• çərşənbə, 24 Aprel, 16:46
  • Baku Bakı 27°C

Qurban bayramı ilə bağlı fətva verildi

07.10.13 10:24 1304
Qurban bayramı ilə bağlı fətva verildi
QMİ-dən APA-ya verilən məlumata görə, fətvada deyilir: “Allah-təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı, xeyir-dualarımızı çatdırırıq. Bildiririk ki, qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsməsi Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalı, bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər bir-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbaya paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir”.
QMİ-nin fətvasında qurban kəsməyin üsuluna da toxunulub: “Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa, “Bismillahi və billahi vəllahu əkbər” deyərək kəsilsin. Azərbaycanda hər iki məzhəb daşıyıcılarının olması və onların hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə dövlətimiz rəsmi olaraq iki günü - 15-16 oktyabr tarixlərini Qurban bayramı münasibətilə qeyri-iş günü elan edib. Bu günlərin hər birində öz əqidəsinə uyğun olaraq qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edəsiniz. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir. İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir. Allah-Təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin. Amin!”
banner

Oxşar Xəbərlər