• cümə axşamı, 28 mart, 14:01
  • Baku Bakı 16°C

Radikal müxalifətin özünüifşası

21.01.19 18:39 769
Radikal müxalifətin özünüifşası
Azərbaycan müxalifətinin, xüsusən də bu düşərgədə yer alan radikal qanadın elektoratı tamamilə tükənib, sosial bazası dağılıb. Yanvarın 19-da Milli Şura və AXCP-nin birgə təşkil etdiyi mitinq bu həqiqəti növbəti dəfə ortaya çıxardı. Həmin gün bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi-cümlətanı 2800 nəfər iştirak etdi. Əvvəlcədən gözlənildiyi kimi, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. 25 ildən çoxdur dəyişməyən simalar, şüarlar, populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı. Halbuki, Cəmil Həsənli və Əli Kərimli, eləcə də onların başına toplaşanlar sosial media üzərindən ictimaiyyətə müraciətlərində, xarici dairələrin maliyyəsi ilə fəaliyyət göstərən media qurumlarına müsahibələrində geniş xalq kütlələrinin mitinqdə toplaşacağını söyləyir, on minlərlə tərəfdarın aksiyaya dəstək verəcəyini bildirirdilər.
Hər zaman olduğu kimi, bu dəfə də onların yalanının ömrü heç 40 gün də çəkmədi. Bakı şəhərinin mərkəzi ünvanlarından birində, "İnşaatçılar” metro stansiyasının düz yaxınlığında yerləşən "Məhsul” stadionuna 2800-ə yaxın insan ancaq toplaşdı. Əgər nəzərə alsaq ki, aksiyanın keçirildiyi vaxt öz peşə borcunu yerinə yetirən media nümayəndələri, aksiya iştirakçılarının təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanının əməkdaşları da orada olub, bu zaman mitinqdəkilərin sayının bir qədər də az olduğunu aydın təsəvvür edə bilərik. Məhz buna görə də mitinqdə iştirak edən "liderlər”, eləcə də onların şəninə tərif söyləyən, aparıcılıq edənlər tez-tez kütləyə müraciət edərək, onları yalnız tribunanın qarşısında toplaşmamağa, bir qədər seyrək dayanmağa səsləyirdilər. Bununla da onlar guya stadionun tamamilə dolduğunu, aksiyaya on minlərlə insanın gəldiyini göstərməyə çalışırdılar. Lakin tribunadakıların çağırışları, bu cür hiyləgərlikləri də radikal müxalifətin dəstəyinin az olduğunu pərdələyə bilmədi. Mitinqin gedişində çəkilən foto-video görüntülər əsl həqiqəti çılpaqlığı ilə ortaya qoydu.
Bundan başqa, mitinqin gedişində diqqət çəkən məqamlardan biri də bu oldu ki, Ə.Kərimlinin, C.Həsənlinin və digərlərinin çağırışlarına rəğmən, heç müxalifətin özündən də bu aksiyaya ciddi dəstək verilməyib. Bu, radikal müxalifətin daxilindəki fikir ayrılığının, qarşıdurmanın, "liderlər”in bir-birlərini qəbul etməməsinin növbəti təzahürüdür. Elə buna görə də digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edən Ə.Kərimli özünü müxalifətin lideri kimi qələmə verməyə çalışdı, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi və kütləyə adəti üzrə inanılmaz vədlər verdi. Beləliklə də Ə.Kərimli və dəstəkçilərinin bu dəfə də Mehman Hüseynov üzərindən oyun qurmaq, baş vermiş hər hansı hadisəni şişirdərək şəxsi maraqlarını təmin etmək cəhdi uğursuzluqla sona çatdı. Bu amil bir daha göstərdi ki, vətəndaşlar radikal qrupların çağırışlarına biganə yanaşır, əhəmiyyət vermir. Yazının əvvəlində qeyd etdiyimiz kimi, sözügedən mənzərə radikal qrupların Azərbaycanda sosial dayaqlarının olmadığını gün işığına çıxarır.
Bir məqamı da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Keçirilən etiraz aksiyası həm də son vaxtlar ölkədə aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü də sayıla bilər.
Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan müxalifətinin yanvarın 19-da mitinq keçirməsinin səbəbini son günlər ermənipərəst mərkəzlərin Azərbaycan ətrafında siyasi şou kampaniyası başlatması ilə əlaqələndirmək mümkündür. Onun sözlərinə görə, M.Hüseynov məsələsi ətrafında qurulan siyasi kampaniya eyni mərkəzdən komanda almış kimi bütün "5-ci kalon”un nümayəndələrini hərəkətə gətirib. Millət vəkili deyib ki, qısa müddət ərzində bu kampaniyanın əsassız olduğu isbatlanıb: "Mehman Hüseynov məsələsində hüquqa zidd heç bir hadisə baş vermədiyi qısa müddətdə bütün ictimaiyyətə məlum oldu. Avropalı diplomatlar təcridxanaya getdilər və bəlli oldu ki, doğrudan da heç bir qanun pozuntusu yoxdur. Buna rəğmən, Azərbaycana qarşı təşkil olunmuş bu kampaniya səngimir. Çünki anti-Azərbaycan mərkəzlər bu tapşırıqların icrasını davam etdirirlər. Düşünürəm ki, yanvarın 19-da təşkil olunan mitinq də bu kampaniyanın tərkib hissəsi idi. Mitinq cəmiyyətin siyasi sifarişi olmadığı üçün 10-a yaxın siyasi partiyanın birgə təşkil etməsinə baxmayaraq, yenə uğursuz oldu. İctimai fəal fərdlər belə aksiyanı dəstəkləmədilər. Çünki bu addım süni şəkildə gündəmi dəyişməyə hesablanmış bir addım idi. Azərbaycan ictimaiyyətinin sosial sifarişi və tələblərindən irəli gələn mitinq deyildi”.
H.Babaoğlu mitinq uğursuzluğunu pərdələmək üçün radikal müxalifət nümayəndələrinin 20 Yanvar şəhidlərinin anım günündə, Azərbaycan xalqının and yeri və müqəddəs şəhidlərimizin uyuduğu məkanda yeni bir siyasi təxribata əl atmasına da diqqət çəkib. Bildirib ki, özünü Milli Şura adlandıran qurum bu davranışı ilə ilk növbədə Azərbaycanın dəyərlərinə hörmət etmədiyini ortaya qoyub. Onun sözlərinə görə, siyasi əxlaq baxımından kasad olan radikallar Azərbaycanın ən müqəddəs dəyərlərini də siyasi spekulyasiya predmetinə çevirməyə hazır olduqlarını nümayiş etdiriblər: "Çünki onlara tapşırıq bu şəkildə gəlib. Azərbaycanda mənəvi deqradasiya aparmağa çalışırlar. Azərbaycanda siyasi şantaj və istismarla məşğul olmaq istəyirlər. Bunun müqabilində isə anti-Azərbaycan mərkəzlərdən pul almaq niyyəti güdürlər. Milli Şura üzvlərinin fəaliyyəti əslində bundan ibarətdir. Düşünürəm ki, onlar müasir texniki vasitələrdən yararlanıb sosial şəbəkələrdə canlı yayımlar etməklə, bu məsələni sosial mediada şişirtməklə, əslində anti-Azərbaycançı mərkəzlərdən aldıqları sifarişlərin yerinə yetirilməsi ilə bağlı bəlli dairələrə hesabatlar verirdilər. Azərbaycan ictimaiyyəti isə bu halı çox mənfi qarşıladı. Müdrik xalqımız heç zaman imkan verməyib ki, hansısa məkrli qüvvələr onun ictimai rəyi ilə manipulyasiya etsin. Hesab edirəm ki, 19 yanvar mitinqi və bunun davamı olaraq 20 yanvarda təşkil olunan süni ajiotaj bir daha Milli Şura adlandırılan qurumun özünü ifşası ilə nəticələnmiş oldu”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər