Rabindranat Taqora həsr olunmuş tədbir keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) Hindistanın Azərbaycandakı səfirliyinin
təşkilatçılığı ilə hind yazıçısı, rəssam, ictimai xadim və Nobel mükafatı
laureatı Rabindranat Taqorun anadan olmasının 156-cı ildönümünə həsr olunmuş tədbir
keçirilib.
Tədbirdə öncə
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev,
Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Norbu Negi,
Hindistanın fövqəladə və səlahiyyətli səfirinin xanımı Barbara Rana tərəfindən
R.Taqorun xatirəsinə çıraq yandırılıb.
Açılış nitqi ilə çıxış edən professor Ə.Abdullayev
qonaqları salamlayaraq görkəmli hind yazıçısı R.Taqora həsr olunmuş tədbirdə
iştirak etməkdən məmnunluğunu bildirib. R.Taqorun yaradıcılığı haqqında danışan
professor onun şair, yazıçı olmaqla yanaşı, həm də rəssam olduğunu vurğulayıb.
O, R.Taqorun milləti və ölkəsi haqqında məlumatları öz əsərlərində dünyaya
çatdırdığını deyib və onun hər zaman öz intellekti, təhsili ilə seçildiyini
sözlərinə əlavə edib. R.Taqorun Nobel mükafatı alan ilk qeyri-avropalı olduğunu
bildirən Ə. Abdullayev onun "Geetanjaali” şeirlər toplusuna görə bu mükafata
layiq görüldüyünü vurğulayıb.
Çıxışının sonunda professor Ə.Abdullayev bu tədbirdən
sonra tələbələrin R.Taqorun həyatı və yaradıcılığı haqqında ətraflı məlumat toplayacaqlarına əminliyini
ifadə edib və Hindistan səfirliyi ilə əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini
bildirib.
Hindistanın Azərbaycandakı səfirliyinin müvəqqəti
işlər vəkili N.Negi qonaqları salamlayaraq səfirlik adından onlara iştirak
etdikləri üçün təşəkkür edib. O, bu tədbirin çox istedadlı şəxsiyyət, şair, rəssam
olan R.Taqorun həyat və fəaliyyətinə həsr olunduğunu bildirib. R.Taqor haqqında
danışan N.Negi onun səkkiz yaşında olarkən ilk şeirini
yazdığını söyləyib. O, R.Taqorun üç ölkənin himnini bəstələyən yeganə şəxs
olduğunu qeyd edib. R.Taqorun bütün bəşəriyyətin azadlığını müdafiə etdiyini
deyən N.Negi onun fəaliyyətinin din, irq və dil sərhədlərinin hüdudlarını aşan
daxili inanc və həmrəylik hisslərindən ruhlandığını sözlərinə əlavə edib.
Daha sonra tədbirdə hindi dilində R.Taqorun şeirləri
söylənilib, mahnılar ifa edilib və rəqslər nümayiş olunub.
Sonda Hindistan mətbəxinə məxsus təamlar qonaqlara
təqdim edilib.