• cümə, 29 Mart, 19:30
  • Baku Bakı 14°C

Qubad İbadoğlu Müsavatdan xaric edildi - YENİLƏNİB

06.02.15 16:01 1144
Qubad İbadoğlu Müsavatdan xaric edildi - YENİLƏNİB
Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. APA-nın xəbərinə görə, bu barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib.
Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub.
Müsavat başqanının müavini Elman Fəttah APA-ya açıqlamasında deyib ki, Q. İbadoğlu Müsavat Partiyası Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmək, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
Qubad İbadoğlu isə APA-ya açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb: "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi".
O qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Pasrtiyasını indi yalnız bir nəfər idarə edir. İndiki başqan nominaldı, mənimlə bağlı qərarı əvvəlki başqan verib".
Q. İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb.
----------
19:41
Qubad İbadoğlunun tərəfdarları Müsavat Partiyası Divanının qərarını gözləmədən qərargahı tərk ediblər. APA-nın məlumatına görə, Q. İbadoğlu bildirib ki, onun iştirakı olmadan keçirilən iclas nizamnaməyə ziddir.
Qərarın formal xarakter daşıdığı üçün onları maraqlandırmadığını deyən Q. İbadoğlu qeyd edib ki, hansı qərarın veriləcəyindən asılı olmayaraq o və tərəfdarları partiyadakı fəaliyyətini davam etdirəcəklər.
*** 19.10
Bu gün fəaliyyəti ilə əlaqədar Müsavat Partiyasının Divanına çağırılan başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu Müsavatın Divanına qatılmaqdan imtina edib.
APA-nın məlumatına görə, Q. İbadoğlu və tərəfdarları Divanın iclasını tərk ediblər. Q. İbadoğlu bildirib ki, əvvəlcədən toplantıda videoçəkiliş, səs yazısı və müşahidəçilərin olacağı razılaşdırılsa da, partiya rəhbərliyi Divanın iclasına qatılarkən ona bildirilib ki, videoçəkilişin aparılması qadağandır.
Onlar buna etiraz olaraq iclası tərk ediblər.
Hazırda Q. İbadoğlu və tərəfdarları Müsavat Partiyasının qərargahındadırlar, digər tərəfdarları da qərargaha gəlirlər.
Q. İbadoğlu APA-ya açıqlamasında bildirib ki, onun iştirakı olmadan keçirilən iclasda veriləcək qərar məlumdur. Hazırda Müsavat Partiyasının Divanı onun iştirakı olmadan aparılır.
banner

Oxşar Xəbərlər