“Qurultayımızı Bakıda keçirməkdə maraqlıyıq”

“Qurultayımızı Bakıda keçirməkdə maraqlıyıq”

Siyasət
30 Oktyabr 2012, 13:48 1443
İctimai Palatadakı (İP) son istefalar, müxalifət təmsilçisinin “Yeni Müsavat” qəzetinə və onun baş redaktoruna qarşı hücumları, Müsavatın qurultayının keçirilməməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı cavablandırır.

- Arif bəy, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov həmtəsisçisi olduğu İP-dən istefa verib və buna səbəb kimi “Yeni Müsavat” qəzetində müxalif düşərgə haqqında böhtanların yer almasını göstərib. Siz onun bu mövqeyini nə dərəcədə düzgün sayırsınız?
- Yadigar Sadıqov Müsavat başqanının müşaviri idi. Sözsüz ki, bu kimi məsələlərlə əlaqədar o, öz rəhbəri ilə də müzakirələr aparıb, bir sıra məqamlara aydınlıq gətirib. Bütövlükdə, mən mətbuat üzərində nəzarətin əleyhdarıyam. Hesab edirəm ki, mövcud neqativ hallara qarşı, - istər bu hallar İP ilə bağlı olsun, istərsə də hansı başqa təşkilatla bağlı olsun, - bunları təşkilat daxili müzakirələrdə həll etmək daha düzgün olardı. İstefa yolunu yanlış sayıram.
- Yadigar Sadıqov “Yeni Müsavat” qəzeti ilə yanaşı, bu mətbu orqanın baş redaktoru, İP-nın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunu da hədəfə götürüb, onun ünvanına tənqidi fikirlər səsləndirib. Siz Müsavat Partiyasının iki üzvü arasındakı bu münasibəti necə qiymətləndirirsiniz?
- Müsavat Partiyası demokratik, plüralist bir partiyadır. Müsavat Partiyası Azərbaycanın yeganə siyasi təşkilatdır ki, burada hətta qərarlar qəbul olunduqdan sonra belə, hər bir partiya üzvü öz nöqteyi-nəzərini müdafiə etmək səlahiyyətinə malikdir. Bu baxımdan, burada xüsusi qorxunc bir hal görmürəm.
- İP-nın həmtəsisçisi tərəfindən media üzərinə olan bu hücum onu deməyə əsas verirmi ki, demokratik dəyərlərə xidmət etdiyini iddia edən şəxslər, reallıqda bu dəyərlərə, müstəqil mətbuata, azad sözə qarşı dözümsüzdür?
- Burada nə iş görülüb ki, dözümsüzlük nümayiş etdirilə? Yadigar Sadıqov mətbuata hücum etməyib, mətbuatın bağlanmasını tələb etməyib, sadəcə o, həmin fikirlərlə razı olmadığını bildirib. Hesab edirəm ki, bu da bir demokratik protest formalarından biridir. Lakin mən bu şəkildə protestin bildirilməsini düzgün saymıram. Ancaq bu, heç də azad sözə dözümsüzlüyün, mətbuata təzyiqin təzahürü kimi qiymətləndirilməməlidir. Fikrimcə, bu mövzu süni surətdə şişirdilir. Çünki bu mövzuya kifayət qədər aydınlıq gətirilib. Partiyanın məclisinin toplantısında başqan çıxış edərək, qeyd olunan məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Onun mövqeyi eləh partiyanın mövqeyidir.
- İP KŞ-nın digər üzvü, politoloq Zəfər Quliyev mətbuata açıqlamasında bu qurum daxilində istənilən səviyyədə işin qurulmadığını söyləyib. O, bugünkü hərəkət templəri ilə İP-nın prezident seçkilərinə hazır olmadığını bəyan edib. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Zəfər Quliyev bu məsələlərə bir qədər pessimist yanaşır. Ancaq onun dediyi sözlərdə haqlı cəhətlər çoxdur. Doğrudan da, əgər sabah Azərbaycanda seçkilər olarsa, Azərbaycan cəmiyyəti, Azərbaycan müxalifəti heç nəyə nail ola bilməz. Ancaq seçkilərə doğru getdikcə, həm siyasi fəallıq artacaq, həm də siyasi fəaliyyətin tempi müqayisə olunmaz dərəcədə yüksələcək.
- Sizcə, bu gedişlə İP prezident seçkilərinə kimi özünü qoruyub saxlaya biləcəkmi?
- Hər halda belə görünür ki, İctimai Palata təmsil olunan təşkilatların siyasi iradəsi bu qurumun öz mövcudluğunu qoruyub saxlamasına yönəlib.
- İstərdim bir qədər də partiyanızın qurultayı ilə bağlı məsələyə toxunaq. Sözügedən qurultayın yaxın vaxtlarda keçiriləcəyi söylənsə də, hələlik dəqiq vaxt müəyyənləşməyib. Bilmək olarmı, bu barədə konkret məlumat nə zaman açıqlanacaq?
- Partiyanın qurultayının bizə aid olan hissəsi ilə bağlı bütün işlər yekunlaşıb. Konfranslar keçirilib, qurultaya nümayəndələr seçilib. Nizamnaməyə, proqrama dəyişikliklərlə əlaqədar təkliflər ümumiləşdirilib və s. Qurultayın keçirilməməsinin yalnız bir səbəbi mövcuddur, bu da onun üçün müvafiq yer ayrılmamasıdır. Nə vaxt yer ayıracaqsa, dərhal, bir-iki ay ərzində, bəlkə də bir neçə həftə ərzində qurultay keçiriləcək. Əgər qurultayın Bakıda keçirilməsinə imkan verilməsə, ola bilsin ki, biz bu tədbirin Gürcüstanda olması barədə düşünək. Ancaq bir daha deyirəm ki, bu, ehtiyat variantdır. Biz Müsavatın qurultayının Azərbaycanda, Bakı şəhərində keçirilməsində maraqlıyıq və buna da çalışacağıq.
- Bəzi müsavatçılar İsa Qəmbərin başqanlıqdan getməsinə yol verməmək üçün partiyanın nizamnaməsinə dəyişikliyin edilməsi təşəbbüsünü də irəli sürürlər. Sizin bu kimi fikirlərə münasibətiniz necədir?
- Bu fikirləri qeyri-adi fikirlər hesab etmək olmaz. Çünki nizamnamədə bu dəyişikliyi, yəni bir nəfərin iki dəfədən artıq başqan ola bilməməsi müddəasını da məhz partiya üzvləri səsvermə qaydası ilə müəyyənləşdiriblər. Yeni bir qərarın qəbul edilməsi üçün də təzədən müzakirələr aparıla, səsvermə keçirilə bilər. Fikrimcə, burada antidemokratik heç bir addım yoxdur.
- Siz özünüz də başqanlığa namizədlərdənsiniz. Bu barədə qərar qəbul etdikdən sonra partiya daxilində sizə münasibət necədir?
- Mən başqanlığa öz namizədliyimi rəsmən irəli sürməmişəm. Ancaq, İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyi təqdirdə, cəmiyyət maraqlı siyasi mübarizənin şahidi olacaq.
- Arif bəy, 14 müxalif siyasi partiya Demokratik Qüvvələrin Məşvərət Məclisində, bir neçə partiya “Qarabağ və Respublika Uğrunda Hərəkat”da, AXCP və Müsavat partiyaları isə İctimai Palatada bir araya gəlib. Sizcə, nəyə görə müxalifət birləşib vahid qüvvə kimi meydana çıxa bilmir?
- Mənə elə gəlir ki, müxalifət kifayət qədər birləşib və vahid qüvvə kimi də mövcuddur. İctimai Palata həm ölkə ictimaiyyəti tərəfindən, həm də beynəlxalq birlik tərəfindən Azərbaycan müxalifətinin birliyi modeli qəbul olunur. Bütün siyasi partiyaların bir birlik, partiya, şüar və yaxud da bir liderin rəhbərliyi ətrafında cəmləşməsi demokratik cəmiyyətlərə xas olmayan xüsusiyyətdir. Azərbaycan cəmiyyətində isə müxtəlif siyasi istiqamətlər var. Burada sağlar, sollar, radikallar, islamçılar, liberallar və sairlər var. Ona görə də müxtəlif siyasilərin müxtəlif birliklərdə toplaşması normaldır. Bu vəziyyət Azərbaycanda demokratiyanın inkişafa mane olmur.
Rufik İSMAYILOV