• şənbə, 20 Aprel, 10:12
  • Baku Bakı 14°C

Radikallar mitinq keçirməklə gündəmdə qalmaq istəyirlər

22.02.19 17:51 584
Radikallar mitinq keçirməklə gündəmdə qalmaq istəyirlər
90-cı illərin əvvəllərindəki ab-hava ilə yaşamağın radikal müxalifətin boyuna biçildiyini desək, yanılmarıq. Onlar hər dəfə bir blokda "mehriban düşmən” obrazında birləşib, sonradan ittiham dolu çağırışlarla yollarını ayırırlar. Amma deməyə təzə sözləri olmadığı kimi, hərəkətlərində də bir yenilik görünmür. Ənənəvi olaraq, mitinq davası döyməklə "böyük işlər” gördüklərini zənn edirlər. Guya ki, bu mitinqlərin nəticəsində Azərbaycan hökuməti hərəkətə keçib. Adətən şişirtmələrin çox olduğu yalana "ağ yalan” deyirlər. Lakin "Milli Şura”da cəm olanların indiki halda səsləndirdikləri yalanın hansı rəngdə olduğunu demək çox çətindir. Məsələ ondadır ki, mitinq keçirmək niyyətində olan radikal müxalifət düşərgəsi üzrərinə öhdəlik götürmək istəmir. Son olaraq, yanvarın 19-da "Məhsul” stadionunda keçirilən mitinqin gedişində və ondan sonra "Milli Şura” tərəfdarları tərəfindən təxribatçı hərəkətlərə yol verildi, vətəndaşların təhlükəsizliyi ilə bağlı problemlər yaratmağa cəhd göstərildi. Eləcə də ictimai asayişin pozulması, nəqliyyatın hərəkətinə maneçilik törədilməsi, asayiş keşikçilərinə qarşı sərt davranışlar müşahidə edildi. Mitinqin təşkilatçıları bu kimi təxribatçı hərəkətlərin məsuliyyətini öz üzərilərinə götürmək niyyətindən uzaq olduqları halda BŞİH haqlı olaraq hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi tövsiyə edir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov bildirdi ki, xüsusi bir ictimai sifariş olmadan mitinq keçirməyə cəhd etmək doğru yanaşma deyil: "Azərbaycan demokratik ölkədir və ən müxtəlif siyasi dünyagörüşün daşıyıcıları olan fərdlər və təşkilatlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Bu, mitinqlər, yazılı bəyanatlar, mətbuat və s. vasitəsilə həyata keçirilir və bütün demokratik ölkələrdə də belədir. Yalnız mitinqlər şəklində kütləvi tədbirlərin keçirilməsində israr edənlər varsa, o zaman gərək onlar mütləq ictimai asayiş, onun qorunması və digər ictimai maraqlarla bağlı mənafelərin təmin olunmasını da nəzərə alsınlar. Təəssüf ki, bəzən bizdə belə məsələlərə diqqət yetirilmir, mitinqlər zamanı qanunun tələbləri və ictimai asayiş mitinq iştirakçıları tərəfindən pozulur və bu da digər vətəndaşlarımızda haqlı narazılıqlar yaradır. Görünür, Bakı Şəhər İcra Hakimiyyəti həm də bu nüansları nəzərə alaraq özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun fevralın 23-nə planlaşdırdığı mitinqin keçirilməsinə icazə verməyib. Düşünürəm ki, burada məqsəd hansısa hüquqları məhdudlaşdırmaq deyil, tam əksinə, ümumi ictimai mənafeyi təmin etməkdir. Bundan əvvəlki mitinqlə bağlı xeyli sayda qanun pozuntusu qeydə alındı və onların araşdırılması, təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi lazımdır. Ona görə də elə bir xüsusi ictimai sifariş olmadan mütləq mitinq keçirməyə cəhd etmək doğru deyil”.
H.Məmmədov qeyd etdi ki, hazırda çoxsaylı informasiya və internet resursları, sosial şəbəkələr vasitəsilə istənilən müxalif fikri geniş auditoriyaya kütləvi şəkildə çatdırmaq olur: "Böyük şəhərlərdə ictimai ahəngdarlığı pozmamaq üçün belə üsullardan istifadə etmək daha məqbul hesab edilə bilər”.
Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, ölkəmizdə konstitusiya və digər qanunlarla kütləvi aksiyaların keçirilməsinə heç bir qadağa yoxdur: "Yəni, istər siyasi partiyalar, istər qeyri-hökumət təşkilatları, istərsə də vətəndaşlar hər zaman mitinqlər, aksiyalar və digər kütləvi tədbirlər də keçirə bilərlər. Azərbaycan hüquqi, demokratik ölkədir və kütləvi tədbirlər də demokratiyanın əsas göstəricilərindən biridir. Ölkə vətəndaşları, xüsusilə siyasi təşkilatlar bu hüquqlarından gen-bol istifadə edirlər. Bu hüquqdan ən çox da yararlanan radikal müxalifət düşərgəsidir. Əgər biz müstəqillik tariximizdə keçirilən mitinqlərə, kütləvi aksiyalara nəzər salsaq, onların əsas hissəsi məhz radikal müxalifətin payına düşür. Hansı ki, elə bu radikalların ən çox şikayət etdiyi məsələlərdən biri də budur. Onlar qərbdəki dairələr qarşısında hay-küy salaraq qeyd edirlər ki, guya Azərbaycanda insanların sərbəst toplaşmaq hüququ pozulur. Amma qeyd etdiyim ki, kütləvi tədbirlərin statistikasına baxsaq, görərik ki, elə radikal müxalifət həmişə olduğu kimi yenə də düzgün mövqedən çıxış etmir”.
M.Səfərli radikal müxalif düşərgənin mitinq aludəçiliyinə toxunaraq qeyd etdi ki, bu, əslində yeni bir məsələ deyil: "Əslində bu, radikal müxalifətin acınacaqlı durumunda olduğunu göstərir. Onların bu vəziyyətə düşməsinə səbəb isə 90-cı illərdə durduqları nöqtədən irəli gedə bilməməkləridir. Radikal müxalif düşərgə normal siyasi fəaliyyətlə məşğul olmurlar. Müxalifətdə olduqları ötən müddət ərzində nə öz təşkilatlarında bir islahat aparmayıblar, nə öz sıralarına yeni baxışla baxmayıblar, nə buraxdıqları səhvləri müzakirə etməyiblər, nə də cəmiyyətə yeni mesajlar verməyiblər, alternativ proqramlar təqdim etməyiblər. Bunun da nəticəsində cəmiyyətdən ayrı düşüblər və tərəfdarların itirə-itirə gedirlər. Məhz bu səbəbdən də radikal müxalifət uzun illərdir həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərini uduzub. İndi də mitinqlər keçirməklə suyun üzündə, yəni gündəmdə qalmaq istəyirlər. Onların məşğul olacağı başqa bir siyasi fəaliyyət yoxdur. Siyasi fəaliyyətlə məşğul olmaq üçün isə gərək siyasi partiya ola, amma onların bu gün malik olduqları siyasi qruplardan başqa bir şey deyil. Bu qruplar da ayrı-ayrı şəxslərin ətrafında formalaşıb, onların maraqlarına xidmət edir”.

AZAD

banner

Oxşar Xəbərlər