• şənbə, 20 Aprel, 05:17
  • Baku Bakı 15°C

Qulağı kar, gözü kor edən xəstəlik Araşdırma

17.07.13 10:01 2731
Qulağı kar, gözü kor edən xəstəlik Araşdırma
Azərbaycanda qızılcanın yayılma ehtimalının olduğu barədə dünənki sayımızda yazmışdıq. Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trned-ə verdiyi məlumata görə, qonşu ölkələr Gürcüstan, Türkiyə və Rusiyada qızılcaya yoluxma halları çoxaldığından həmyerlilərimizi ehtiyatlı olmağa çağırıb: “Bizdə də tək-tük hallarda qızılca halları var. Bunu danmaq lazım deyil. Bizdə peyvəndi olmayan uşaqlar, 2006-cı ildə məxmərək və qızılcaya qarşı aparılan kampaniyada iştirak etməkdən imtina etmiş və müxtəlif səbəblərə görə peyvənd ala bilməyən böyük yaşlı əhali qızılcaya yoluxub. Buna görə də qızılcaya qarşı peyvənd olunmaq lazımdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır".
Onun sözlərinə görə, qızılcadan qorunmaq üçün ən yaxşı yol və həyata keçirilməsi vacib olan tədbir peyvəndin aparılmasıdır. Əhalinin immun səviyyəsi yüksək olduqda yoluxucu xəstəliyin yayılması baş vermir: “Əgər əhalidə peyvəndin səviyyəsi yüksək olarsa, qonşu ölkədə baş verən heç bir yoluxucu xəstəlik bizə qorxu törədə bilməz”.
1-5 yaşlı uşaqlar qızılcaya yoluxmur
Pediatr Günel Qəribova bizimlə söhbətində bildirdi ki, infeksion xəstəlik olan qızılcaya qarşı peyvəndlər vaxtı-vaxtında edilibsə, həmin insan çox vaxt qızılca keçirmir, amma peyvənd olunsa belə, sonradan yüngül formada qızılca keçirməsi mümkündür: “Amma bir dəfə qızılca keçirən insan bir daha bu virusa yoluxmur. Qızılcaya tutulan insanda sözügedən xəstəliyə qarşı ömürlük immunitet yaranır. 1-5 yaşında uşaqlar isə adətən qızılcaya yoluxmurlar”.
Həkimin sözlərinə görə, qızılcaya qarşı peyvənd çox zəif virusla süni yolla sözügedən xəstəliyə yoluxmadır: “Nəticədə orqanizmdə qoruyucu immunitet yaranır. İlk vaksinasiyanı uşaqlara 12 aylığında, ikincini 6 yaşında edirlər”.
Xəstəliyin əlamətləri
Xəstəliyin əlamətlərinə gəlincə, həkim bildirdi ki, yaşından asılı olmayaraq belə insanlar ilk növbədə işığa reaksiya verirlər: “İşıqdan qorxurlar, gözləri qamaşır, ümumi əzginlik, yüksək temperatur, halsızlıq, iştahasızlıq yaranır, 3 gündən sonra isə qırmızı səpkilər başlayır. Qulağın dibindən çıxmağa başlayan səpkilər tədricən yayılır və 2-3 həftə ərzində baş, çiyinlər, qarın hissəsindən tutmuş ayaqlara qədər gedib çıxır və qaşınma başlayır. Eyni zamanda, ağızda ağ ləkələr əmələ gəlir. 3 həftə keçdikdən sonra səpkilər tədricən sönməyə başlayır”.
Xəstəlik necə keçir?
Pediatrın sözlərinə görə, xəstəlik hava-damcı yoluyla ötürülür: “Danışıq, öskürək, asqırma zamanı virus ətraf mühitə yayılır. Yəni ictimai nəqliyyatda belə, sözügedən infeksiyaya yoluxan şəxslə eyni havanı paylaşmaq qızılca virusuna yoluxmanı qaçılmaz edir. Üstəlik, bədəninin müqavimət qabiliyyəti zəif olanların bu virusa yoluxma ehtimalı daha böyükdür”.
Xəstəliyin hansı yaşda olan insanları daha çox yaxaladığına gəlincə, G.Qəribova dedi ki, uşaqlar bu baxımdan həssas qrupa daxildir: “Amma qızılca keçirməmiş və ona qarşı peyvənd olunmamış böyük insanlar da bu xəstəliyə həssas olurlar və hər yaş dövründə virusa yaxalana bilərlər. Qızılcalı adamlarla bilmədən kontaktda olanlara immuniteti artıran şamlar təyin edilir ki, bədənin müqavimət qabiliyyətini artırsın. Amma qızılcaya tutulmayan və müqaviməti güclü olan insanlar belə nadir hallarda qızılcaya yoluxmaya bilərlər”.
Xəstəliyin fəsadları
Həkimin sözlərinə görə, qızılcanı ağır keçirənlərdə fəsadlar qalır: “Əsas fəsad beyində ağırlaşmalar olur. Həmin xəstələr əsəbi olurlar. Qızılca gözlərdə də iz qoya bilir, gözlərdə daim quruluq, acışma hissləri olur, hətta korluğa gətirib çıxarması da mümkündür. Qızılca karlığa da səbəb ola bilər. Ağ ciyərlərə də təsirsiz ötüşməyən qızılca ağırlaşma hallarında pnevmoniya ilə nəticələnə bilər. Buna görə də G.Qəribova məsləhət görür ki, qızılcadan şübhələnən kimi həkimə müraciət etmək lazımdır: “Düzdür, indi çox adam ev şəraitində müalicə alır. Yaxşı olar ki, ağırlaşmalardan sığortalanmaq üçün xəstə xəstəxanada yatsın. Bu zaman həm evdəki insanlarla, yaxınları ilə kontaktda olmaz, pəhriz yeməkləri qəbul edər. Həm də həkimlər xəstənin temperaturunu nəzarətdə saxlayar. Çünki ağırlaşmalar temperaturun nəzarətdən çıxması zamanı baş verir”.
Pediatr həssaslığı, qaşınmanı azaltmaq üçün xəstəyə antihistamin preparatlarının təyin olunduğunu dedi. Bildirdi ki, qızılca dövründə iştahasızlıq, ürəkbulanma, qusma olur, boğaz ağrıyır. Buna görə də sulu, yüngül yeməklər yemək məsləhətdir. Bir də bacardıqca çox maye qəbul edilməlidir.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər