AZE | RUS | ENG |

Radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?

Radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?
Partiya sədrlərinin fikrincə, anarxist, dağıdıcı, qisasçı mahiyyət daşıyan radikal müxalifətin sosial dayaqları yoxdur

Müxalifətin dağıdıcı, anarxist düşərgəsi olan "radikal müxalifət” qanadı günbəgün əsl simasını göstərməkdədir. 90-cı illərin ab-havasından çıxa bilməyən bu qüvvələrin ötən illər ərzində müxtəlif adlar altında birləşməsi və yenidən bir-birini təhqir edərək ayrılmasının dəfələrlə şahidi olmuşuq. Belə qüvvələr indi də "Milli Şura”, "Azərbaycan Xalq Hərəkatı” və sair adlar altında bir araya gəliblər.
Siyasi mübarizənin necə aparıldığını öyrənə bilməyən bu qüvvələr gəlişigözəl adlar altında birliklər yaradaraq özlərini cəmiyyətə sırımağa cəhd edirlər. Söyüş və təhqirləri "demokratik” yanaşma kimi sərgiləyən bu qüvvələr cəmiyyət tərəfindən qəbul edilmir. Bunu açıq şəkildə həm mediadan, həm də sosial şəbəkələrdən görmək olar. Belə olan halda, köhnə təfəkkürlü, yalnız dağıdıcı mövqedə olan və təhqirlərdən o yana keçə bilməyən radikal müxalifət Azərbaycan cəmiyyətinə lazımdırmı?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, demokratik cəmiyyətdə iqtidarla bərabər müxalifət də olmalıdır: "Bu, demokratik cəmiyyətin çox vacib göstəricisidir. Bu gün Azərbaycanda müxalifət çoxqütblüdür. Müxalifətin konstruktiv qanadı var ki, müxalifətdə dayanaraq Azərbaycan dövlətçiliyinə, demokratik proseslərin inkişafına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Onların əksəriyyəti bu gün Milli Məclisdə təmsil olunur. Lakin müxalifətin həm də dağıdıcı, anarxist qanadı da var ki, bunlar hələ də köhnə təfəkkürlə, düşüncə tərzi ilə yaşayır və intellektual inkişafdan geri qalırlar, hadisələrin gedişinə innovativ yanaşmaları yoxdur. Bundan əlavə, müxalifətdə dayanaraq dövlətçiliyə xidmət etmək kimi düşüncə tərzi mövcud deyil. Belə bir müxalifət özünü qoruyub saxlamaq üçün ən müxtəlif vasitələrə əl atır. Bəlli olduğu kimi, anarxist, dağıdıcı, qisasçı mahiyyət daşıyan bu müxalifətin Azərbaycanda sosial dayaqları yoxdur. Onlar artıq tükəniblər və cəmiyyət tərəfindən müdafiə olunmurlar. Xalq bunları qəbul etmədiyi halda, özlərini yaşatmaq üçün nə etməlidirlər? Ona görə də yığışırlar, ən müxtəlif gəlişigözəl adlar altında birliklər, ittifaqlar yaradırlar və onun ətrafında fikir mübadiləsi aparıb gündəmdə qalmağa çalışırlar. Biz bunun son nəticəsini "Azərbaycan Xalq Hərəkatı” adlı qurumda gördük. Tükənən, artıq siyasətdə yeri və söz sahibi olmayan, vaxtilə xalq hərəkatında bu və ya digər şəkildə iştirak edən bəzi simalar, eləcə də bir nəfər sədrdən ibarət olan partiya rəhbərləri də bura qoşularaq gündəmdə qalmaq üçün görüntü yaradırlar. Bunun da, əlbəttə ki, perspektivi yoxdur”.
 
 
 
F.Ağamalı qeyd etdi ki, bu cür insanlar əslində ölkədə siyasi proseslərin inkişafına heç bir töhfə vermirlər: "Əksinə, onlar siyasi proseslərin gedişinə kölgə salırlar. Anarxist mövqedə dayananlar konstruktiv xarakter daşıyan, fəal müxalifətin formalaşmasına ciddi şəkildə maneçiliklər törədirlər. Ona görə də hesab edirəm ki, müxalifətdə dayanan partiyalar öz münasibətini ifadə edib, demokratik yol ilə belə qüvvələri siyasi səhnədən uzaqlaşdırmalıdırlar. Nə qədər ki belə dağıdıcı qüvvələr siyasi səhnədən uzaqlaşdırılmayıb, Azərbaycanın siyasi mühitində, o cümlədən müxalifətdə bu cür xoşagəlməz hallar baş verəcəkdir”.
 
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, əslində "radikal müxalifət” sözünü daha çox "qeyri-milli anarxist” sözü ilə əvəzləmək lazımdır: "Çünki radikallıq fərqli bir şeydir. Bir milli qüvvə ola bilər və o, radikal davranar. Məsələn, Dağlıq Qarabağ işğaldadır, biz silahlanırıq və ərazilərimizi azad etməyə gedirik. Yaxud da, siyasi mübarizəmizi dondururuq, müharibə üçün hazırıq və savaşa yollanırıq. Necə ki, 2016-cı ildə Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ departamentindən 860 nəfər keçmiş döyüşçü ərizə ilə dövlət başçısına müraciət etdi və Ali Baş Komandanın əmrini gözlədiyini bildirdi. Təəssüflər olsun ki, radikal dediklərimiz sovet dönəmində, 20 Yanvar hadisələrindən sonra qorxularından özlərini "Şimali Azərbaycan Demokrat Partiyası” adlandırdılar və imperiyaya qarşı radikal mübarizə aparmadılar. Biz o dövrdə bütün üsullarla mübarizə aparırdıq və rəhbərlik etdiyim "Qisas” təşkilatı var idi. Amma bunlar gizlənirdilər. İndi isə öz dövlətinə qarşı radikal mübarizə aparmaq dövlətçiliyə qarşı çıxmaqdır. Başqa dövlətlərin hazırladığını ölkəyə gətirənlərin "qəhrəmanlığı” göstərir ki, qorxaqdırlar. İndi demokratik mübarizə aparmaq lazımdır, dövlətin möhkəmlənməsinə xidmət edilməlidir”.
 
 
 
F.Quliyev əlavə etdi ki, heç bir ideya ortaya qoymayan, konseptual təkliflə çıxış etməyən bu adamlar sadəcə olaraq kreslo davası edirlər, amma bacarmırlar: "Bunların savaşı "ana müxalifət” adı ilə bağlıdır. Biz görmüşük ki, müxalifət fərdlərə qarşı yox, problemlərə qarşı müxalifətçilik edər. Hər hansı bir hərəkət dövlətə, milli maraqlara qarşıdırsa, biz onun qarşısındayıq. Amma bunlar qan düşmənçiliyi səviyyəsində mübarizə aparırlar və hər şeyi qara rəngdə görürlər. Ortaya da konseptual bir şey qoymurlar. Yəni, əslində müxalifətçilik nöqsanları göstərmək və alternativ yolu təqdim etməklə onun aradan qaldırılması üçün öz mövqeyin ortaya qoymaqdan ibarət olmalıdır. Bunu da bacarmırlar və hakimiyyət uğrunda sivil mübarizə bir yana, indi də "ana müxalifət” uğrunda dava salıblar. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Onlar "mən daha çox müxalifətəm”, "daha çox qrant istəyirəm”, "xarici mərkəzlərdə məni tanısınlar” deyə, bir savaş aparırlar. Kasa içərisində fırtına edən bu adamlar yalnız biri-birinə qarşı mübarizə aparmaq iqtidarında və gücündədirlər. Çünki ortada ideoloji birlik yoxdur. Özünü guya ki, Rəsulzadə-Elçibəy irsinin davamçısı kimi təqdim edənlər onda niyə bir yerdə ola bilmirlər? Əlbəttə ki, aralarındakı savaş korporativ maraqlar, qrant və "ana müxalifət” kimi görünmək uğrunda gedir və bunun üçün cəmiyyətdən istifadə edirlər. Siyasi qüvvələr bunu çoxdan bilirdi. Əhalinin 90 faizi bunların arxasınca getmirdi və biz bunu mitinqlərdə gördük. 10 faiz siyasiləşmiş mühit var idi ki, indi radikal dediyimiz düşərgədə həmin bu insanları biri-birilərinin əlindən almaq uğrunda savaş gedir. Artıq biri-biriləri ilə dava etməklə də iç üzlərini ortaya qoyurlar. Yəni, bu, özünüifşadır. Hər zaman demişəm ki, bu adamlara meydan vermək lazımdır ki, görünsünlər. Çünki görünməyəndə onlar haqqında mif yaranır. Ona görə də meydan vermək lazımdır ki, bilməyənlər də kimin millətə, kimin isə korporativ maraqlara xidmət etdiyinin şahidi olsun”.
 
AZAD                  

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966