AZE | RUS | ENG |

“Qurduğunuz trol imperiyası başınıza uçacaq” - Fotolar

“Qurduğunuz trol imperiyası başınıza uçacaq” - Fotolar
Natiq Cəfərov müxalifət liderlərini sərt tənqid etdi, Qənimət Zahidin, Natiq Adilovun, Sevinc Osmanqızının liberal dəyərlərə və söz azadlığına ləkə olduğunu bildirdi

Son vaxtlar müxalifət düşərgəsində qarşılıqlı ittihamlar geniş vüsət alıb. Həm ölkə daxilində, həm də xaricdə yaşayan müxalif düşüncəli şəxslər bir-birlərini satqınçılıqda, xəyanətdə, müxalifətə qarşı müxalifətçilik etməkdə, hökumətin əlinə oynamaqda təqsirli bilir, müxtəlif arqumentlərlə bunu əsaslandırmağa çalışırlar. Qeyd edilənlərə bir nümunə olaraq, REAL Partiyasının funksioneri Natiq Cəfərli ilə AXCP sədri Əli Kərimlinin nəzarəti altında olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli arasında baş verən söz savaşını göstərə bilərik. Bunun ardınca AXCP sədri Ə.Kərimlinin ruporuna çevrilən Sevinc Osmanqızı ilə Oyan Hərəkatı İdarə Heyətinin üzvü Nahid Cəfərov arasında da "Facebook” üzərindən qarşılıqlı ittihamlarla müşayiət olunan "söz savaşı” başlayıb. Bu qarşıdurmanın da yaranmasına səbəb radikal müxalifətin yeni nəsil müxalifətçilərə meydan vermək istəməməsi, yenilərin köhnələri qəbul etməməsidir. 
 

 
Xalq heç zaman onları dəstəkləməyəcək
 
Bu dəfə hər şey ondan başlayıb ki, hazırda Avropada yaşayan Nahid Cəfərov cəbhəçiləri və onların "siyasi mübarizəsinə” dəstək verənləri qınayan status yazıb. O, sabiq diplomat, Avropaya sığınan Arif Məmmədovun AXCP sədri Ə.Kərimlini "müxalifətin yeganə lideri” kimi təqdim etməsinə, "hamını onun ətrafında birləşməyə” səsləməsinə etiraz edib. Onun düşüncəsinə görə, xalq heç zaman şəxsin ətrafında birləşmir, çünki, bu, avtoritarizm və diktatura yaradır. N.Cəfərov xalqın gələcəklə bağlı ideya, ideologiya və dəyərlər ətrafında birləşdiyini diqqətə çatdıraraq, AXCP sədrinin indiyə qədər bunları ortaya qoya bilmədiyini, ona görə də xalqın heç zaman Ə.Kərimlini dəstəkləməyəcəyini vurğulayıb, onu büdpərəst kimi qələmə verib. Təbii olaraq belə bir mövqe AXCP sədrini qane etməyib və o, dərhal tərəfdarlarına N.Cəfərov üzərinə hücuma keçməyi göstəriş verib. Bununla da cəbhəçilər və onlara dəstək verənlər Oyan Hərəkatının funksionerinə qarşı cəbhə açıblar.
 

 
Bloger və siyasi bürokratlar
 
N.Cəfərov növbəti statusunda AXCP ilə bərabər, Müsavat Partiyasının ünvanına da sərt tənqidlər səsləndirib. O, sözügedən təşkilat sədrlərini siyasətdən anlayışı olmayan, hakimiyyəti hazırkı iqtidara təhvil verməklə "siyasi təcrübə” qazanan, bu günə qədər kiçik uğur hekayəsi belə yarada bilməyən, 1 məhbusu azad etdirə bilməyən, lakin yüzlərlə qorxmaz siyasi fəalın həbsinə müxtəlif formalarda (ortaya qoyduqları strategiyalarla) vasitə olan, ən nəhayət, liderliyi yalnız Azərbaycan Prezidentini və onun ətrafını tənqid etməkdə görən bloger və siyasi bürokratlar adlandırıb. N.Cəfərov bu statusuna Qənimət Zahidin, Natiq Adilovun, Sevinc Osmanqızının şəkillərini də əlavə edib. Qeyd edib ki, məhz jurnalistikaya, liberal dəyərlərə və söz azadlığına ləkə olan bu "jurnalistlər” tərəfindən AXCP və Müsavat sədrləri "siyasi lider” kimi təqdim olunur. Onun qənaətincə, bu "jurnalistlər” xalqı düşünmür, həqiqətlə maraqlanmır, dəyərləri müdafiə etmirlər: "Bunları maraqlandıran yeganə şey bu bürokratların toxunulmazlığını təmin etməkdir. Bu şəxslərin toxunulmazlığını təmin etmək üçün hətta Sevinc Osmanqızı telefonun səsini alır, məsələləri kontekstdən çıxardır, Müsavatın sənəd alverini vizaya dəstək kimi təqdim edir, qollarını çırmalayaraq narazı vətəndaşa özü müsahibi əvəzinə cavab verir”.
 

 
Çayxana siyasətçiləri
 
N.Cəfərov yazıb ki, əgər Sevinc Osmanqızını həqiqət və ya xalqın taleyi maraqlandırsaydı, Musavat başqanına hipoteza ilə aşağıdakı sualları ünvanlamalı idi: "Deyək ki, xaricdə yaşayan azərbaycanlılar Müsavata qarşı qərəzlidir və ya bu hakimiyyətin oyunudur. Bəs necə olur ki, Hollandiya və Almaniya kimi dövlətlər və onların məhkəmələri Müsavatı saxta sənəd satmaqda ittiham edir, qərar çıxardır və əsl müsavatçılara belə, oturum verməkdən imtina edir? Necə olur ki, bir partiyanın rəhbəri bütün dünyanı rahat gəzir, amma həmin partiyanın sıravi üzvü Azərbaycana gələn kimi müsavatçı olduğuna görə həbs olunur? Həqiqət axtaran, xalqını düşünən əsl jurnalistlər bu sualları verməklə çayxana siyasətçilərini sıradan çıxardırlar və nəticədə daha savadlı və gənc siyasi liderlər meydana gəlir. ...Gördüyünüz bu insanlar söz azadlığına təhlükədir. Sizin qurduğunuz trol imperiyası başınıza uçacaq. Hər şeyin bir yolu var, Sevinc Osmanqızı özü bunu hamıdan yaxşı bilir”.
 

 
Müxalifətə qarşı müxalifətçilik
 
N.Cəfərov yazdığı statuslarla yanaşı, sosial mediada video yayıb, S.Osmanqızının kanalına çıxmama səbəbini yuxarıda qeyd edilən amillərlə əlaqələndirib. S.Osmanqızı da ünvanına səsləndirilən ittihamlara cavab olaraq hazırladığı video-müraciəti "Facebook”dakı "Azadlıq qəzeti” səhifəsində yayımladıb. Həmin videoda S.Osmanqızı bildirir ki, şəxsən özü N.Cəfərovu "Sevinc Osmanqızı kanalı”na çıxarmaq istəmir və bunu ayrı yerlərə yozmağa ehtiyac yoxdur. O, N.Cəfərovu uzun-uzadı yalan danışmaqda, özü barəsində "demokrat” obrazı yaratmaqda, cılızlaşmaqda, qeyri-səmimilikdə ittiham edib. Deyib ki, N.Cəfərov müxalifətə qarşı müxalifətçilik etdiyinə görə "Sevinc Osmanqızı kanalı”na dəvət olunmur. 

Hər iki şəxsin "Facebook”da paylaşdığı bu statuslar altında uzun-uzadı müzakirələr, qarşılıqlı ittihamlar, bəzi hallarda isə təhqirlər hazırda da davam etdirilməkdədir.

Rufik İSMAYILOV 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973