Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi
Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
Kaspi.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında
keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs
toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı
mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.
Sorğuda iştirak edənlərdən cəmi iki nəfər "Zirə”nin baş məşqçisi
Ayxan Abbasovu fərqləndirib. Qurban Qurbanov 2017-ci ildə "Qarabağ”a ardıcıl
4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb.
"Qarabağ” Azərbaycan
futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də
vəsiqə əldə edib. "Köhlən atlar” qrup mərhələsində Madrid "Atletiko”su ilə
qarşılaşmalarda iki xal qazanıb.