• cümə, 29 Mart, 19:08
  • Baku Bakı 14°C

Qurduğu dünyanın xoşbəxti – Keçmişdəki mən

28.09.16 11:12 1991
Qurduğu dünyanın xoşbəxti – Keçmişdəki mən
O, elə əsil cənnətdir... Gülüşü, səmimiyyəti, doyumsuz söhbəti və nuraniliyi ilə insanı özünə heyran qoyur. Teatra o qədər vurğundur ki, hər cümləsində bu söz var. Onun həyatının mənası, sevinci, uşaqlığı, gəncliyi teatrdır. Deyir ki, çətin keçən uşaqlığı ona öz dünyasını yaratmağı öyrədib. Hansı ki orada qəhrəmanlar, krallar, kraliçalar, şahzadələr yaşayır. Bu, teatr idi. Elə həmin dövrdən teatr onun heç kimin toxuna bilməyəcəyi dünyasına çevrilib.
Müsahibimiz Azərbaycanın görkəmli teatr rejissoru, xalq artisti, Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı Cənnət Səlimovadır. Cənnət xanımla bu dəfə teatrdan yox, onun keçmişindən danışdıq...

Çörək yeyirsən, yoxsa kərə yağı...

Cənnət Səlimova Bakıda anadan olub. 76 yaşlı həmsöhbətimizin uşaqlığı müharibə illərinə təsadüf edib. Deyir ki, o dövrdə aclıq olsa da, bu ağır dövr onun uşaqlıq sevincini, gülüşünü əlindən ala bilməyib. "O dövrdə hamı kasıb yaşasa da, xoşbəxt idi. İnsanlar bir-birini sevir, hörmət edirdilər. Heç kimə maraqlı deyildi, sən quru çörək yeyirsən, yoxsa kərə yağı... O zaman mənəviyyat çox vacib idi. İnsanlar ruhən sağlam idi və bir-birilərini sevirdi. Məktəblilər çoxlu kitablar oxuyur, ədəbiyyatla maraqlanırdı. O illər mənim üçün çox xoşbəxt illər idi. Lakin valideynlərim əziyyət çəkirdi. Hər gün çörək növbəsi, aclıq, səfalət valideynlərimi incidirdi. Anam çörək növbəsinə getdiyi halda, mən onun hardan gəldiyini dilimə gətirə bilməzdim. "Ana, çörək növbəsindən gəlirsən?” deyəndə anam ağzımı bağlayaraq deyirdi: "Sus, sus, çörək üçün növbə yox idi. Hər şey əladır. Dediyin o sözə görə bizi həbs edə bilərlər”. Çünki o zamanın qanunları bunu tələb edirdi”.

Matəm içində gənclik

Əsil çətin günlər isə ailəsində baş verən faciədən sonra yaranıb. Məhz bu gündən sonra balaca Cənnətin bütün uşaqlığı matəm içində yaşayan ailədə keçib: "Məndən on bir il əvvəl qardaşım olmuşdu. On altı yaşında qardaşım çox sadə anlaşılmazlıq üzündən vəfat etdi. O, qarın nahiyəsində ağrılardan şikayətlənəndə anam hörmətli bir professoru müayinəyə çağırır. Professor qardaşımda hansısa mürəkkəb bir xəstəlik olduğunu güman edib ona müalicə müəyyən edir. Yalnız öləndən sonra məlum oldu ki, qardaşımda sadəcə appendisit imiş. Vaxtında cərrahiyyə əməliyyatı keçirilsəydi, heç bir problem olmayacaqdı. Odur ki, anam hər dəfə bu hadisələri təfərrüatıyla xatırlayır, qardaşım öldüyünə görə özünü günahlandırırdı. Anam o gündən sonra özünə baxmadı. Ancaq ağlayırdı. Ömrünün axırına qədər qardaşımın gələcəyini gözləyirdi. Qardaşım Musabəyin dərdi bizim ailədə soyumadı. Bu itki həmişəlik olaraq ailəmizin həyatına, ovqatına, evimizin havasına hopdu. Anam ölənə qədər ürəyində kədər daşıdı, matəm paltarını əynindən çıxarmadı. Mənim bütün uşaqlığım, gəncliyim matəm içində yaşayan ailədə keçdi. Mən bu evdə hökm sürən matəm ovqatının əksinə olaraq bir küncə çəkilib öz dünyamda yaşayırdım. O zaman 4-5 yaşım olardı. Matəmi başa düşə bilmirdim, oynamaq istəyirdim. Atam hər bazar günü qəbiristanlığa gedirdi. Bəzən məni də özü ilə aparırdı. Gizlənqaç oynamağı sevdiyim üçün qəbirlərin arasında qaçıb, gizlənirdim. Ora mənə maraqlı gəlirdi. Atam məni yanına çağırıb deyirdi: "Cənnət, qəbiristanlıq gizlən-qaç oynamaq üçün deyil. Burada kimsə kimisə tapa bilməz”. Atam məni oradan uzaqlaşdırmağa çalışırdı. Dostumla paltarlar geyinər, pyeslər seçər, tamaşalar düşünərdik, oynayardıq. Mən o vaxtdan teatrı çox sevirəm. Niyə? Çünki bu həyatda sevinc var, fantaziya var, təxəyyül var. Lakin anam qardaşımdan sonra deyib-gülməyi, səs-küyü xoşlamırdı. Radioya səs verdiyim üçün məni qınayırdı”.

Evlərində hökm sürən matəm balaca Cənnəti başqa dünya yaratmağa vadar edib. Bu, teatr idi: "Evimizin sönmüş işıqlarında mənim sevinc dolu uşaqlığım dayanmışdı. Xəyalımda qərara gəlmişdim ki, özgə, heç nəyə oxşamayan bir dünya yaradacağam. Orada qəhrəmanlar, krallar, kraliçalar, şahzadələr yaşayacaq. Bu, teatr idi”.

"Teatr sənlik deyil”
Cənnət aktrisa olmaq, səhnədə parlmaq istəsə də, ailəsi onun aktrisa olmağına razı deyildi. Atası Cənnətin özü kimi kimyaçı olmağını istəyib, amma onun teatr sevgisi bu arzunun qarşısını alıb: "Atam məşhur kimyaçı alim idi. O, istəyirdi ki, mən də gələcəkdə onun kimi kimyaçı olum. O mənə kimyaya aid reaksiyaları göstərir və deyirdi ki, bax, gör necə maraqlıdır. Atam mənim teatra olan həvəsimi görüb dedi ki, Cənnət, teatr sənlik deyil, bu fikrindən daşın. Mən isə qətiyyətlə etiraz etdim. Anam da atamın dediklərini təsdiqləyir və deyirdi ki, bunun sonu yoxdur. Mən valideynlərimi çox sevirdim, ona görə də onların məyus olmasını heç istəmirdim. Bir dəfə anama dedim ki, ana, mən mütləq aktrisa olacağam. Geri dönəndə gördüm ki, anam ağlayır. Ağlamağının səbəbini soruşdum. Dedi ki, "Cənnət, mən sənin gələcəyini görmürəm. O sənət dalınca getsən, heç nə sənin üçün yaxşı olmayacaq”. Təsirləndim və anama söz verdim ki, ağlamasın, onun xatirinə universitetə gedəcəm. Mən sənədlərimi Sergey Mironoviç Kirov adına universitetin filologiya fakültəsinə verdim. Oxuduğum müddət ərzində dünya ədəbiyyatını, rus ədəbiyyatını çox gözəl öyrəndim. Universiteti əla qiymətlərlə bitirdim. Diplomu alıb evə getdim və ata-anamın qarşısına qoyub dedim ki, "mən siz istəyən diplomu aldım. İndi də icazə verin, gedim sevdiyim sənətin dalınca…”

"Belə cizgilərinlə aktrisa ola bilməzsən”

Lakin anası Cənnətin bu sənətdə xoşbəxt olmayacağını düşünür, onu yolundan döndərməyə çalışırdı: "Anam mənə təsir edib inandırmağa çalışırdı ki, məndən aktrisa olmayacaq. Anamın sözləri məndə bu günə qədər də davam edən natamamlıq kompleksi yaratdı: "Qızım, nə qədər acı da olsa, qoy həqiqəti mən sənə deyim, nəinki onu başqasından eşidib kədərlənəsən. Bütün qızlar özlərini hamıdan gözəl hesab edirlər. Amma inan mənə, sən gözəl deyilsən. Belə cizgilərinlə aktrisa ola bilməzsən”. Anamın sözləri mənim sonrakı taleyimi müəyyən etdi. Dönüb tamam başqa adam oldum. Mən rejissor olmalıydım. Teatrı unuda bilmirdim, fikrim elə səhnənin yanında idi. Getdikcə əmin olurdum ki, bu fikirlərdən heç hara qaça bilməyəcəyəm, onlar daim məni izləyəcək. Bir gün atamla açıq və səmimi söhbət etməli oldum. Bütün yaşantılarımı, fikirlərimi ona çatdırdım. Xoşbəxtlikdən səmimi söhbətim nəticəsiz qalmadı. Atam xeyli düşünəndən sonra razılıq əlaməti olaraq mənə baxıb gülümsədi və başını tərpətdi. İndiki Sankt-Peterburqun Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil oldum. Orada xalam yaşayırdı. O zaman ən xoşbəxt illərim idi. İndi teatra maraq bir az aşağı səviyyədədir. Çünki indi televizor, disk, internet var. Amma o zamanlar hər yerdə teatrı çox sevirdilər. Teatr bizim üçün işıqlı, nurlu bir yer idi. Leninqrad şəhərində məşhur rejissorlardan, böyük pedaqoqlardan dərs alırdım. Mən orada məktəb keçdim, rejissor sənətinin nə olduğunu dərindən anladım. 1967-ci ildə təhsilimi başa vurub Bakıya qayıtdım”.
Bakıya qayıtdıqdan sonra həmsöhbətimizin teatr həyatı başlayır: "Bakıya qayıdanda Cəfər Cəfərov məni Adil İsgəndərova təqdim etdi. Adil müəllimin Kinematoqrafçılar İttifaqında yaratdığı "Kinoaktyor” studiyasında müəllimlik etdim. Eyni vaxtda Səməd Vurğun adına Rus Dram Teatrında rejissor ştatında çalışırdım. Bundan başqa, bir çox digər teatrlarda da tamaşalar hazırlayırdım. Sumqayıt Teatrının ilk tamaşasını, Axundovun "Müsyö Jordan və Məstəli Şah” komediyasını hazırladım”.

"O mənim dayağım idi”
Müsahibimiz deyir ki, uşaqlıq illərinin bütün ağrılı-acılı günlərindən sonra xoşbəxtliyini teatrda tapıb. Teatra o qədər bağlı olub ki, orada işləmək, yaratdığı əsrarəngiz dünyaya daxil olmaq üçün alacağı məvacib gözündə olmayıb: "Teatr mənim üçün həmişə bayramdır və mən istəyirəm tamaşaçılar mənim bu bayramımı hiss etsinlər. İlk dəfə teatra gedəndə mənə dedilər ki, burada ştat yoxdur, istəsəniz, asistent kimi işləyə bilərsiniz. Mənim üçün fərqi yox idi. İstər rejissor, istərsə də süpürgəçi olsun - təki iş teatrda olsun”.

Həmsöhbətimiz ailə həyatını da teatrda qurur. O, müdiri, Musiqili Komeadiya Teatrının direktoru Qəzənfər Topçuyevlə ailə qurmağa qərar verir: "Mərhum Qəzənfər müəllim mənim həyatımda çox böyük rol oynayıb. O mənim dayağım idi. O ən çətin anlarımda mənim qolumdan tuturdu. Biz teatrda tanış olmuşduq. Bu zaman onun birinci həyat yoldaşı vəfat etmişdi. Bizim birgə həyatımız 12 il çəkdi. Bu illər həyatımın çox mənalı və xoşbəxt illəridir. Onu itirmək mənim üçün çox ağrılı oldu. Ondan sonra yenidən dünyanın sərt üzünə vərdiş etməli oldum. Çünki dağ kimi həyat yoldaşım artıq yox idi...”

"Gərək həyatda özün-özünə yol açasan”
Sonda gənclərə məsləhət verən professor vurğuladı ki, gənclər öz üzərlərində çalışsınlar və sevdikləri peşəni seçsinlər: "Gənclər günahsız saf insanlardır. Onları öyrədən, mənəviyyat aşılayan biz müəllimlər və cəmiyyətdir. Hər bir gəncin istənilən sahədə uğuru özündən asılı olduğu qədər, valideynindən də asılıdır. Gənclərə məsləhətim odur ki, sevdiyi, istədiyi peşənin ardınca getsinlər və mükəmməl öyrənsinlər. Heç kimi heç yerdə gözləmirlər. Əgər kimsə düşünür ki, onu haradasa gözləyirlər, deməli, acınacaqlı bir səhvə yol verir. Mən bilirdim ki, Bakıda məni heç kim gözləmir. Gərək həyatda özün-özünə yol açasan və yalnız bundan sonra olduğun yerdə özünün vacibliyini sübuta yetirə bilərsən. Siz öz üzərinizdə işləyin, mütəxəssis olun. Siz hər şeyi bacarandan sonra sizi axtaracaqlar”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər