• cümə axşamı, 25 aprel, 05:50
  • Baku Bakı 19°C

“Qurbanın qoyun olsun”

11.10.13 08:37 5093
“Qurbanın qoyun olsun”
Qurban bayramı nəinki İslam aləmində, bütün dinlərdə mövcud olan bayramlardandır. İslam dinindən əvvəl qurban kəsmə mərasimi günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. məqsədlə nəzərdə tutulurdu. Qurban bayramına sayılı günlər qaldığını nəzərə alaraq dinşünas-alim Elşad Miri ilə Qurban bayramının ənənələri, qaydaları və s. barədə söhbətləşdik. Əvvəlcə müsahibimiz bizə Qurban bayramının fəlsəfəsindən danışdı.
- “Qurban” sözü Azərbaycan dilinə ərəb dilindən keçmə termindir. Bu sözün hərfi mənası “yaxınlaşmaq”, yəni Allaha yaxınlaşmaq deməkdir. Bir var Allahın insana yaxınlaşması, məsələn, Quranda deyilir ki, “Allah insana şah damarı qədər yaxındır”. Faktiki olaraq Allah insana yaxındır. Bir də var ki, qurban kəsməklə insanın Allaha yaxınlaşması. Bunun mahiyyəti ilə fəlsəfəsini düzgün başa düşmək lazımdır. Qurban kəsməklə və bunu Allah yolunda paylamaqla insan Allahın buyruğuna əməl edir və bununla da Allaha yaxınlaşır. Bununla yanaşı, Qurban bayramının sosial, ictimai əsasları da var. Çünki insanlar qurban kəsərək həm gözəl adəti yerinə yetirmiş olur, həm də cəmiyyətdə mövcud olan təbəqələr arasındakı uçurumun aradan qaldırılmasına səbəb olurlar. Bir insanın imkanı varsa, qurban kəsir və bunu imkansızlara, qohumlara, qonşulara paylayır. Bu da insanların bir-birinə münasibətini daha da yaxşılaşdırır, arada olan buzları əridir, insanların bir-birinə mənfi münasibətinin aradan qaldırılmasına yardım edir. İnsanların bir-birlərinə yaxınlaşması, bütövləşməsi insanın tənha deyil, ictimai varlıq olmasına yardım edir. Buna görə də Qurban ibadəti bütün dinlərdə həmişə mövcud olmuş ibadətlərdəndir.
- Elşad bəy, qurban kəsmək kimlərin boynuna düşür?
- Əqli cəhətdən sağlam, yetkinlik yaşına çatmış imkanı olan insanlar qurban kəsməlidirlər. Allah Qurani-Kərimdə peyğəmbərimizə buyurur ki, rəbbin üçün namaz qıl və qurban kəs. İmkanı olan adamların ildə bir dəfə Qurban bayramında qurban kəsmələri Allahın əmridir.
- Borcu olan, yaxud kirayədə qalan adam qurban kəsə bilərmi?
- Xeyr. İmkanı olan insanlar qurbanı kəsir ki, borcu olan, kirayədə qalanlara dəstək olsunlar. Məqsəd budur. Kirayədə qalan, yaxud borcu olan insan qurbanı kəsib kimə paylayacaq?
- Bütün qurbanlar Allah tərəfindən qəbul olurmu?
- Qurani-Kərimdə ad çəkilməsə də, Adəmin övladlarının qurban kəsməsindən bəhs olunur. Hədislərdə bildirilir ki, Adəmin övladları Habillə Qabil qurban kəsir. Habil heyvandarlıqla məşğul idi, Qabil isə əkinçiliklə. Qabilin kəsdiyi qurban Allah tərəfindən qəbul edilmir, Habilin kəsdiyi qurban isə qəbul edilir. Çünki Habil ən gözəl heyvanı seçib qurban kəsir. Əkinçiliklə məşğul olan Qabil isə qurban üçün yetişdirdiyi meyvələrin xarabını, çürüyünü ayırıb heyvan alır. Qurani Kərimdə buyurulur ki, kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatan yalnız sizin təqvanızdır. Qurban kəsərkən heyvanın ən gözəlini, insanın ən çox xoşuna gələnini seçib kəsmək lazımdır.
- Qurban əti kimlərə paylanmalıdır?
- Peyğəmbərimizin dövründən belə bir adət formalaşmışdır ki, kəsilən qurbanı 3 yerə ayırırdılar. Bir hissəsini qurban kəsənlər özlərinə saxlayır, bir hissəsini qohum-qonşuya paylayır, bir hissəsini isə kənardakı imkansızlara paylayırdılar.
- Bəs hansı heyvanları qurban kəsmək olar?
- Qoyun, keçi, inək, camış, dəvə. Ancaq bu heyvanlar qurban kimi kəsilmək üçün müəyyən yaşda olmalıdırlar. Məsələn, qoyunun bir yaşı olmalıdır. Amma 6 aylıq quzu 1 yaşndakı qoyun kimi ətli-canlıdırsa, qüsursuzdursa, onun da kəsilməsində bir qəbahət yoxdur. İnəyin, camışın minimum 2, dəvənin isə minimum 5 yaşı olmalıdır. Heyvanın erkək, yaxud dişi olmasının, rənginin, ala-bula olmasının heç bir fərqi yoxdur, əsas odur ki, qüsurlu, məsələn, bir buynuzu qırıq, şikəst və s. olmasın.
- Elşad bəy, neçə nəfər yığılıb bir heyvanı qurban kəsə bilər?
- Quzu və qoyunu bir nəfər kəsə bilər. Amma böyük baş heyvanı 7 nəfərə qədər adam yığılıb qurban kəsə bilər. Amma bunu kəsib ətini paylamaq lazımdır.
- Bir neçə ildir sallaqxanalarda qurbanlıq heyvanlar kəsilərək satılır. Bu, nə dərəcədə düzgündür, qurban ətini satmaq olarmı?
- Bu, qurbanlıq deyil, qəssabların özlərini və Allahı aldatmağa çalışmasıdır. Qurban ətinin satılması anlayışı nə vaxtdan dinimizdə var? Bunun dinə heç bir aidiyyəti yoxdur, sadəcə insanların pul qazanmaq üçün etdiyi hiyləgərlikdir.
- Qurbanlıq heyvan nə vaxt kəsilməlidir? Məsələn, bayram oktyabrın 15-16-sıdır. Bu günlərdəmi kəsilməlidir?
- Qurbanlığın ilk dörd günü bayram olur. Yəni bu il 15, 16, 17, 18 oktyabr bayram sayıldığına görə, 18-i günortaya qədər qurbanlıq heyvanlar kəsilməlidir. Amma qurbanlığın bayramın ilk günlərində kəsilməsi daha məqsədəuyğundur ki, ət paylayacağınız insanlar bu bayramı layiqincə keçirə bilsinlər.
- Qurbanlıq heyvan necə kəsilməlidir? Sadəcə niyyət edib kəsilə bilərmi?
- Bismilləh, Allahu Əkbər deyilib kəsilir. Ancaq məsləhətdir ki, qurban kəsmək bu işin peşəkarı olan adamlara həvalə edilsin. Yəni onlara vəkalət verib kəsdirilsin. Qurbanlıq heyvanlar xüsusi ayrılmış yerlərdə kəsmək daha məqsədəuyğundur. Bu, həm də gigiyenik baxımdan yaxşıdır.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər