“Quraqlıq olacaq” xəbərdarlığına necə reaksiya verməli?
Mütəxəssislər deyirlər ki, bununla bağlı dövlət
proqramının qəbul olunmasına və müxtəlif strateji layihələrə böyük ehtiyac var
"İqlimin
istiləşməsi nəticəsində Xəzərdə buxarlanma artacaq”. Bunu AMEA Coğrafiya
İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz
Məmmədov "Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin
təşkili və idarə olunması” mövzusunda elmi-praktiki konfransda deyib. Onun
sözlərinə görə, iqlimin istiləşməsi nəticəsində məhsuldarlıq azalacaq, torpaqda
kimyəvi və biokimyəvi proseslərin sürətlənməsinə görə, bitki örtüyü azalacaq,
şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı
yaranacaq. Yağıntılar azaldığından çayların suyu azalacaq.
R.Məmmədov
qeyd edib ki, iqlimin istiləşməsi nəticəsində Kür-Araz ovalığında quraqlığın
50-60 gündən çox olması ehtimalı yaranacaq. O, bu nəticələrə apardığı elmi
tədqiqatlar nəticəsində gəldiyini söyləyib.
Qeyd edək
ki, bu yaxınlarda Türkiyədə hidrometeoroloqlar qışın quraq olacağı ilə bağlı
xəbərdarlıq ediblər. Təbii, quraqlıqğın bir sıra fəsadları olacaq. Artıq
Türkiyədə bununla bağlı hazırlıq prosesinə start verilib. Bəs görəsən
quraqlıqla necə mübarizə aparmaq olar? Hansı tədbirlərin görülməsinə ehtiyac
var?
Aqrar sahə üzrə mütəxəssis Nicat Nəsirlideyir ki, problemin həlli üçün ciddi strateji layihələrin icrasına ehtiyac var:
"Bu yaxınlarda Almaniyada elmi-konfransda iştirak edərkən, quraqlıq problemin
təkcə Asiya ölkələri üçün narahatlıq doğurmadığını gördüm. Avropa ölkələri də
iqlim dəyişikliyi ilə bağlı çox böyük narahatlıq keçirir. Elmi yanaşmalara görə,
2050-ci ilə qədər hər il 2 amplituda iqlim dəyişmələri baş verəcək. Adından da
göründüyü kimi bu dəyişiklik qlobal xarakter daşıyır və buna görə də, bütün
dünya ölkələrini narahat edir. Avropa ölkələrinin əksəriyyəti Alp dağlarının
ətəyində yerləşir və orada yağıntı normadan çoxdur. Amma iqlim dəyişikliyi
artıq bu ölkələrdə də hiss olunmağa başlayıb. Bu məsələ ilə bağlı böyük həyəcan
təbili çalınır. Hollandiya artıq bu məsələ ilə bağlı texnologiya istehsalına
başlayıb. Dəniz suyunu şirinləşdirərək təsərrüfata qazandırılması əsas
məsələlərdən biridir. Ən böyük aqrar ölkələrdən biri olan qardaş ölkə
Türkiyənin aidiyyəti qurumları zaman-zaman bu məsələlərlə bağlı açıqlamalar
verir və çağırışlar edir. Türkiyədə əksər ərazilər su qıtlığından əziyyət
çəkir. Texnoloji yeniliklərdən istifadə olunsa da, su qıtlığı bu ölkədə ciddi
problemə çevrilib. Azərbaycanda da iqlim dəyişikliyi artıq hiss olunmaqdadır.
Ölkəmizdə əsas əkinçilik aparılan 18 rayon var. İldən ilə bu sahədə vəziyyət
gərginləşməkdədir. Biz hələlik problemin elmi səviyyədə öyrənilməsi
mərhələsindəyik. Bu sahədə dövlət proqramının qəbul olunmasına və müxtəlif
strateji layihələrə böyük ehtiyac var. Hələlik dövlət səviyyəsində görülən
işlər meliorasiya ilə bağlıdır. Bu sahəyə yönəldilən vəsaitin həcmi
artmaqdadır. Bölgələrdə 6-7 böyük dəryaçalar tikilib. Bu anbarların əsas
vəzifəsi atmosfer çöküntülərinin və buzlaqlardan gələn su axıntılarını
toplayaraq təsərrüfat suyuna çevirməkdir. Su qıtlığı çox ciddi problem olaraq
qalmaqdadır. Bu il oktyabr və noyabr aylarına uyğun olmayan hava şəraiti
müşahidə edilir. Ola bilsin ki, hava gələn il bundan da quraq keçsin. Ona görə
də, bu problemin həlli elmi əsaslarla çözülməlidir. Strateji layihələrin qəbul
olunmasına və icrasına ciddi ehtiyac var. Ümid edirəm ki, büdcədə bu məsələ
xüsusilə nəzərə alınacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı iqlim
dəyişikliyinin bu günün acı reallığı
olduğunu söylədi: "Bu, hələlik müvəqqəti davam edən bir quraqlıq mövsümüdür.
Oktyabr və noyabr aylarının isti keçməsi o demək deyil ki, bütün il belə hava
şəraiti hökm sürəcək. Məncə, bu, müvəqqəti bir mərhələdir və uzun müddət davam
etməyəcək. Amma istənilən halda iqlim dəyişikliyi faktını diqqətdən qaçırmaq
olmaz. İqlim dəyişikliyi bu günün reallığıdır. Qlobal istiləşmə və quraqlı ilk
olaraq aqrar sahəyə mənfi təsir edəcək. Bu istiləşmənin çox ağır fəsadları ola
bilər. Buna görə də, əvvəlcədən bu prosesə hazırlıqlı olmalıyıq. Aqro-texniki
qulluq məsələlərinə diqqət ayrılmalı, bu sahədə yeni elmi yanaşmalar olmalıdır.
Havaların mülayim keçməsini fermerlər indidən bir fürsət kimi
dəyərləndirməlidir. Bu sahədə böyük maarifləndirmə işinə, kompleks tədbirlərə
ehtiyac var. Təəssüf ki, aqrar sahənin
problemləri təkcə isti və mülayim hava şəraiti ilə bağlı deyil.
Torpaqların yaxşılaşdırılması və kənd təsərrüfatına qazandırılması, erroziyaya
qarşı görülən tədbirlər çox zəifdir.
Fermerlərin problemləri dinlənilməli, onlara lazımi dəstək göstərilməlidir.
Əgər mülayim hava uzun müddət davam edərsə, böyük tədbirlər planı
hazırlanmalıdır. Mütəxəssislər bir araya gəlməli, işçi qrupu və ya komissiya
yaradılmalıdır. İqlim dəyişikliyi ilə mübarizə üçün dövlət proqramı tərtib
edilərsə, daha məqsədəuyğun olar. Mütəxəssis rəylərinə ciddi ehtiyac var.
Fermerlər bu problemlə necə mübarizə aparmaqla bağlı maarifləndirilməlidir”.
Şəbnəm