• çərşənbə, 24 Aprel, 11:38
  • Baku Bakı 13°C

Quldarlığın çiçəkləndiyi ölkə

20.06.15 12:21 2277
Quldarlığın çiçəkləndiyi ölkə
Ötən gün Böyük Britaniya ilə bağlı yayılan bir xəbər dünya mətbuatının əsas xəbərlərindən birinə çevrilib. Sən demə, dünya ölkələrinə demokratiya və insan hüquqlarından dərs keçən krallıq ərazisində əməlli-başlı quldarlıq çiçəklənməkdədir! Özü də, maraqlısı odur ki, bu xəbəri hansısa bir başqası deyil, məhz Britaniya təşkilatı yayıb. Quldarlığa qarşı mübarizə üzrə müstəqil və səlahiyyətli şəxs Kevin Haylend BBC-yə müsahibəsində bu sensasion məlumatları açıqlayıb. K.Haylendin sözlərinə görə, hazırda Birləşmiş Krallığın ərazisində 13 min insan qul kimi yaşayır. Onların böyük bir qismi Albaniyadan bura gələnlərdir. K.Haylend əlavə edib ki, əsas diqqəti Nigeriyadan olan qul axınına yönəltmək gərəkdir. Səlahiyyətli şəxsin sözlərinə görə, hər il Böyük Britaniyaya qeyri-qanuni olaraq yüzlərlə nigeriyalı gətirilir. Onlardan ya seksual məqsədlər üçün, ya da ev işlərində istifadə edilir. Daha çox isə onları keçmiş soydaşları alırlar. 2014-cü ildə hüquq-mühafizə orqanları 2 min insanı qul vəziyyətindən azad etməyə müvəffəq olsalar da, proses sürətlə gedir. Onların 244-ü Nigeriya vətəndaşları olub. Bu da təxminən ötən illə müqayisədə üç dəfə çoxdur. Hüquq müdafiə təşkilatları təmsilçilərinin böyük əksəriyyəti bəyan edir ki, qulların əksəriyyəti uşaqlar və yaxud yeniyetmələrdir. Bir çoxları azad olunana qədər bu arzuolunmaz şəraitdə onilliklər boyu yaşamalı olurlar.
Nigeriyada bir çoxları hesab edirlər ki, onların uşaqları Britaniyaya düşən kimi dərhal yaxşı geyinməyə, yüksək səviyyədə təhsil almağa və yaşamağa başlayacaqlar. Yəni buranı bütün arzuların reallaşdığı yer kimi görürlər. Lakin deyir sən saydığını say, gör fələk nə sayır. Onlar bilmirlər ki, uşaqları bura düşən kimi qədim dövrlərdə olduğu kimi qul alverçilərinin cənginə düşürlər. Və nadir hallarda onların cəngindən xilas olmaq mümkün olur. Nigeriyalılar arasında cəhalətin geniş vüsət alması da britaniyalı quldarların xeyrinə olur. Belə ki, sadə nigeriyalılar cadugərliyə inanırlar və hesab edirlər ki, polislə ünsiyyət onlara xeyir gətirməz.
Məlumat üçün bildirək ki, quldarlıqla mübarizə üzrə məsul post 2015-ci ilin 2 martında qəbul edən Müasir Quldarlıqla mübarizə Aktına müvafiq olaraq təsis edilib. Səlahiyyətli şəxs hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları ilə birgə işləyərək, daha çox potensial qurbanlar və quldarlardan əziyyət çəkən insanların maraqlarından çıxış edir. Məsul şəxs üzərində parlamentin nəzarəti olur, namizədləri isə daxili işlər naziri təsdiq edir.
Beləliklə, əldə olunan məlumatların Britaniyanın imicinə mənfi təsir göstərəcəyi şübhəsizdir. Bununla həm də Britaniyanın insan haqlarının qoruyucusu kimi imicinə ciddi zərbə dəymiş olur. Qeyd edilir ki, Böyük Britaniyada quldarlıq 19-cu əsrin ortalarına kimi mövcud olub. 1787-ci ildə parlamentdə qulların ticarətinə qarşı mübarizə ilə bağlı kampaniya başladılır. Yalnız üstündən bir neçə il sonra, 1807-ci ildə müvafiq qanun qəbul edilir, 1833-cü ildə isə quldarlıq rəsmən Britaniya imperiyasının bütün ərazisində qadağan edilir. Lakin qeyd olunan faktlar göstərir ki, bu, yalnız kağız üzərində qalıb. Qeyd edək ki, Britaniyanın Cinayətkarlığa qarşı mübarizə Agentliyinin İnsan alveri mərkəzinin keçən ilki hesabatına əsasən, ötən il ölkə ərazisində quldarlıq mafiyasının qurbanlarının sayı 2744 nəfər göstərilmişdi. Yeri gəlmişkən, K.Haylend onu da bildirir ki, ən dəhşətlisi cinayətkar qruplaşmaların uşaqları oğurluq, cib yarmaq kimi işlərə cəlb etmələridir. Əcnəbilərin qul kimi işlədilməsi hallarının özü də ilbəil artır. Məsələn, 2010-cu ildə bu rəqəm 710 idisə, ötən il 1000-ə yüksəlib. Hüquq müdafiə təşkilatları hesab edirlər ki, vəziyyət həddən artıq ağırdır. Belə ki, ölkə ərazisinə gətirilən qanunsuz miqrantların sayı barədə hökumətdə dəqiq rəqəm yoxdur. Hesabatlara görə, Britaniya ərazisində ən azı 92 cinayətkar qruplaşma fəaliyyət göstərir. Onlar qanunsuz miqrasiya və insan alveri ilə məşğul olurlar.
Onu da qeyd edək ki, Britaniyada qul əməyindən istifadənin geniş yayılması barədə dəfələrlə hesabatlar dərc edilib. Məsələn, Böyük Britaniyada ictimai proseslərə nəzarət edən hökumət qurumu - “Home Office” departamenti növbəti hesabatında göstərib ki, krallıq ərazisində 20 minə yaxın insana qarşı qul əməyindən istifadə edilir. “Home Office”in növbəti hesabatına əsasən, müasir quldarlıq mafiyasının qurbanları əsasən cinsi istismar altında saxlanılan qadınlar, əkin sahələrində, sənaye müəssisələrində və balıqçılıq gəmilərində dustaq şəraitində saxlanılan işçi və fəhlələrdir. Hökumətin hesabatı ölkədə bu sahədə vəziyyətin daha təhlükəli həddə çatmasını ortaya qoyub. Qurum quldarlığa qarşı mübarizə üçün müəyyən proqramlar da irəli sürüb. Qurumun açıqlamasına görə, qurbanlar dünyanın 100-ə yaxın ölkəsindən oğurlanan şəxslərdir. Onların əksəriyyəti Albaniya, Nigeriya, Vyetnam və Rumıniya vətəndaşlarıdır. Onların arasında Britaniya əsilli yaşlılar və uşaqlar da var. Maraqlısı odur ki, Britaniya mətbuatı bu məsələlərə üstüörtülü də olsa toxunmur və ölkə üçün prioritet olan məsələləri qabartmaqdansa, daha çox ölkə xaricində gedən prosesləri diqqətdə saxlayır. Məsələn, götürək elə “Guardian” qəzetini. Bu nəşrin səhifələrində dəfələrlə ölkəmizlə bağlı qərəz dolu və obyektivliyi əks etdirməyən məqalələrə rast gəlinib. Axı necə deyərlər, əvvəl evin içi, sonra çölü. Və yaxşı olardı ki, öncə öz ölkənizdəki iyrənc quldarlıq hallarından bəhs edəsiniz.
Kamran
banner

Oxşar Xəbərlər