• cümə, 29 Mart, 05:55
  • Baku Bakı 7°C

Qurbağa gölünə atılan daş

14.02.18 20:15 642
Qurbağa gölünə atılan daş
Bəlli dairələrin Azərbaycana qarşı əvvəlcədən hazırlanmış yalan məlumatlar aəsasında gözdənsalma kampaniyalarından daha bir iflasa uğrayıb. Xəbər verdiyimiz kimi, Milan məhkəməsində 2 ildən çoxdur, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdırıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb. Məhkəmə birmənalı şəkildə ona qarşı irəli sürülmüş ittihamları əsassız hesab edib.
Qeyd edək ki, müstəntiqlər italiyalı siyasətçini Britaniya ofşorları vasitəsilə 2 milyon 640 min dollar məbləğində qanunsuz ödənişlər qəbul etməkdə ittiham edirdilər.
Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilində fəal rol oynayan qüvvələr bu məhkəmə vasitəsilə dünyaya sübut etmək istəyirdilər ki, ölkəmiz barədə müsbət rəy bildirən, reallıqları etiraf edən hər bir əcnəbi siyasətçi, yaxud deputat, rəsmi şəxs bunun müqabilində rüşvət alır. Sapı özümüzdən olan baltaların xaricə ötürdüyü donoslarda L.Volontenin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə 2011-ci ildə ölkəmizə gəldiyi vurğulanır, məhz həmin andan etibarən "ələ alındığı” diqqətə çatdırılırdı. Halbuki, tək L.Volonte deyil, onunla bağlı bu kimi dezinformasiyalar ictimailəşdirilən zaman Azərbaycan tərəfi iddiaları rədd edirdi. Bildirilirdi ki, bu kimi məlumatların heç bir əsası yoxdur. "Araşdırmanı ortaya qoyan ”Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə işləyir. Bu qurumun apardığı araşdırma nəticəsində meydana gəlmiş məlum yazı əsassız və qərəzlidir, əsas məqsəd də Azərbaycanın sağlam beynəlxalq imicini ləkələməyə cəhd göstərməkdir. Başqa sözlə desək, sadəcə olaraq xaricdə Azərbaycanın marağını müdafiə edənləri, haqq işinə dəstək verənləri hədəfə almaq, təzyiq altında saxlamaq, şantaj etmək hədəflənmişdi.
Amma həmin vaxt ölkəmizdəki qaragüruh dəstəsi və xaricdəki ermənipərəst dairələr Azərbaycan rəsmilərinin açıqlamalarına əhəmiyyət vermir, öz yalanlarını, şər-böhtanlarını beynəlxalq aləmə həqiqət kimi sırımağa çalışırdılar. Lakin artıq gec də olsa bu iddialarla bağlı həqiqət üzə çıxıb. L.Volonte bəraət alıb və beləliklə də Azərbaycana düşmən kəsilən qüvvələrin, o cümlədən ermənipərəst dairələr və onların əlində alətə çevrilənlərin planları növbəti dəfə fiaskoya uğrayıb.
Amma maraqlıdır ki, 2 il əvvəl yayılan xəbərləri, həqiqət kimi əlində bayraq tutub xaricdən maliyyələşən media qurumlarında at oynadan, uzaqgörən şərhlər verən, sosial şəbəkələrdə ədalət çarçısı kimi çıxış edənlərin hamısı qeybə çəkilib sanki. Sanki heç Milan məhkəməsinin bəraət qərarı olmayıb. Nə bir kəlmə yazırlar, nə münasibət bildirirlər. Elə bir qurbağa gölünə daş atılıb. Yoxsa İtaliya məhkəməsinin ədalətli olmasına da inanmırlar bunlar?
Təbii ki, belə deyil, sadəcə, deməyə sözləri yoxdur. Özləri də bilirlər ki, böyük bir şou sona çatır, artıq hüquq və faktlar danışır. Milan məhkəməsinin qərarı sadəcə olaraq, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov un da dediyi kimi, anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib.
Təbii ki, Azərbaycan dövləti artıq imicini bu cür çirkin yollarla ləkələmək istəyənlərə qarşı səssizliyini pozacaq. İndiyədək məsələnin hüququ müstəvisində araşdırılması, Milan məhkəməsinin qərarı gözlənilirdi ki, artıq ortada verilmiş bəraət hökmü var. Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: "Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar".
Bu isə o deməkdir, Azərbaycan hakimiyyəti artıq düyməyə basıb. Ölkəmizə qarşı bu çirkin oyunu quranlar bu dəfə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər.

F .Qəhrəmanlı
banner

Oxşar Xəbərlər