• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

Qrip virusu bu il də Azərbaycanda var

11.01.19 12:00 533
Qrip virusu bu il də Azərbaycanda var
Qrip virusu ilə bağlı bütün ölkələr eyni dərəcədə risk altındadırlar.
Bunu Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, A(H1N1) virusu insanda qripin yaranmasına səbəb olan viruslardan biridir.
H.Harmancı qeyd edib ki, qrip, adətən, hər il dünyada epidemiyalar yaradır. Qrip olanların bir çoxu heç bir müalicə olmadan bir həftə ərzində yaxşılaşır.
ÜST rəsmisi deyib ki, virusun hər hansı ölkəyə keçməsinin qarşısının alınması mümkün deyil. Daha əvvəlki pandemiyalar zamanı tətbiq edilən müxtəlif üsullar (sərhədlərin bağlanılması, ticarətin məhdudlaşdırılması, sərhədlərdə insanların bədən temperaturunun ölçülməsi kimi tədbirlər və s.) bunun mümkün olmadığını göstərib:
"Bütün ölkələr eyni dərəcədə risk altındadırlar. Qrip virusu daha əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycanda var və hər zaman da olacaq. Ancaq bəzi illərdə xəstə sayı arta bilər. Qripdən qorunmanın ən yaxşı yolu risk qruplarının müəyyən edilməsidir”.
ÜST rəsmisi qeyd edib ki, ÜST-nin müəyyən etdiyi risk qruplarına hamilə qadınlar (hamiləliyin istənilən vaxtında), 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan böyük insanlar, xroniki xəstəliyi olan olanlar (HİV/AIDS, astma, ürək və ağciyər, diabet xəstələri, qripə məruz qalma riski yüksək olanlar (səhiyyə işçiləri kimi) daxildirlər.
H.Harmancı əlavə edib ki, bundan əlavə, fərdi tədbirlər də qrip epidemiyasının yaranmasının qarşısını ala bilər:
"Bunun üçün hər kəs əllərin yumağı bir vərdiş halına salmalıdır, çünki qrip virusları əllə də keçə bilər. Öskürən, ya asqıran zaman əl dəsmalı ilə ağzınızı örtün, sonra isə onu ya yaxşıca yuyun, ya da atın. Qızdırma, öskürək, baş ağrısı, əzələ ağrısı, həddindən artıq yorğunluq, boğaz ağrısı simptomları müşahidə edilən insanlardan uzaq durun”.
banner

Oxşar Xəbərlər