• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

Radikal oğurluq

20.02.19 19:22 1460
Radikal oğurluq
Azərbaycan hökuməti uzun illərdir ölkədə 90-cı illərin əvvəllərindən qalma problemlərin həlli istiqamətində addımlar atır. Ölkənin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, mövcud infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılması, mövcud əmək haqqı, müavinət və təqaüdlərin artırılması üçün görülən işlər inkaredilməz dərəcədədir. Lakin ölkəni və vətəndaşları problemlərlə üz-üzə qoyaraq hakimiyyətdən gedərək, radikal müxalifətə çevrilən bəziləri mövcud iqtidarın, o cümlədən Prezident İlham Əliyevin gördüyü işləri bir anda öz adlarına çıxmağa çalışırlar. "Milli Şura” adlanan qurum, xüsusilə AXCP sədri Əli Kərimli guya yanvarın 19-da cəmi 2800 nəfərlə keçirdiyi mitinqlə guya şəhid ailələrinə "birdəfəlik müavinət”in verilməsinə, əmək haqlarının, tələbə təqaüdlərinin artırılmasına və digər sosial yönümlü addımlara səbəb olduqlarını iddia edir. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” adlı məqaləsində də qeyd etdiyi kimi Əli Kərimli indi də əhalinin kredit borcları üzərində ucuz şou düzəltməyə çalışır. Bu da belə qənaətə gəlməyə əsas verir ki, radikallar hakimiyyətin atacağı addımlara dair sızan məlumatlarla bağlı kampaniya təşkil edib, məsələni "öz əməklərinin nəticəsi” kimi göstərməyə çalışırlar.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bu gün radikal müxalifətin cəmiyyətə təqdim edə biləcək uğurları yoxdur: "Bunların heç vaxt problemlərin həlli ilə bağlı proqramları, təklifləri olmayıb. Həmişə sadəcə hakimiyyəti tənqid etməklə işlərini bitmiş hesab ediblər. Belə çıxır ki, guya tənqidləri müsbət nəticəyə gətirib çıxarıb. Bu gün radikal müxalifət cəmiyyət qarşısında özünün varlığını sübut etmək, tərəfdarlarını çoxaltmaq üçün yox, ətrafındakıları qoruyub saxlamaq üçün siyasi oğurluğa yol verir, hakimiyyətin gördüyü işləri öz adına çıxmağa çalışır. Hansı ki, hakimiyyət bu gün strateji məsələlərin, sosial problemlərin, vətəndaşların qarşılaşdığı məsələlərin həll edilməsində böyük uğurlar qazanıb. İş yerləri açılır, əmək haqları artırılır, şəhid ailələrinin müavinəti ödənilir, regionların inkişafı ilə bağlı qərarlar qəbul edilir. Bütün bunların hamısı indiki hakimiyyətin, şəxsən ölkə prezidenti İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bu fəaliyyətin nəticəsidir ki, prezident seçkilərində vətəndaşlar İlham Əliyevə 80 faizdən çox səs veriblər. Əgər radikal müxalifət bu gün cənab prezidentin fəaliyyətini dəstəkləyirsə, bunu açıq şəkildə desin. Ancaq onun fəaliyyətinin nəticələrini öz adlarına çıxmaları kənardan çox gülünc görünür. Bunu cəmiyyət də görür və kimin hansı fəaliyyətlə, nə işlə məşğul olduğu, bu ölkənin inkişafına, müstəqilliyinin möhkəmlənməsinə nə töhfə verdiyini bilir”.
A.Mirzəzadə əlavə etdi ki, radikal müxalifət düşərgəsi cəmiyyəti aldatmağa çalışır: "Belə hesab edirlər ki, bunların yalanlarına kimlərsə inanacaqlar və tərəfdarı olacaqlar. Dövlət başçısı vaxtaşırı cəmiyyət qarşısında hesabat verir, görüləcək işlərin anonsunu edir, islahatların davam etdiriləcəyini bildirir. Bunun qarşılığında müxalifətin deyəcəyi bir şey yoxdur. Görülən işləri öz adlarına çıxmaq ənənəsi isə siyasətdə uğur qazanmayan insanların atdığı addımlardandır. Kimin nə deməsindən asılı olmayaraq, bugünkü müstəqilliyimizin qorunub saxlanması, iqtisadi inkişafımız, insanların sosial problemlərinin həll edilməsi üçün proqramların hazırlanması kimi məsələlər Azərbaycan iqtidarının, cənab prezidentin gündəlik fəaliyyətinin tərkib hissəsidir və bunun radikal müxalifətə heç bir aidiyyatı yoxdur”.
Millət vəkili Musa Qasımlı bildirdi ki, Azərbaycanda söz, mətbuat, fikir azadlığı var və kim hansı fikri istəsə söyləyə bilir: "Heç kimin fikir söyləməsinin qarşısını alan yoxdur. Bəzi müxalifətçilərin guya onlar dedikdən sonra cənab prezidentin bir sıra məsələləri həll etməsinin nə dərəcədə reallığa uyğun gəlib-gəlməməsini öyrənməkdən ötrü dövlət başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışını oxumalarını məsləhət görərdim. Hələ 19 yanvar mitinqi olmamışdan xeyli əvvəl prezident İlham Əliyev nitqlərində şəhid ailələri ilə bağlı məsələlərin əsaslı şəkildə həll ediləcəyini, pensiyaların, təqaüdlərin və minimum əmək haqqının artırılacağı barədə fikirlərini söyləmişdi. Həmin müxalifətçilər anlamalıdırlar ki, dövlət başçısının və hökumətin konkret planları var. Hökumət həmin planları həyata keçirir. Hansısa müxalifətçinin nə və necə deyib-deməməsindən asılı olmayaraq, Azərbaycan hakimiyyəti öz işini görür. Qeyd edilən məsələləri və ölkədəki digər problemləri müxalifət deyil, dövlət başçısı həll edir”.
M.Qasımlı müxalifətin hansı səbəbdən belə iddialarla çıxış etməsinin səbəbini də açıqlayıb: "Hesab edirəm ki, müxalifətçilərin belə fikirlər söyləməsi sosial baza toplamaq üçün ucuz təbliğat vasitələrindədir. Amma bizim xalqımız çox müdrikdir. Problemləri kimin həll etdiyini, kimin ona yaxın olduğunu, kimin isə ondan öz məqsədləri üçün istifadə etdiyini çox yaxşı bilir”.
Deputat müxalifətin təşkil etdiyi mitinqlərə gedənlərə də səslənib: "Mitinqə gedənlər bilməlidirlər ki, onların istəkləri aksiyalarda həll olunmur. Onların problemlərini Azərbaycan dövləti və hökuməti həll edir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər