Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib
Azərbaycan
Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə
maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA)
çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi
fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın
Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra
hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin
davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə
məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet
istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının
iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması müddətinin
uzadılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və
digər sahələrdə həyata keçirilən islahatlar özəl sektorun inkişafında xüsusilə
önəmlidir və sahibkarlığın inkişafı sahəsində sistemli tədbirlər davam
etdirilir.
Nazir müavini Sahib Məmmədov ölkə başçısının müvafiq fərmanları ilə təsdiq
edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində
yeni iş yerlərinin yaradılmasının, sahibkarlığın, xalq sənətkarlığı sahələrinin,
o cümlədən xalçaçılığın inkişafının İqtisadiyyat Nazirliyi tərəfindən daim
dəstəkləndiyini bildirib və belə icma əsaslı biznesyönümlü layihələrin
icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi
inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov rayonda
reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verib və rayonda
xalçaçılıq sənətinin inkişafı ilə bağlı geniş potensialın olduğunu diqqətə
çatdırıb.
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta
ölkəmizlə ABŞ arasında əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən
danışıb, bu tədbirlərin Azərbaycan regionların inkişafına töhvə olduğunu
bildirib.
Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının
rəhbəri Səkinə Babayeva qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində
belə icma layihələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə diqqətə çatdırılıb ki, xalça müəssisəsinin fəaliyyətə başlaması
nəticəsində Alpan, Uzunmeşə, Gəray, Kürkün və Susay kəndlərində yaşayan 50
nəfər işlə təmin olunacaq. 200 nəfər qadın isə xalçaçılıq üzrə pulsuz
təlimlərdə iştirak edəcəkdir. Bundan başqa, müəssisədə xalçaların istehsalı
üçün ilkin xammal (yun, ip, təbii boyaq kimi istifadə olunan bitkilər və s.)
yerli fermerlərdən alınacaq.
Qeyd edək ki, layihə çərçivəsində iki
xalça toxuma otağı, konfrans (təlim otağı), sərgi zalı və digər obyektlər inşa
olunub.