• şənbə, 20 Aprel, 05:01
  • Baku Bakı 15°C

Qrup yoldaşlarının “dədəsi” – Mən gənc olarkən

06.05.14 11:05 3803
Qrup yoldaşlarının “dədəsi” – Mən gənc olarkən
Tələbəlik vaxtı pullarının və ərzaqlarının tükənən vaxtı olsa da, birtəhər günlərini keçirdiklərini deyir. Hətta ac qalmamaq üçün bəzən qonşu otaqdan oğurluq etmək məcburiyyətində qaldıqlarını da etiraf edir. Millət vəkili, tarix elmləri doktoru, professor Fəzail Ağamalının uşaqlıq, tələbəlik, gənclik illəri barədə səmimi söhbətini sizə təqdim edirik.
“Döyüləndə heç kəsə bildirmirdim”
Uşaqlığı Zəngəzurun Sisyan rayonunun Şıxlar kəndində keçən Fəzail Ağamalı ailələrində 6 uşaq – iki qardaş, dörd bacı olduqlarını bildirdi. Evin böyüyü olan millət vəkilinin atası uzun müddət kolxoz sədri, kolxoz sovxoza çevriləndən sonra isə sovxozun baş baytar həkimi, ferma müdiri vəzifələrində çalışıb. İşi ilə əlaqədar səhər 6 radələrində evdən çıxan atası evə gec gəldiyindən uşaqların tərbiyəsi ilə babası məşğul olurmuş. Babasından çəkinsə də, F.Ağamalı anasına az “çəkdirməyib”. Nadincliyi ilə ailədəki uşaqlardan seçilən müsahibimiz tez-tez həmyaşıdları, hətta özündən böyüklərlə mübahisəyə girər, dalaşar, döyüb döyülərmiş. Buna görə evlərinə xeyli şikayətlər gəlirdi. Ancaq döyüləndə də elə edib ki, heç kəsin bundan xəbəri olmasın. Nadinc olsa da, dərslərini də yaxşı oxuyub. Bununla yanaşı, həyət-bacadakı işlərə yardımçı olub, otun biçilib həyətə gətirilməsi, tayanın qurulması, qışda ev heyvanlarına baxmaq, qar yağanda həyətin, tövlənin, əldamının üstünün qarını təmizləmək də müsahibimizlə qardaşının öhdəsində idi.
“Hər gün ermənilərlə dalaşırdıq”
7 illik məktəbi əla qiymətlərlə öz kəndlərində bitirən həmsöhbətimiz 8-ci sinifdən təhsilini erməni və azərbaycanlıların birgə yaşadığı qonşu Dəstəgert qəsəbəsində davam etdirib. Kənddən qəsəbəyə qədər 4 kilometrlik məsafəni demək olar hər gün piyada gedən müsahibimiz deyir ki, çox nadir hallarda avtobusda yer olarmış: “Bizim kənddə qış çox sərt keçirdi. Qar günlərlə davam edəndə insan boyundan yuxarı olurdu. Çətinliklərə baxmayaraq, hər gün məktəbə gedirdik”.
F.Ağamalı Dəstəgir qəsəbəsində oxuyarkən ermənilərlə tez-tez qarşıdurmaları olurmuş: “O gün olmazdı ki, onlarla dalaşmayaq. Buna görə həmişə sumkamızda velosiped təkərinin sepini gəzdirərdik ki, özümüzü müdafiə edək. Daha çox mənimlə və Babəklə dalaşardılar. Babəklə kürək-kürəyə verib həmişə özümüzü qoruyardıq. Döyən vaxtımız da, döyülən vaxtımız da olurdu. Döyüləndə bunun intiqamını kəndimizin altından keçən və ermənilərin istifadə etdiyi avtobusun qarşısını kəsməklə çıxardıq. Avtobusun təkərlərinin altına tros keçirib saxlayır, avtobusu daşlayır və kimsə yerə düşəndə onu döyürdük. Buna görə yeniyetməlik illərimiz çox gərgin keçib. 1960-cı illərdə “erməni soyqırımı”nın ildönümündə Dəstəgir qəsəbəsinə təyyarələrdən erməni dilində vərəqələr səpələdilər. Vərəqi atama gətirdik, oxuyanda məlum oldu ki, ermənilərin türkləri qırmağa səsləyən vərəqələrdir. Hətta vərəqələrdə yazılırdı ki, türkləri torpaqlarımızdan çıxarmalıyıq. Yəni bizi öz torpaqlarımızdan çıxarmağı o vaxtdan qarşılarına məqsəd qoymuşdular”.
Kənddə gözaltım var idi
Kənddə sevgi həyatı da yaşadıqlarını deyən həmsöhbətimizin sözlərinə görə, sevdikləri qızlara ancaq uzaqdan baxa bilirmişlər: “Qızlar kənddəki bulaqdan səhənglə su aparardılar. Hər kəsin bir gözaltısı var idi. Biz cavanlarla birlikdə bulağın yaxınlığında durardıq ki, görək, gözaltımız nə vaxt gələcək və biz ona baxacağıq. O da insafa gəlib dönüb bizə baxacaqmı deyə fikirləşərdik”.
Müsahibimiz sevgi kimi gözəl duyğuları yaşamaqla yanaşı, orta məktəb illərində mütaliəni də sevirmiş: “Orta məktəbi qurtaranda kəndimizin kitabxanasındakı demək olar bütün kitabları oxumuşdum. Bircə dənə Drayzerin “Dahi”sini başa düşmədiyimdən yarımçıq qalmışdı. 8-ci sinifdə Tibb İnstitutuna girməyə hazırlaşsam da, 9-cu sinifdə Mirzə İbrahimovun “Gələcək gün” romanını oxuyandan sonra sənədlərimi indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə verməyi qərarlaşdırdım. Birinci imtahandan “4” aldım, ikinci imtahanın vaxtını səhv saldığım üçün imtahana gecikdim. Belə ki, imtahana 40 dəqiqə qalmış orada oldum və bu müddət ərzində “Ölülər” əsərinin heç qaralamasını yazıb qurtara bilmədim. İmtahandan çıxdım və bildim ki, qəbul olmamışam”.
“Sözümü ona demək üçün bir günlük kəndə getdim”
İmtahandan kəsilən F.Ağamalı işləməyə qərar verir. Evtikmə kombinatında quraşdırıcı fəhlə kimi işə başlayır. 6-7 ay orada çalışır. İyunun 9-da evində qaldığı bibisiylə birlikdə kəndlərinə gedir: “Fikirləşdim ki, bir neçə gün qalandan sonra işə qayıdaram. Kənddə ədəbiyyatdan dərs deyən Turab müəllimlə qarşılaşdım. Məndən kinayə ilə soruşdu ki, “gedib Bakını gəzib gəldin?”. Bu söz məni tutdu və pərt oldum. Evə qayıdıb anama dedim ki, Turab müəllimin bu sözündən sonra burada qala bilmərəm və səhərisi yenidən Bakıya yola düşdüm. İyunun 12-də ərizəmi yazıb işdən çıxdım və ali məktəbə hazırlaşmağa başladım. İki “5”, bir “4”lə Tarix fakültəsinə qəbul oldum. Dərslərin başlanmasına 3 gün qalmışdı. Onun iki günü mənim yolum idi, bir gün isə kənddə qala bilərdim. Tələbə qəbulundan aldığım vərəqi də götürüb kəndə getdim. Turab müəllimlə görüşüb vərəqi göstərdim və dedim ki, “Turab müəllim, mən gəzmədim, Bakıda hazırlaşıb Tarix fakültəsinə qəbul oldum. Bakını yaxşı tanıyıram, oğlunuz Fəxrəddini göndərərsiniz, onu Bakının bütün küçələri ilə tanış edərəm”. Beləliklə, kənddə bir gün qalıb Bakıya qayıtdım”.
“Gözətçi işləmək məcburiyyətində qaldım”
Birinci kursda bibisinin evində qalan F.Ağamalı maddi baxımdan heç bir çətinlik çəkmir. Çünki işləyib əmanət kassasına qoyduğu pulu hissə-hissə xərcləməyə başlayır. Hətta universitetdə ən yaxşı geyinənlərdən biri F.Ağamalı olur. İkinci kursdan isə tələbə yataqxanasında qalmağa başlayır. İkinci kursun sonlarında pulu qurtarır və təqaüdü dolanışığı üçün kifayət etmir: “Mən, qardaşım və bacım oxuduğuna görə atamın aldığı məvacib bizə çatmırdı. Buna görə atama dedim ki, pulu mənə yox, Naxçıvanda texnikumda oxuyan bacıma göndərsin. Gözətçi kimi işə düzəldim. 4-5 ay işlədim. Gecələr işlədiyimdən dərslərdə çox yorğun olur, mühazirələrə qulaq asa bilmirdim. Buna görə 5 aydan sonra işdən çıxdım. Aldığım 39 manat təqaüdlə keçinməyə başladım. Amma Allah başqa tərəfdən mənə qapı açdı. Birinci kursdan əməkdaşlıq etdiyim Bakı Dövlət Universitetinin “Lenin tərbiyəsi uğrunda” qəzetinin redaktoru Ağamusa Zeynalov üçüncü kursdan məni orada ədəbi işçi kimi çalışmağa dəvət etdi. Ədəbi işçi kimi 32 manat pul alırdım. Təqaüdlə birlikdə bu pul mənə kifayət edirdi. Universiteti qurtarana kimi burada işlədim”.
“Dedim, utanma, könlünü qıza aç”
F.Ağamalı həm də qruplarının lideri olub. Qrupdakı 8 qızın hamısının ona “dədə” deyə müraciət etdiyini deyən müsahibimizin sözlərinə görə, qrupda kiminsə problemi olanda dərhal ona müraciət edirmiş: “O zaman qrup yoldaşlarımdan biri kitabxanaçılıq fakültəsində oxuyan bir qıza vurulmuşdu. Amma ürəyini aça bilmirdi. Dərdini mənimlə bölüşdü, mən də ona ürək-dirək verdim ki, “utanmaq lazım deyil, get, qıza könlünü aç. Amma sözünü deyəndən bir həftə, on gün sonra qızın gözünə görünmə, onun içərisinə bir qığılcım sal, qoy narahat olsun, gözləsin ki, bu, niyə getdi. Sən artıq ikinci dəfə yaxınlaşanda tamam başqa münasibət görəcəksən”. Həqiqətən də belə oldu. Onlar evləndilər. İki uşaqları da var. Bu gün də xoşbəxtdirlər”.
“Yeməyimiz qurtaranda qonşu otaqlara baş çəkirdik”
Millət vəkili yataqxana həyatını da bizimlə bölüşdü: “Otaqda növbətçilik sistemi var idi. Bizdən balaca olduğuna görə işin çoxunu birinci kursda oxuyan otaq yoldaşımıza yükləmişdik. Ən çox sevdiyimiz və indiyə qədər dadı damağımdan getməyən yemək isə Bolqarıstan lobyasının yumurta ilə qovrması idi. Tez-tez bu yeməyi hazırlayardıq”.
Məcburiyyətdən doğan oğurluqlarının da olduğunu etiraf edən müsahibimizin sözlərinə görə, bəzən yeməkləri də, pulları da qurtararmış: “Bu zaman birimiz növbə çəkir, o birimiz isə başqa otağın tələbələrinin yeməyini qazanımıza töküb otağımıza girib yeyərdik. Bir dəfə də səhər yeməyimizin də, pulumuzun da qurtaran vaxtı idi. Hər həftənin 1-ci günləri hərbi dərs keçdiyimizdən həmin gün çoxlu qaçar, müxtəlif tapşırıqları yerinə yetirərdik. Buna görə səhər yeməyni yeyib mütləq kəmərimizin altını bərkitməliydik. Axşam nə edəcəyimizi müzakirə etdik və qərara gəldik ki, qonşudan oğurluq edək. Qonşu otaqda gözdən əlil bir tələbə və onunla birlikdə iki nəfər qalırdı. Səhər gözləri görməyən dostumuz əl-üzünü yumağa otaq yoldaşlarının müşayiəti ilə gedirdi. Dedik, bunlar hamama gedəndə onlardan yemək üçün nələrsə götürək. Otaq yoldaşım Mirheydər Mirzəyevi növbəyə qoydum və içəri girib pəncərənin qarşısından bir az pendir, yağ, çörək və 8 tikə qənd götürdüm. Pendirin üstünü spiçka çöpü ilə deşiklədim. Mətbəxdən də başqasının dəmlədiyi çaydan süzüb səhər yeməyimizi edib dərsə yollandıq. Axşam qayıdanda qonşu otaqdakı Mahmud danışdı ki, otaqlarında qəribə hadisə baş verib. Pəncərənin qırağına qoyduqları pendir, yağ ovuxlanıb, üstü də deşiklənib. Mən də məsləhət verdim ki, “öyrətmək olmasın, bir də pəncərənin qırağına yeməli şey qoymayın. Görmürsən, ac qarğalar uçur”. Onun da ağlına batdı və dedi ki, “Allaha and olsun, düz deyirsən. Daha bir də pəncərənin qırağına ərzaq qoymaram”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər