• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

Radikallar məsuliyyətə cəlb olunmalıdır

17.07.18 16:42 634
Radikallar məsuliyyətə cəlb olunmalıdır
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edilməsi, ardınca bir qrup şəxsin icra hakimiyyətinin inzibati binası önündə asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayaraq qanuna zidd hərəkətlərə yol verməsi Azərbaycanda din adından istifadə edən radikalların mövcudluğunu ortaya qoydu. Xaricdən idarə olunan bu "dindarlar” ictimai asayişi pozmaqla yanaşı, küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərərək, hətta iki polis zabitini vəhşicəsinə qətlə yetirməkdən də çəkinmədilər. Beləliklə də din pərdəsinə bürünən və xarici dairələrin əlində alətə çevrilən bu cinayətkarların hərəkəti ölkənin ikinci böyük şəhərində xeyli gərginliyə səbəb oldu. Lakin polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alındı, itkilər bahasına olsa belə, asayiş tam bərpa edildi. Bunun ardınca cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirildi. Polisi qətlə yetirən cinayətkarlardan biri ictimaiyyət nümayəndələrinin iştirakı ilə tutularaq hüquq-mühafizə orqanlarına təhvil verildi. Digəri polisə müqavimət göstərərkən yerindəcə məhv edildi. İndiyə qədər həmin radikalların onlarla üzvü də polis tərəfindən saxlanılıb.

Xalqımız iyulun 3-də və 10-da Gəncə şəhərində baş vermiş qanlı hadisələri dövlətçiliyimizə qarşı törədilmiş cinayət kimi qəbul edərək, iqtidara, hakimiyyətə, Prezident İlham Əliyevə dəstəyini nümayiş etdirib, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edib. Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da bu məsələ üzərində geniş dayanılıb. Dövlət başçısı bildirib ki, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyib. Onun sözlərinə görə, bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib.
Prezident İlham Əliyev deyib ki, bu terror aktlarını dini şüarlar altında törədənlər İslam dininə qarşı ən böyük cinayətə yol veriblər: "Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi. Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”.

Millət vəkili Musa Qasımlıbildirib ki, Gəncədə cinayət törədənlərə heç bir güzəşt olmamalı, onlar qanun və ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Deputatın fikrincə, dövlətçiliyimizə qarşı qanlı cinayət törədənlər müvafiq cəzanı almalıdırlar ki, belə xəyala düşən digərlərinə də dərs olsun: "Gəncədə baş verən hadisələr göstərdi ki, xarici güclər və onların əlaltıları Azərbaycanı yolundan döndərə, təzyiq edə bilməz. Ölkəmizdə güclü dövlət, xalq və hakimiyyət arasında sıx birlik mövcuddur. Cənab prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasdakı nitqi hamının ürəyincə oldu. Çünki xalq sabit, dinc və təhlükəsiz şəraitdə yaşamaq və işləmək istəyir. Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkəsidir. Biz indiyədək nə əldə etmişiksə, sabitliyin hesabına olub. Təbii ki, bu sabitliyi yaradan dövlət siyasəti və xalqdır. Xalq dövlətinin yanındadır”.

Millət vəkili, politoloq Rasim Musabəyovhesab edir ki, Gəncədə terror törədən şəxslər qanun qarşısında cavab verməlidirlər: "Prezident İlham Əliyev Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda haqlı olaraq bildirdi ki, Azərbaycana qarşı yalan, iftira üzərində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq. Hətta mən deyərdim ki, burada söhbət tək kampaniyalardan da getmir. Burada konkret olaraq Azərbaycan dövlətçiliyinə qarşı qəsddən söhbət gedir. Polisə hücumun təşkil olunması belə qəbuledilməz bir haldır. Radikal və terrora meylli qruplar Azərbaycan polisini qətlə yetirdilər. Əgər kimlərsə onlara xaricdən, daxildən və media, sosial şəbəkələr vasitəsilə dəstək verirlərsə, düşünürəm ki, çox yanlış bir addım atırlar. Hesab edirəm ki, qanun çərçivəsində onların da cavabları verilməlidir”.

Millət vəkili Fazil Mustafa da Gəncə hadisələrini Azərbaycan dövlətinə qarşı çevrilən əvvəlcədən planlaşdırılan iğtişaşa niyyətli bir aksiya kimi dəyərləndirib. Bildirib ki, baş verənlər bilavasitə kənar qüvvələrin Gəncə üzərindən Azərbaycan dövlətinə qarşı müəyyən təxribatları gerçəkləşdirmək hərəkətidir. Onun sözlərinə görə, belə hərəkətlərə yol verən ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır: "Bir qrup insanlar var ki, xaricdə hazırlanaraq cəmiyyətin içərisində yerləşdirilib. Həmin şəxslər din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar. Bu istiqamətdə xarici ölkələrin həm saytları, həm ayrı-ayrı mütəxəssisləri ciddi işlər görürlər. Onlar cəmiyyətin içərisinə İslam dininin təbliğatçıları, onun pərəstişkarları adı altında müəyyən mövhumat elementlərinin daşıyıcısı olan, tamamilə başqa ideologiyanı mənimsəmiş insanların yerləşdirilməsini təmin edirlər. Gəncədə həm icra başçısına, həm də polislərə qarşı həyata keçirilən açıq-aşkar qətliam onu göstərdi ki, bu ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır. Əks halda, dünyəvi dövlət modelimizi ciddi şəkildə təhlükə altına ala bilərlər. Bizim bu məsələdə prinsipal mövqeyimiz budur ki, bu cür hadisələrin təkrarlanmaması üçün indidən bu cür radikal görüşlərə malik qüvvələrin zərərsizləşdirilməsinə daha ciddi yanaşmalıyıq”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər