AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qürur mənbəyimiz bayrağımız - Fotolar

Qürur mənbəyimiz bayrağımız - Fotolar

Cəmiyyət
07 Noyabr 2020, 14:14 2443
Azərbaycan bayrağı xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqlik rəmzidir

Bayraq istənilən ölkənin, təşkilatın, quruluşun və ya birliyin əsas rəmzlərindən biridir. Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilib. Ölkələrin özlərinə bayraq təyin etməsi isə Orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün ortaya çıxıb. Beləliklə də, hər bir ölkənin öz bayrağı həmin dövləti tanıdan əsas rəmz kimi formalaşıb. Azərbaycan Respublikasının Dövlət bayrağı da Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. Azərbaycan bayrağının eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağımız üç rəngli parçadan (trikolor), bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
 


"Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında bu məsələyə toxunaraq qeyd edib ki, qaldırılan bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəl­li­fi Üzeyir Hacıbəyov isə ya­zır­dı ki, Azərbaycan Re­s­pub­li­ka­sı sağlam mil­li özül üzə­rin­də və türk düşüncə­si ilə ya­ra­dı­lıb. Ey­ni za­man­da, Azər­bay­can ye­ni cəmiyyət for­ma­laş­dır­ma­ğa, Av­ro­pa düşüncə­si ilə hə­rə­kət et­məyə ça­lı­şır­dı. Ü.Hacıbəyov bay­rağı­mız­da­kı üç rə­ngin məhz bu elemen­t­lə­ri özündə əks et­di­rdiyini qeyd edirdi. ABŞ veksilloloqu (bayrağı öyrənən elm veksillologiya adlanır) Uitni Smit də maraqlı iddia ilə çıxış edib. Onun fikrincə, bu bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə edib: "Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.
 


8 guşəli ulduza dair fərziyyələr

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağ rəngli aypara və səkkizguşəli ulduzun mənası barədə müxtəlif fikirlər var. İddialara görə, qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağ rəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçib. AXC dövründə Nazirlər Şurasının sədri və daxili işlər naziri olmuş Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Amma bəzi iddialara görə, bu, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlar və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var.
 


Türk-İslam dünyasında ilk demokratik cümhuriyyət

Beləliklə, 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilən üçrəngli, ay-ulduzlu bayrağımız 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı nümayiş etdirilib və Parlament binası üzərində dalğalandırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq, Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunub. 1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə əvvəlcə Leninqrada, oradan Finlandiya, daha sonra isə Türkiyəyə gedib, ömrünün sonuna qədər burada yaşayıb. O, orada Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlayıb. Hal-hazırda həmin bayraq Azərbaycan Tarix Muzeyindədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq, Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
 


70 illik əsarətin sonu

Sovet totalitar rejimi 70 il ərzində keçmişimizi, tariximizi unutdurmağa çalışsa da, buna nail ola bilməyib. Tarixinə, soykökünə, keçmişinə bağlı olan Azərbaycan xalqı üçrəngli bayrağımızı da ürəklərdə qoruyaraq XX əsrin sonlarında yenidən onu başı üzərində dalğalandırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.
 

"Bizim bayrağımız canımızdır, ürəyimizdir”

Onu da əlavə edək ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Prezident İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
 


"Bu, bizim əsas vəzifəmizdir”

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 10 il bundan öncə səsləndirdiyi bu fikirlər zaman-zaman həyatda öz təsdiqini tapıb. 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Azərbaycan bayrağını Talış və Lələtəpə yüksəkliklərinə sancıb. Bundan sonra Dövlət bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalanıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olunub və məcburi köçkünlərin öz doğma torpaqlarına "Qayıdış Proqramı”nın icrasına başlanılıb. Bununla da işğal altındakı torpaqlarımızın azad olunmasının, tarixi torpaqlarımıza qayıdışın əsası qoyulub. Prezident İlham Əliyev 2016-cı ilin aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.
 


Qarabağ Azərbaycandır!

2018-ci il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatı zamanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusu Şərur rayonunun Günnüt kəndini, "Ağbulaq” yüksəkliyini, Qızılqaya və Qaraqaya dağlarını azad edib, Dərələyəz mahalının Arpa kəndi isə hərbçilərimizin nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə də imkan verib. Bu əməliyyat nəticəsində azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalandırılıb. 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edilib və bu yüksəkliklərə də bayrağımız sancılıb. Ən nəhayət, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər və digər rayonların ümumilikdə 200-dən artıq kəndi, Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər Ermənistan işğalından azad olunub. Hər bir yaşayış məntəqəsində, strateji yüksəklikdə üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandırılıb. İşğal altındakı digər ərazilərimizin də tezliklə azad olunacağına, həmin yaşayış məntəqələrinə Azərbaycan bayrağının sancılacağına şübhə etmirik. Prezident İlham Əliyevin hər zaman xalqa müraciətində xüsusi vurğuladığı kimi, "Azərbaycan bayrağı Şuşada, Kəlbəcərdə, Xocalıda dalğalanacaq! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Rufik İSMAYILOV