• şənbə, 20 Aprel, 12:52
  • Baku Bakı 23°C

Qurban və Qurban Bayramı

01.10.14 11:07 1933
Qurban və Qurban Bayramı
Ərəb dilində istər maddi, istərsə də mənəvi hər cür yaxınlığı ifadə edən bir mənaya malik “qurban” kəlməsi dini terminologiyada Allaha yaxınlaşmaq məqsədilə müəyyən vaxtda ibadət üçün kəsilən heyvanı ifadə edir. Qurban bütün dinlərin ana temalarından birini təşkil edir. Ona görə də müxtəlif dillərdə bu qavramı ifadə etmək üçün işlədilən sözlərin kök anlamlarında da müştərək cəhətlər vardır. Latın kökənli Qərb dillərində qurban qarşılığında işlədilən sacrifice sözünün kökündə “müqəddəs saymaq, bir şeyin Tanrıya təqdim edilərək müqəddəsləşdirilməsi” mənası dayandığı kimi, offering sözü “Tanrıya hədiyyə təqdim etmə” anlamını daşıyır. Əhdi-Ətiqdə qurban qarşılığında “hədiyyə və vergi” mənasındakı minha, “yaxnlaşdıran şey” mənasında qorban və “müqəddəs qan tökmə”ni ifadə edən zəbah kəlmələri işlədilir (Təkvin, 4/3, 31/54, 32/14, 33/10; Çıxış, 10/25, 12/27; Levililər, 2/1-13; Əzra, 20/28, 40/43).
Qurban, ibadət niyyəti ilə müəyyən vaxtda, müəyyən xüsusiyyətlərə malik heyvanı kəsməkdir. Buna “Udhiyyə” deyilir.
Erkən paleolit dövründən etibarən müxtəlif mədəniyyətlərdə qurban ibadəti fərqli şəkillərdə tətbiq olunmuşdur. Antik yunan dinində yeraltı və dəniz tanrılarına qara, atəş tanrılarına qırmızı rəngdə heyvanlar, günəş tanrısı Heliosa sürətli atlar, tanrı Zevsə kosmik bərəkət güclərinin simvolu kimi qəbul edilən buğa qurban edilirdi. Qurban vasitəsilə tanrıların, tanrılar sayəsində də insan və təbiətin yaşadığına inanılırdı.
Arxeoloji qazıntılar əski Misirdə rahiblərin idarəçiliyində ayin halına gətirilmiş qurban kultunun mövcudluğunu göstərir. Dini və mifoloji Uqarit mətnlərində Mesopotamiya və Kənan xüsusiyyəti daşıyan bir qurban kultunun izləri görünür.
Zərdüşt heyvan qurbanını yasaqlayaraq Ahura Mazdaya əhd-peyman və şükürlər qurbanını təlqin etsə də, ölümündən sonra canlı qurban adətinə geri qayıdılmışdır.
Yəhudilikdə və xristianlıqda da qurban ibadəti mövcud olmuş, xristian ilahiyyatında İsanın xaç üzərindəki ölümü yetərli sayılmış, İsa Məsihin özü ilk və son qurban olaraq Əhdi-Ətiqin qurban sistemini ləğv etmişdir.
Əvvəlki din və mədəniyyətlərdə fərqli forma və məqsədlərlə də olsa, varlığını sürdürən və Cahiliyyə toplumunun dini həyatında önəmli yeri olan qurban adəti İslam dinində cinayət, şirk, israf, heyvana əziyyət və ətraf mühitin çirkləndirilməsi kimi mənfi ünsürlərdən təmizlənərək sırf təəbbudi (ibadət mahiyyətli), maddi və sosial cəhətləri özündə birləşdirən bir ibadət halını almışdır. İslamdan öncə ərəb toplumunda uşaqların, kölə və əsirlərin bütlərə qurban edilməsi adətinin zəif də olsa izlərinə rast gəlinirdi. Cahiliyyə ərəblərində bütlərə dəvə, inək, qoyun, ceyran kimi heyvanların qurban edilməsi ənənəsi daha geniş yayılmışdır. İslam dönəmində Cahiliyyə ərəblərinin qurban adəti tövhid inancına zidd elementlərdən təmizlənərək Hz.İbrahimin sünnətinə (söz, əməl və təqrirlərinə) uyğun biçimdə canlandırılmış. Qurbana sosial funksiyalar da yüklənərək zənginləşdirilmişdir. Bütlər üçün heyvan qurban etmə şirk, bu şəkildə tələf edilən heyvanlar isə murdar sayılmışdır. Quranda təfərrüatı verilmədən Hz.Adəmin iki oğlunun Allaha qurban təqdim etdiklərindən bəhs edilir və ilahi dinlərin hamısında qurban hökmünün qoyulduğu bildirilir. Quranda həcc ibadəti əsnasında kəsiləcək qurbanlarla bağlı bəzi hökmlər yer alsa da, ötəri bir işarə istisna olmaqla (əl-Kövsər 108/2), həcc xaricindəki qurban ibadətinə təmas edilmir. Bu barədə buyurulur:
“Şübhəsiz, Biz sənə Kövsəri əta etdik! Ona görə də Rəbbin üçün namaz qıl, qurban kəs!” (əl-Kövsər, 108/1-2)
Rəsuli-Əkrəm hicrətin ikinci ilindən etibarən (624-cü il) qurban kəsməyə başlamışdır. Rəsuli-Əkrəmin qurbanla bağlı müxtəlif açıqlamalarından ibarət zəngin hədis rəvayəti bu sahədəki dini ənənənin, fiqhi yorum və dəyərləndirmələrin əsasını təşkil etmişdir.
Qurban ibadəti bu günkü şəkli ilə Hz.İbrahimə gedib çıxır. Hz.İbrahim oğlu olarsa onu Allah yolunda qurban edəcəyini vəd etmişdi. Aradan uzun bir zaman keçdikdən sonra oğlu olmuş, amma o, vədini unutmuşdu. Yuxuda onun öz oğlunu qurban etdiyini gördükdə vədini xatırlamış, məsələni oğlu İsmayıla açdıqda, İsmayıl buna təslimiyyət göstərmişdi. Hz.İbrahim öz vədini yerinə yetirməyə təşəbbüs göstərmiş, lakin Allah-Təala onun bu sədaqətinə qarşılıq Hz.İsmayılın yerinə bir qoyunun qurban ediləcəyini Cəbrayıl əleyhis-səlam vasitəsilə ona bildirmişdir. Allah insanları Hz.İbrahim kimi ulu-l-əzm bir peyğəmbər vasitəsilə insan qurban etməkdən qurtarmışdır (əs-Saffat, 37/102-107). Qurban insanın Allaha yaxınlaşmasına vasitə olan bir ibadətdir. Qurban kəsilməsində bir məna vardır. İnsan bu vəzifəni yerinə yetirməklə Hz.İbrahim kimi Allaha və Onun əmrlərinə olan bağlılığını, lazım olduqda Onun rzasını qazanmaq üçün hər fədakarlığa hazır olduğunu göstərmiş olur. Bütün ibadətlərdə olduğu kimi qurbanda da xoş niyyət və ixlas əsasdır. Kəsilən heyvanların “nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır”.
Qurbanı vacib sayan bəzi İslam fəqihləri Quranın “Rəbbin üçün namaz qıl, qurban kəs”ayəsinə istinad edirlər.
Aşağıdakı şərtləri daşıyan şəxslərin qurban kəsmələri vacib sayılır (Qeyd: Qurban hökmündə də fiqhi məzhəblərə görə müəyyən fərliliklərin olması labüddür): 1-məsəlman olmaq; 2-ağıllı olmaq; 3-yetkinlik yaşına çatmaq; 4-müsafir olmamaq; 5-nisab miqdarı mal və pula sahib olmaq.
Qurban nisabı bir kəsin təməl ehtiyaclarından (yəni, yaşayacaq evi, evinin yetərli dərəcədə əşyası, minik vasitəsi, üç dəst geyimi, özünün və himayəsində olanların bir illik xərcləri) və borcundan başqa 80.18 qram qızıl dəyərində pul, yaxud əşyaya sahib olmaqdır. Bu nisaba sahib olan kimsəyə Qurban bayramında qurban kəsmək vacib olur.
Qurban ediləcək heyvanlar qoyun, keçi, inək, camış və dəvədən ola bilər. Bu heyvanların həm erkəyi, həm də dişisi qurban edilə bilər. Bunlardan dəvənin 5, inək və camışın 2, qoyun və keçinin isə bir yaşını tamamlaması gərəkdir. Qoyun 6 aylığında da qurban edilə bilər. Adları sadalanan heyvanlardan başqa heç bir heyvanın qurban edilməsi səhih olmaz. Bir qoyun, yaxud keçini yalnız bir nəfər qurban edə bilər. Amma inək, camış və dəvəni yeddi nəfərə qədər şəxs şərik olub qurban edə bilərlər. Şəriklərdən biri ibadət niyyəti ilə deyil, ət almaq məqsədilə iştirak etsələr, bu, düzgün olmaz və digərləri də niyyət etmiş olduqları qurbanı kəsmiş sayılmazlar.
Qurban kəsmə günləri bayram namazı qılınan yerlərdə namazdan sonra olmaqla bayramın ilk üç günüdür. Ərəfə günü, yaxud bayramın ilk üç günündən sonra qurban kəsilməz. Qurbanı müsəlman olan kişi və qadınlar kəsə bilər. Heyvan yerə yatırılaraq Qurandan bəzi ayələr oxunur. Məsələn, Ənam surəsinin 79-cu ayəsi: “Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradan Allaha çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”, yaxud, Ənam surəsinin 162-163-cü ayələri: “De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”. Sonra belə və buna bənzər dualar edilir: “Allahım! Dostun İbrahimdən və həbibin Muhəmməddən qəbul etdiyin kimi məndən də qəbul et”. Kəsəcək şəxs belə deyir: “Bismilləhi Allahu əkbər”.
İslam fəqihlərinə görə, qurban ətini üç yerə bölüb paylamaq ən uyğun olanıdır; birini qurban kəsə bilməyən yoxsullara sədəqə olaraq vermək, bir qismini tanış, qohum və qonum-qonşuya ikram etmək, bir qismini də öz ailəsi və uşaqları ilə yemək. Müsəlman olan qonşulara qurban ətindən hədiyyə etmək münasib görüldüyü kimi, müsəlman olmayan qonşulara vermək də münasibdir (caizdir).
Nəzir qurbanı dini cəhətdən mükəlləf olmadığı halda insanın vacib bir ibadəti yerinə yetirəcəyinə dair Allaha söz verməsinə deyilir. Nəzir, bir şəxsin arzu etdiyinə qovuşmaq məqsədilə bir sıra dini mükəlləfiyyət altına girməsi kimi izah oluna bilər. Buna görə də nəzir bütün dinlərdə müxtəlif şəkillərdə mövcud olmaqdadır.
Əqiqə qurbanı yeni doğulan uşaq üçün kəsilən qurbana deyilir. İslamdan öncəki Cahiliyyə dövründə ərəblər qız uşağını sevməzdilər, hətta onları diri-diri torpağa gömərdilər. Oğlan uşaqları üçün isə “əqiqə” qurbanı kəsərdilər. Peyğəmbərimiz qurbanı Allaha şükr məqsədilə həm oğlan, həm də qız uşaqları üçün kəsilməsi şəklinə gətirərək, qabaqcalar tətbiq olunan Cahiliyyə adətlərini dəyişdirdi və üsyan mənasını verən “əqiqə” sözünü “itaət” mənasında olan “nəsiqə”yə çevirdi. Nəsiqə qurbanı uşağın doğulmasının yeddinci, on dördüncü, yaxud iyirmi birinci günü kəsilir. Yeddinci günü kəsmək daha fəzilətli sayılır. Bu qurban uşağın anadan olmasından etibarən həddi-buluğa çatmasına qədər olan dövr ərzində də kəsilə bilər.
İdris Abbasov
banner

Oxşar Xəbərlər