xüsusi olaraq ciddi önəm kəsb etdiyini öz açıqlamalarında, rəylərində ifadə etdilər. Təbii ki, yerli müşahidəçilər də. Milli Şuranın namizədi olan Cəmil Həsənli və onun ətrafı istisna olunmaqla bütün müşahidəçilər və seçkidə iştirak edən hər bir kəs seçkilərin demokratik keçirildiyini haqlı olaraq dilə gətirdi. Qeyri-obyektiv mövqeni yalnız ATƏT-in hər zaman Azərbaycana qərəzli münasibət bəsləyən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Cəmil Həsənli sərgilədi. Bu antimilli, anti Azərbaycan qüvvələrin alyansı, əslində öz mövqeləri ilə Azərbaycan xalqının iradəsini təhqir etdilər. Beləliklə də Azərbaycan xalqının seçiminə hörmətsizlik göstərdilər. Cəmil Həsənli və onu ərsəyə gətirən, əlinə resept-şpalqalka verib danışdıran, onun arxasında gizlənən müəyyən qüvvələr hansı mənəvi haqla Azərbaycan xalqının seçiminə bu dərəcədə hörmətsizlik göstərirlər? Onlar Azərbaycan xalqının iradəsinə qarşı çıxıb onu təhqir edirlər. Bu olduqca ciddi məsələdir. Siyasətdə uduzmaq da, udmaq da olar. Mən demirəm ki, Azərbaycan ideal bir demokratik ölkə səviyyəsindədir. Biz sadəcə olaraq bu yolu gedirik. Bizim uğurlarımız dünənə nisbətən bu gün daha böyükdür. Bu günə nisbətən sabah uğurlarımız bundan da çox olacaq. 20 illik müstəqillik dövrünün 10 ilini çəkişmələrə, müharibəyə, daxildə silahlı qruplaşmalara qarşı aparılan mübarizəyə çıxsaq, aydın olar ki, cəmi 10-12 ildir Azərbaycan müstəqil dövlətini qürurla inkişaf etdirir. Bu zaman kəsiyində Azərbaycanın əldə etmiş olduğu uğurları istəməyənlər erməni lobbisi, erməniləri müdafiə edən Avropanın bir sıra dairələri, onlarla eyni alyans təşkil edən və Milli Şura arxasında gizlənmiş olan radikal müxalifətdir. Bu dəfə də onlar öz simalarını, öz antimilli mövqelərini ortalığa qoydular. Bununla da onlar Azərbaycan xalqının gözündən daha da düşdülər.
- Seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT Parlament Assambleyasının birgə bəyanatı da yayıldı. Sizin bu bəyanata münasibətiniz necədir?
- Bu bəyanat ədalətsiz, qeyri-obyektiv, haqsız, həm də deyərdim ki, həqiqəti özündə ifadə etməyən bir açıqlama idi. Onların Azərbaycana qarşı münasibəti hər zaman aqressiv, qeyri-obyektiv və qərəzli olub. Həmin qurumun rəyi ilə tanış olsanız görərsiniz ki, Ermənistanda namizədlərin birinə sui-qəsd olunan və çoxlu sayda zorakılıq halları, saxtakarlıq, qanun pozuntuları müşahidə edilən prezident seçkilərinə müsbət qiymət veriblər. Lakin, bundan tamamilə fərqli olaraq, onlar çox sakit şəkildə, yüksək siyasi fəallıqla, insanların sərbəst şəkildə öz iradəsini ifadə etmək mühitində keçirilən Azərbaycandakı seçkilərə bu cür fərqli qiymət verirlər. Görürsünüzmü, nə qədər böyük fərq, ikili, qərəzli yanaşma var. Deməli bunlar, erməni lobbisinin tam himayəsi altında Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Mən bunun ayrı səbəbini görə bilmirəm. Necə olur ki, ATƏT-ə daxil olan ölkələrin başqa bir qurumla gələn nümayəndə heyəti, Avropa Parlamenti, Avropa Şurası Azərbaycanda keçirilən prezident seçkilərini yüksək səviyyədə dəyərləndirir, ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu tamamilə fərqli, köklü ziddiyyət təşkil edən fikirlərin əks olunduğu bəyanatla ifadə edir.
- Sizcə, radikal müxalifətin bundan sonrakı aqibəti necə olacaq?
- Radikal müxalifətin vəziyyəti onsuz da acınacaqlı idi. Bundan sonra isə daha çətin və acınacaqlı zaman yaşayacaqdır. Mən düşünürəm ki, artıq radikal müxalifətin bu qanadında qopmalar, partiyadan uzaqlaşmalar olacaq. Necə ki, başlayıbdır. Bu gün mən radikal müxalifətin aparıcı ideoloqlarından biri olan Pənah Hüseynin müsahibəsini oxudum. O da etiraf edir ki, seçkidən sonra müxalifətin bu qanadında ciddi dəyişikliklər olmalıdır və bu, tarixi zərurətdir. Görək nə dəyişiklik olacaq. Əgər İsa Qəmbər və ya Əli Kərimli siyasətdə uduzduqlarını etiraf edib, siyasi fəaliyyətdən uzaq duracaqlarsa, yeni qüvvələr gələcəksə, bəlkə də, həmin partiyalar özlərini gələcəkdə siyasi arenada görə bilsinlər. Lakin bunda da kifayət qədər şübhəli məqamlar var. Bunda da nikbin olmayan proqnozlar söyləmək olar. Ancaq, birmənalı olaraq belə nəticəyə gəlmək olar ki, radikal müxalifət bir daha Azərbaycan xalqının iradəsi qarşısında məğlub oldu və Azərbaycan xalqı tərəfindən onlara kifayət qədər ciddi zərbə vuruldu.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər