• cümə, 29 Mart, 02:04
  • Baku Bakı 7°C

“Quşlardan ayrı qala bilmirəm” - Fotolar

28.05.14 09:53 1539
“Quşlardan ayrı qala bilmirəm” - Fotolar
Hər kəsin bir peşəsi, bir sənəti var. Hərə bir sənətin ardınca düşüb müvəqqəti həyatda məşğuliyyət sahibidir. Amma elə insanlar da var ki, öz peşələriylə yanaşı, həvəslərini də yaşadırlar. Xidməti vəzifəsindən əlavə, ürəyi istəyən işlə də məşğul olan insanlar xoşbəxtdir, məncə. Məhz belə insanlardan biri də ömrünün çox hissəsini bənnalıqda keçirən, hazırda isə şəhərin mərkəzində, Gənclik metro stansiyası yaxınlığında göyərçin saxlamaqla məşğul olan 61 yaşlı Muxtar kişidir. “Atatürk” parkında onu yaxşı tanıyırlar. Xüsusən də uşaqlar...
Muxtar kişi ailəsini dolandırmaq üçün ömrünün 2/3-sini bənna kimi işləsə də, onda hələ uşaqlıqdan quşlara xüsusi maraq var imiş: “Uşaqlıqdan quş saxlamağa böyük həvəsim var idi. Hələ cavanlıq vaxtı mənim kənddəki həyətimizdə 100-ə yaxın rəngbərəng göyərçinlərim olub. Sonra hərbi xidmətə gedəndə göyərçinlərimə qulluq edən olmadı deyə, küsüb getdilər. Hərbi xidmətdən qayıdanda həyətdə təkcə boş qalmış yuvanı gördüm. Artıq həvəs də qalmamışdı. Çünki hələ əsgərliyin ab-havasından ayrılmamışdım. Sonralar atam məni peşə məktəbinə təhsil almağa apardı. O vaxt, ötən əsrin 70-ci illərində Sabunçudakı 6 saylı peşə məktəbində bənnalığı öyrəndim”.
Muxtar dayı bənna olduqdan sonra daha göyərçin saxlamağa vaxtı qalmır. Peşə məktəbini bitirib ailə qurduqdan sonra işi ilə əlaqədar Ağsudan Bakıya köçməli olur. Elə o vaxtdan Bakıda məskunlaşan Muxtar kişi, burada da şərait olmadığından uşaqlıq həvəsini ürəyində yaşatmaqla kifayətlənir: “Bakıda həm şərait yox idi, həm də işim buna imkan vermirdi. Bənnalıq elə sənətdir ki, səhər gedib axşam yorğun gəlirsən”.
“Onlara qulluq etmək məni fərəhləndirir”
Övladlarını evləndirdikdən sonra yaşlandığını görüb bənnalıq sənətiylə vidalaşan Muxtar dayı nəhayət, arzusunu gerçəkləşdirə bilib. 15 ildir ki, “Atatürk” parkında uşaqlar üçün tum, saqqız, kökə və s. satmaqla məşğul olan Muxtar kişi öz hobbisinə də qovuşub - 6 ildir burada göyərçin də saxlayır: “Ata yalnız övladları üçün, onları dolandırmaq üçün çalışır. Mən də övladlarımı evləndirdim, baxdım ki, qoca kişiyəm, daha işləyən vaxtım deyil. Gündəlik 3-4 manat çörəkpulu qazanmaq üçün burada 15 ildir ki, yüngülvari yeyintilər satmaqla vaxtımı keçirirəm. Bir gün burada həm də göyərçin saxlamaq qərarına gəldim. Yaxınlıqdakı kafenin müdiri mənə belə bir şərait yaratdı. Göyərçinlər üçün yuva düzəltdirdi. Elə o vaxtdan bu göyərçinləri saxlamağa başladım. Hər gün onlara dən, su verirəm. Vaxtlı-vaxtında dezinfeksiya edirəm. Lazım gələndə dərman da içizdirirəm. Bu ahıl vaxtımda sülh rəmzi olan göyərçinlərə qulluq etmək məni çox fərəhləndirir”.
Qarşısına balaca buğda kisəsi qoyub 1 stəkan buğdanı 10 qəpiyə satan Muxtar kişi parka istirahətə gələnlərin göyərçinlərə olan marağını da artırır. Orda olduğum müddətdə müşahidə etdim ki, buradan keçənlərin əksəriyyəti bir stəkan buğda alıb göyərçinlərə dən atmamış yollarına davam etmirlər. İnsanların quşlara sevgisini artıran Muxtar dayı buğda satmaqla həm savab qazanır, həm də pul. Onun sözlərinə görə, daha çox uşaqlar bunu əylənmək üçün edirlər: “Burda həm də quşlara dən ata-ata onlarla şəkillər də çəkdirirlər”.
“Göyərçinləri o qədər çox sevirəm ki...”
Göyərçinlərinin ildə 4 dəfə bala verdiyini deyən Muxtar kişi onlarsız bir gününün olmadığını bildirdi. Hətta qarlı günlərdə satıcılıq etməyə şərait olmayanda da gündə 3 dəfə gəlib göyərçinlərə baş çəkir: “Qışın soyuğunda, qarlı günlərin şaxtasında burda işləmək olmur. Amma mən gəlib göyərçinlərimə baş çəkir, su, dən verirəm. Ümumiyyətlə, göyərçinləri o qədər çox sevirəm ki, onlardan ayrı qala bilmirəm. Yaxşı ki, burda yaxınlıqda yaşayıram. Əvvəllər çoxlu göyərçinim var idi, amma ötən il çoxu xəstələndi, sağalda bilmədim. İndi çöl göyərçinləri də bunlara qoşulub, bir yuvada qalırlar. 2 aydan bir 2 dənə yumurtlayırlar. 21 gün ərzində o yumurtalardan ətcə balalar çıxır. Ətcə göyərçinlər həddindən artıq gözəl olur. Onlar mənim göyərçinlərə olan həvəsimi daha da artırır”.
Yuvadakı bala göyərçinlərə boylanırdım ki, birdən aşağıdan pişik səsi eşitdim. Əvvəl düşündüm ki, yəqin göyərçinləri tutmaq üçün münasib zaman gözləyir. Amma dönüb arxaya baxanda, müsahibimizin pişiklərə yemək verdiyini gördüm. Soruşanda məlum oldu ki, Muxtar dayı burda eyni zamanda pişikləri də saxlayır, onlara qulluq edir: “Bu pişiklər də mənimdir. Onlar göyərçinlərimin dostları və silahdaşlarıdır. Göyərçinlərimin keşiyini çəkirlər. Hətta satdığım “wiskas” adlı pişik yeməklərindən verirəm bunlara. Yuvanın altındakı pişik də təzəlikcə balalayıb. Amma hələ sayını bilmirəm...”
Səid QƏRİB

banner

Oxşar Xəbərlər