• cümə, 26 Aprel, 05:26
  • Baku Bakı 16°C

Qürur dolu dörd gün

18.04.16 16:32 1665
Qürur dolu dörd gün
Fidan Əliyeva
Bakı Atatürk liseyinin 8-ci sinif şagirdi

Qarabağ... Bizim görməyə, quşlarının səsini duymağa, havasını doyaraq udmağa, o müqəddəs torpağına bir dəfə olsun toxunmağa həsrət qaldığımız yurdumuz.
Uzaqdan sevmək – elə bir hiss, elə bir duyğudur ki... Bir addım qədər yaxınlığında olsa belə, ayaq basa bilməmək. Bu həsrəti hər zaman ürəyimizdə daşımaq. Bir yara kimi – hara getsək də, qanayan bir yara. Özü də hər hansı bir yerdə deyil, ürəyimizin ən dərinində.
Bəlkə də illərdir qanamasının səbəbi budur. Gözlədik, səbr etdik. Hər dəfə ümidlə “Bəlkə bu gün?” dedik. Amma hər dəfə ümidlərimizin boşa çıxmasının acısı zamanla içimizə yığıldı.
2 apreldə yeni bir döyüş xəbəri alanda, narahat olur, digər tərəfdən isə “Bəlkə torpaqlarımıza qovuşacağımız gün bu gündür?” deyə düşünürdük. Şəhid xəbərləri hamımızı üzdü. Amma qəmginlikdən başqa da bir hiss vardı içimizdə: qürur. Acı dolu, içinə göz yaşları axmış bir qürur. Birdən-birə elə bir xəbər aldıq ki, sanki məlhəm oldu: torpaqlarımız alınmışdı. Az da olsa, alınmışdı. O gənc uşaqların qanı yerdə qalmamışdı. Sonunda o qüdrətli, şanlı ordumuz öz gücünü sadəcə ermənilərə deyil, bütün dünyaya isbatladı.
Yurdumun dörd bir yanında bayraqlarımız asıldı. Axan şəhid qanları bayrağımızı daha da şərəfləndirdi. Millətimiz bir anda sanki yumruq kimi birləşdi. Dünyadakı türk-müsəlman qardaşlarımız bizə dəstək oldular. Türkiyəmizlə hər zaman bir millət olduğumuzu və hər zaman olacağımızı bütün dünyaya göstərdik.
Dörd günə həyatımız çox dəyişdi. Sevincin qorxuya, qorxunun qürura qarışdığı dörd gün yaşadıq biz. Daha da şərəfləndik, daha da gücləndik. Bu dörd gündə tariximizə yeni səhifələr yazıldı.
Bir daha sübut olundu ki, bayrağı bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa, vətəndir!
banner

Oxşar Xəbərlər