• çərşənbə, 17 Aprel, 03:48
  • Baku Bakı 14°C

Radikal müxalifətin terrorçu mahiyyəti

09.07.18 19:02 941
Radikal müxalifətin terrorçu mahiyyəti
Gəncədə baş verən cinayət hadisəsindən sonra özlərini "demokrat” adlandıran və guya hər zaman hüququn aliliyi prinsipindən çıxış etdiklərini deyən radikal müxalifət və onlara dəstək verənlər hadisəni törədən şəxsi müdafiə etməyə başlayıb. Xüsusilə, xaricdən maliyyələşən "siyasi mühacirlər” durmadan ölkə vətəndaşlarını itaətsizliyə çağırışlar edirlər. Halbuki, hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarından sonra Gəncədə baş verən olayın terror hadisəsi olduğu təkzibolunmaz faktlarla ictimaiyyətə bəlli olub. Amma buna baxmayaraq, hadisəni törətmiş Yunis Səfərov anti-milli ünsürlər və radikal müxalifət tərəfindən sosial şəbəkələrdə cəmiyyətə "qəhrəman” kimi təqdim edilir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, ümumiyyətlə, müxalifət məsələsində təsnifata baxmaq lazımdır: "Bir var ki, hakimiyyətə müxalif olursan və problemləri qaldırırsan, həll yollarını göstərirsən, eləcə də iqtisadiyyat və ya müxtəlif sahələrlə bağlı proqramı bəyənmirsən və öz təklifini verirsən. Bu olur müxaliflik. Bir də var ki, dövlətə müxalif olursan. Öz dövlətinin dayaqlarını sarsıdırsan, gözdən salırsan, imicinə zərər vurursan və s. Adını radikal müxalifət qoyanlar öz dövlətinə qarşı radikallıq edir. Onlar heç vaxt düşmənə qarşı radikallıq etmədilər. Belələrinə evdə xoruz, çöldə toyuq deyirlər. Hadisəni kimin törətməyindən və kimə qarşı edilməsindən asılı olmayaraq, bir dövlət məmuruna atəş açılıb. Bu hadisə ilə bağlı araşdırmalara aparılır. Amma baş verən hadisənin ilk qiyməti belə olmalıdır ki, bu dövlətə və onun məmuruna qarşı atılan addımdır, sui-qəsddir, terrordur. Məhz dövlətin dayaqlarını sarsıtmağa yönələn hərəkətdir. Bunu qınamamaq özü qəbahətdir”.
F.Quliyev qeyd etdi ki, bu hadisəni müdafiə eləmək terrorçunun yanında olmaq deməkdir: "Eləcə də, dövlətə qarşı yönələn hadisənin yanında olmaqdır, bir sözlə, dövlətə qarşı çıxmaqdır. Bu, belə qiymətləndirilməlidir və açıq şəkildə adı ilə deyilməlidir. Ona görə də hesab edirəm ki, bu cür məqamlarda belə qruplar, təşkilatlar ictimai qınaqdan başqa, həm də dövlət tərəfindən xüsusi bir mexanizmlə cəzalanmalıdır. Biz çox yumşaq davranırıq. Terrorçuya dəstək vermək, fikrimcə, terrorçunu maliyyələşdirmək kimi bir şeydir. Hər zaman hakimiyyətin belə addımlarına qarşı çıxmışam, demişəm ki, belə məsələlərdə yumşaq davranmaq olmaz. Belə adamlar istənilən məqamda dövlətin maraqlarına zərbə vurmağa hazırdırlar, istənilən anda dövlətin sarsılmasında, qarışıqlıq düşməsində maraqlıdırlar. Onların adları və bağlandıqları yer də məlumdur. Biz bilirik ki, "Milli Şura” adlanan qurum Rusiyada Cərrahiyyə İnstitutunun akt zalında yaradıldı və Azərbaycan ixrac edildi. Müsavat partiyası və bir qrup şəxs bunu bildikdən sonra həmin qurumdan ayrıldı. Ona görə də hesab edirəm ki, bunlar haqqında xüsusi araşdırmalar aparılmalıdır və buna hüquqi qiymət verilmədir. Tək ictimai qınaqla bunlar kənarda qalmalı deyil”.
Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri, "Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov bildirdi ki, Gəncədə baş verən olay terror hadisəsidir: "Ona görə ki, böyük bir şəhərin icra başçısının hərəkət trayektoriyasını izləmək bir sadə insanın işi deyil və hər halda, təlim görən şəxsin əməlidir. Demək olar ki, uzun müddət hazırlıq aparılıb. Belə bir terror hadisəsinin dəstəklənməsi isə qətiyyən yolverilməzdir. Ancaq və ancaq ölkədə sabitliyin pozulmasına istəyən adamlar bu hadisəni törətmiş şəxsə dəstək verə bilərlər. Hətta separatçı Əlikram Hümbətov da Niderlandda Yunis Səfərovun hüquqlarını müdafiə komitəsi yaradır və müraciət edir ki, hər kəs bu məsələdə bizimlə əlaqə saxlaya bilər. Azərbaycanın daxilində isə özünü demokrat adlandıran, guya dövlətini sevdiyini bəyan edərək terrorçunu müdafiə edənlər, Əlikram Hümbətovdan fərqli düşünməyən adamlardır. Belələri istəyir ki, ölkədə xaos yaradılsın və Azərbaycan Suriyaya çevrilsin. Amma təbii ki, Azərbaycan cəmiyyətinin böyük bir qismi, ziyalılar, ictimaiyyətə təsir gücü olan kəsim bu məsələləri dəstəkləmir, hətta etiraz edir. Hesab edirik ki, Yunis Səfərovu dəstəkləyənlər elə onun kimi terror düşüncəsinə sahib olanlardır. Xüsusilə, Milli Şura adlı quruma yaxın olan adamların bu kimi düşüncələri göz qabağındadır. Biz hər zaman demişik ki, Milli Şura Azərbaycana xaricdən sırınan bir layihədir və bu gün Yunis Səfərovun hüquqlarının müdafiəsi adı altında edilən çağırışlar xaricdən dəstəklənən sifarişlərin bəhrəsidir. Təəssüf edirik ki, belə adamlar hələ də cəmiyyətimizdə var”.
R.Becanov vurğuladı ki, hansısa aksiya ilə bağlı çağırışlar da həmin terroru planlaşdıran qüvvələr tərəfindən edilir: "Bu çağırışların sosial şəbəkələrdə yayılması insanları çaşdırmaq məqsədi daşıyır və belə çağırış edənlər "nəyə nail ola biləriksə, ora qədər gedək” fikrindədirlər. İnanmıram ki, Azərbaycan xalqının düşünən hissəsi və gəncəlilər belə bir aksiyaya dəstək versinlər. Gəncəni ax-çox tanıyan biri kimi deyə bilərəm ki, gəncəlilər hər zaman dövlətə arxa-dayaq olublar və onlar terrorçuya dəstək verə bilməzlər. Bu çağırışları edənlər öz ağalarından aldıqları sifarişləri yerinə yetirirlər. Bunun arxasında terrorçu qruplar dayanır və onlar da daxildəki əlaltılarından istifadə edərək, çağırışları cəmiyyətə sırımağa çalışırlar. Amma bizim cəmiyyətimiz dəfələrlə belə hadisələrin şahidi olub, lakin heç zaman dəstək verməyib və verməyəcək də. Çünki belə çağırışların arxasında hansı məqsədlərin durduğu cəmiyyətə aydındır”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər