• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

“Radikal müxalifətdə siyasi tərbiyə yoxdur”

18.10.13 11:38 1935
“Radikal müxalifətdə siyasi tərbiyə yoxdur”
Azərbaycan xalqı 9 oktyabrda prezidentini seçdi. Seçkidən dərhal sonra əvvəlcə “exit-poll”un, ardınca Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri elan olundu. Bəlli oldu ki, hazırkı dövlət başçısı seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, yenidən Prezident seçilib. Artıq Mərkəzi Seçki Komissiyası da 9 oktyabrda keçirilmiş prezident seçkilərinə yekun vurub. Prezident seçkisinin gedişatı, seçicilərin fəallığı, müşahidəçilərin rəyləri, beynəlxalq təşkilatların reaksiyası, radikal müxalifətin seçkiyə münasibəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev cavablandırır.
- Musa müəllim, Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Millət vəkili kimi bu seçkinin gedişini, seçici aktivliyini, nəticələri necə qiymətləndirirsiniz?
- Mən 20 ildir seçki prosesində bu və ya digər formada iştirak edirəm. Son dövr keçirilən seçkilərdə isə həm də müşahidəçi kimi prosesi izləmişəm. Azərbaycanda indiyə qədər keçirilən seçkilər içərisində son prezident seçkiləri kimi yüksək səviyyədə keçiriləni olmayıb. Seçkinin həm təşkilati və texniki təminat tərəfləri, həm də vətəndaş fəallığı yüksək səviyyədə idi. Müşahidəçilər üçün də lazımi şəraitin yaradılması, seçki dövründə prosesin gedişatına ciddi təsir edəcək qanun pozuntularına rast gəlinməməsi, seçkidə iştirak edən minlərlə müşahidəçinin böyük əksəriyyətinin seçkini yüksək qiymətləndirməsi Azərbaycanda demokratiyanın inkişafının əyani sübutudur. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətçiliyi də inkişaf edib. Azərbaycan vətəndaşları öz dövlətinin sahibidir. Onlar öz dövlətlərinin gələcək siyasətini müəyyənləşdirməkdə olduqca maraqlıdırlar. Əgər belə olmasaydı səsvermə hüququna malik vətəndaşların 72 faizi seçkidə iştirak etməzdi. Ağı qaradan seçməyi bacaran müdrik xalqımız seçki günü məntəqələrə gələrək, layiqli namizədə səs verdi. Sonradan həm səsvermənin ilkin nəticələri, həm də “exit-poll”arın nəticələri sayəsində aydın oldu ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyev seçicilərin 80 faizindən çoxunun səsini toplayaraq növbəti beşillik üçün Azərbaycan Prezidenti seçilib. Elin gözü tərəzidir, deyiblər. Seçkidə hazırkı dövlət başçısı İlham Əliyevin qələbə qazanması ötən 10 il ərzində prezident kimi onun fəaliyyətinin nəticəsidir. Onun əməyinə Azərbaycan xalqı tərəfindən verilən ən yüksək qiymətdir, ona bəslənilən böyük etimaddır.
- Digər parlament üzvləri kimi Siz də seçki prosesində müşahidəçilik etmisinizmi?
- Mən seçki hazırlığı dövründə MDB-dən olan monitorinq qrupunu müşayiət etdim. Seçki dairə və məntəqələrində seçkiyə yüksək səviyyədə hazırlıq getdiyinin əyani şahidi oldum. Bütün işlər təlimata uyğun həyata keçirilirdi. Demək olar ki, bütün seçki dairələri yeni istifadəyə verilmiş inzibati binalarda yerləşirdi. Onların öz işlərini görməsi üçün bütün imkanlar var idi. Bütün bunlar monitorinq və müşahidə qrupunun üzvləri tərəfindən də yüksək qiymətləndirildi. Seçki günü isə bütün ölkə ərazisindəki seçki məntəqələrində müşahidələr aparılırdı. Bu müşahidələri aparanlar isə həm yerli, həm də xarici müşahidəçilər idi. Müxtəlif ölkələri təmsil edən müşahidəçilər seçkidən sonra bəyanatla çıxış edərək bildirdilər ki, Azərbaycanda keçirilən prezident seçkiləri nəinki Avropa standartlarına uyğundur, hətta bir sıra Avropa dövlətlərinə nümunə ola bilər. Onlar öz çıxışlarında seçki məntəqələrində seçki prosesinin video-kameralar vasitəsilə birbaşa izlənməsini xüsusi vurğuladılar. Bu, seçki prosesində müasir texnologiyaların tətbiqi, eyni zamanda, aşkarlığa xidmət edən amil kimi qiymətləndirildi. Özüm isə şəxsən Sumqayıt şəhərindəki 22 seçki məntəqəsində müşahidə apardım. Hər dəfə seçki məntəqəsinə daxil olanda ilk növbədə müxalifətin müşahidəçiləri ilə söhbət edir, onların seçkinin gedişatı ilə bağlı fikirlərini öyrənirdim. Onların heç biri hər hansı qanun pozuntusu barədə məlumat vermirdilər. Seçkinin normal, qaydalara uyğun şəkildə, demokratik və şəffaf keçdiyini bildirirdilər. Lakin təəssüf ki, seçki başa çatandan sonra radikal müxalifətin seçki prosesinə zidd olan bəyanatlarını izlədim. Halbuki, onların nümayəndələri gün ərzində seçkinin uğurla keçdiyini dilə gətirirdilər. Təbii ki, bu, başadüşülən deyil. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamenti və “Freedom House” beynəlxalq təşkilatının qərəzli mövqeyi istisna olmaqla, seçkini müşahidə edən bütün beynəlxalq müşahidəçilər seçkinin yüksək səviyyədə, demokratik prinsiplərə uyğun, şəffaf şəkildə keçdiyini bəyan etdilər. Seçkinin bu şəkildə qiymətləndirilməsi bizim siyasi və demokratik həyatımızdakı uğurun göstəricisidir.
- Sizcə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ABŞ Dövlət Departamenti və “Freedom House” beynəlxalq təşkilatının qərəzli mövqeyi nə ilə bağlıdır?
- Adıçəkilən təşkilatların qərəzli mövqeyini həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq aləm qınamaqdadır. Əsl gerçəklikdə, həmin təşkilatların mövqeyinin Azərbaycandakı proseslərə heç bir təsiri yoxdur. Onların sərgilədikləri mövqe, yaydıqları bəyanatın mətni əvvəlcədən hazırlanmışdı. Gözləyirdilər ki, seçki sona çatsın və bəyanatı səsləndirsinlər. Bunun da məqsədi var. Onlar Azərbaycanda özlərinin müəyyən maraqlarını təmin etmək istəyirlər. Həmin o çirkli maraqlar Azərbaycanın milli mənafeyinə uyğun gəlmədiyi üçün qəbul edilmir. Bunlar da öz aləmlərində ölkəmizə təsir göstərməyə çalışırlar. Bütün hallarda Azərbaycan xalqının maraqları ilə üst-üstə düşməyən, milli mənafeyimizə zidd maraqlar qəbuledilməzdir. Məhz buna görə həmin qüvvələr Azərbaycanda demokratiyanın olmaması, insan haqlarının pozulması kimi fikirlər səsləndirir, müəyyən görüntü yaratmağa çalışdılar. Bununla onlar, özlərinin antidemokrat, həqiqətdən kənar olduqlarını ortaya qoydular.
- Milli Şurada təmsil olunan radikal müxalifət liderləri də onlarla eyni mövqedən çıxış edirlər...
- Seçkidən sonra müxalifətin radikal qanadının təyin etdiyi mitinqə az sayda insanın toplaşması, onların dəstək tapmamaları göstərdi ki, seçkilər Azərbaycan xalqının iradəsinə uyğun, demokratik və aşkarlıq şəraitində keçib. Milli Şuranın bu aksiyasına dəstəyin verilməməsi kimin kim olduğunu nümayiş etdirdi. Göründü ki, Azərbaycan xalqı Prezident İlham Əliyevlə, onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ilə birlikdədir. Belə olan halda ən doğru yol o olardı ki, müxalifət liderləri özlərində cəsarət taparaq, seçkidə qalib olan İlham Əliyevi təbrik edəydilər. Ardınca isə məğlubiyyətlərini etiraf edib siyasətdən gedəydilər. Bu, yüksək siyasi mədəniyyət sayılardı. Bütün sivil dünyada siyasi partiya lideri, yaxud hansısa siyasi blok təmsilçiləri seçkilərdə uğur qazanmasa, ya məğlubiyyətlərinin səbəblərini xalqa izah edir, ya da istefaya gedirlər. Bununla da siyasi fəaliyyəti, siyasi meydanı yeni nəslin ixtiyarına buraxırlar. Lakin göründüyü kimi, Azərbaycanın radikal müxalifətində siyasi tərbiyə yoxdur. 20 ildən artıqdır ki, Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində məğlub olurlar. Buna baxmayaraq, özlərində cəsarət tapıb gücsüzlüklərini etiraf etmir, nöqsanlarını araşdırmır, siyasi meydanı digər partiyadaşlarına buraxmırlar. Bir növü, siyasi müxalifətin radikal qanadını monopoliyada saxlayırlar. Bununla da sağlam siyasi müxalifətin formalaşmasına, demokratik proseslərin tam şəkildə inkişaf etməsinə zərbə vururlar. Yeni Azərbaycan Partiyası güclü, sağlam və konstruktiv müxalifətin olmasının tərəfdarıdır. Belə bir müxalifətin olması iqtidarın da öz fəaliyyətini lazımi məqamlarda korrektə etməsinə səbəb ola, haqlı tənqidlərdən nəticə çıxarmasına təsir edə bilər. Lakin, əfsuslar ki, belə bir müxalifət Azərbaycanda yoxdur. Onun formalaşmasına əngəl törədənlər isə müxalifətin radikal qanadıdır. Uzun illər müxalifətdə qalıb saç-saqqalı ağardanlar bu acı həqiqəti dərk etmirlər ki, onlar müxalif düşərgədə sağlam proseslərin inkişafına əngəl törədirlər.
- Milli Şuranın 12 oktyabr mitinqində gənclərin təxribat törətməyə sövq edilməsi, oktyabrın 20-də isə onların icazəsiz aksiyaya dəvət edilməsi radikal müxalifətə nə üçün lazımdır?
- Seçkidən sonra mitinqin təyin edilməsi təxribat xarakterli bir qərar idi. Əgər bu insanlar namuslu siyasətçilər olsaydılar, dərk edərdilər ki, onların seçki taktikası əvvəlcədən uğursuzluq üzərində qurulub. Seçkiyə 2 ay qalmış nə namizəd, nə də kurs müəyyən etməzlər. Son prezident seçkilərindən sonra müxalifətin 5 il vaxtı var idi ki, növbəti seçkiyə ciddi hazırlaşsınlar. Ancaq onlar bunu etmədilər. Seçkiyə az müddət qalmış bir Milli Şura ideyasını atdılar ortalığa, sonra da siyasətdən kənar adamı, kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə lider seçdilər. Liderləri seçkiyə qatılmaqdan imtina edəndən sonra isə tarixçi Cəmil Həsənlini bəzəyib ortaya çıxardılar. Halbuki Cəmil Həsənli indiyə qədər siyasi proseslərin heç birində özünün liderlik keyfiyyətini göstərməmişdi. Belə bir uğursuz namizədlə seçkiyə gedən Milli Şura, oradakı liderlər məğlub olacaqlarını əvvəlcədən görməliydilər. Reallıqda radikal müxalifət liderlərinin məqsədi heç də Azərbaycanda normal, demokratik seçkilərin keçirilməsi deyildi. Onların məqsədi himayədarlarından aldıqları maliyyə vəsaitini necə və hara xərclədikləri barədə hesabatlar vermək idi. Həm seçkidən əvvəl, həm də seçkidən sonra təyin edilən mitinqlər də buna hesablanmışdı. Elə mitinqdə iştirak edən gənclərin təxribat xarakterli addımları da bu amala xidmət edirdi. Fikir verdinizsə, seçkidən dərhal sonra Milli Şuranın prezidentliyə namizədi dərhal Avropaya qaçdı. Təcili getdi ki, himayədarlarına hesabat versin. Alınan böyük məbləğdə pulların hara, nə məqsədlə xərcləndiyini izah etsin. Üstəlik, yeni maliyyə yardımları alsın ki, yenidən fəaliyyətini qura bilsin, növbəti təxribatları törətsin. Amma mən hesab edirəm ki, bu kimi işlərlə, eləcə də mitinqlər, icazəsiz aksiyalar keçirməklə, gəncləri təxribata, qarşıdurmaya sövq etməklə radikal müxalifət, nə ölkə daxilindən, nə də xaricdən heç bir dəstək ala bilməyəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər