• cümə, 26 Aprel, 05:18
  • Baku Bakı 16°C

Qrip - payızın minsifətli bəlası

14.10.14 13:47 3299
Qrip - payızın minsifətli bəlası
“Hər fəslin öz gözəlliyi var” ifadəsini “Hər fəslin öz xəstəliyi də var” kimi dəyişsək, yəqin ki, yanılmarıq. Artıq oktyabr ayının ortasına çatmışıq, havalar getdikcə soyuyur, bununla isə ənənəvi xəstəliklər gəlir. Belə ki, Bakıda son bir ayda yeni təhlükəli qrip virusu yayılıb. Kəskin öskürək, yüksək hərarət və halsızlıqla müşahidə olunan xəstəlik əksər antibiotiklərə qarşı dayanıqlı olduğundan müalicəsi heç də qısa zamanda effekt vermir. Uzağa getməyək, elə bu sətirlərin müəllifi olan mən özüm artıq iki həftədir ki, qripə yoluxsam da, heç bir dərman vasitələri və xalq təbabəti – soğan-sarımsaq və s. köməyimə çatmır. Gündəlik istifadə etdiyim ictimai nəqliyyat vasitələrində də insanların tez-tez qripdən şikayətləndiyinin şahidi oluram.
Paytaxtda sürətlə yayılan bu xəstəliyin müalicəsi ilə bağlı tanınmış həkimlərdən məsləhətlər aldıq. Həkimlərlə söhbət əsnasında məlum oldu ki, yeni qrip virusları artıq öldürücü xarakter alıb. Əvvəlki illərdən fərqli olaraq, indi insan orqanizmində daha dayanıqlı imkana sahib olan yeni virus tipləri bədənin müqavimətini aşağı salmaqla yanaşı, həm də əlavə problemlər yaratmaqla fərqlənir. Məsələn, son virus növü bronxlarda, qulaqda, hətta boğazda fəsadlar törədə biləcək gücdədir.
“Soğan və sarımsaq çıxış yolu deyil”
Xətai Estetik Klinikasının aparıcı mütəxəssisi, elmlər doktoru, terapevt-kardioloq Könül Əzizova bizimlə söhbətində qrip xəstəliyinin geniş yayılmasını yeni mövsümün gəlişi, keçid dövrünün gətirdiyi fəsad kimi qiymətləndirdi. Onun sözlərinə görə, keçid dövründə orqanizm zəifləyir: “Qrip damcı və hava üsulu ilə keçən bir xəstəlikdir. İnsanların çox toplaşdığı ərazilərdə, avtobusda, metroda bir-birilərinə yoluxdura bilərlər. Biri asqırıb, ya öskürəndə bu xəstəlik sağlam insana da keçə bilər. İlk növbədə insanlara tövsiyəmiz ondan ibarətdir ki, immun sistemini möhkəmləndirsinlər, çoxlu vitaminlər qəbul etsinlər. Sağlam olmaq üçün yaxşı qidalanmaq, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. İnsanların çox toplaşdığı ərazilərdən kənar gəzmək də məsləhətdir. Burun damcısı dərmanından və vitamin “C”dən həm iynə, həm də həb şəklində istifadə etmək faydalıdır. Bundan başqa, sinir sistemi zəif olan insanlar çalışsınlar, stressdən uzaq olsunlar, çox insan olan və siqaret çəkilən yerlərdən kənar gəzsinlər. Bu kimi hallar da qripə yoluxmaya şərait yaradır”.
K.Əzizova xalq təbabəti ilə paralel şəkildə dərman preparatlarından istifadə etməyi də məsləhət gördü: “Soğanın və ya sarımsağın heç bir virusa aidiyyəti yoxdur. Virusun özünü sirkulyasiya edən vaxtı var. 6-10 gün müddətində o öz təsirini göstərir. Soğan və yaxud sarımsaq xəstəliyin müalicəsi deyil. Bu tamam yanlış fikirdir. Bu kimi vasitələr yalnız dərmanlarla paralel öz müsbət nəticəsini göstərə bilər. Payıza keçid dövründə orqanizmdə maddələr mübadiləsinin pozğunluğu, immun sisteminin zəifliyi və s. əmələ gəlir. Havada çox bakteriya virusu olduğu üçün bunlar orqanizmə öz təsirini göstərir”.
“Yer kürəsində çiçəyin kökü kəsilib, onun yerinə qrip virusu gəlib”
Qrip virusunu ciddi təhlükə sayan tibb elmləri doktoru, professor Adil Qeybulla hazırkı durumda əsaslı tədbirlər görməyi vacib sayır: “Qrip 4 karantin infeksiyadan biridir. Əvvəllər sarı qızdırma, vəba, taun və təbii çiçək belə infeksiyalardan idi. Sonuncusu kütləvi vaksinasiya nəticəsində artıq sıradan çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı raport verib ki, yer kürəsində çiçəyin kökü kəsilib, onun yerinə qrip virusu gəlib. Yəni yenə də 4 karantin infeksiya qalır. Qrip təhlükəli infeksiyadır, epidemiyaya, pandemiyaya meyillidir və adətən tələfatla nəticələnir. Hava, damcı yolu ilə keçən infeksiya olduğuna görə, geniş yayılmağa da meyillidir. Çünki insanlar daim miqrasiya vəziyyətindədirlər, bir yerdən başqa yerə gedir, bir-biri ilə təmasdadırlar, kollektivdə işləyirlər. Bu baxımdan da qripin sürətlə yayılması üçün əlverişli şərait həmişə var. Hər il də ÜST qripin mövcud ştammını tədqiq edir, onun yayılması barədə raport verir. Ayrı-ayrı dövrlərdə müxtəlif növ – “Quş qripi”, “İspan qripi”, “Donuz qripi” və başqa adlar altında böyük epidemiyaya səbəb olmuş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş qripin ştammları olub. Ştammın özünü necə aparmasını indidən demək çətindir. Mövcud olan vaksin bugünkü ştammın vaksini deyil, əvvəlkilərindir. Virus həyatın qeyri-hüceyrəli formasının biotik zənciridir və onun strukturu daim dəyişir. Hər bir strukturu dəyişmiş virus da yeni xassə alır. Başqa sözlə, qrip virusu sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirir. Ona görə də vaksinasiyanı effektiv tədbir hesab etmirəm. Təzə vaksin isə indiki virus identifikasiya olunandan sonra hazırlanacaq. Bu virus yeni peyda olub, təzə ştamma uyğun olaraq da vaksinasiya alınmalıdır”.
“Təbii bitkilərdən istifadə həkim məsləhəti əsasında olmalıdır”
Xətai Estetik Klinikasının pediatrı Kənan Qarayev işlədiyi klinikaya son bir ayda həddən ziyadə qripə yoluxmuş uşaqlar gətirildiyini deyir. Pediatrın sözlərinə görə, uşaqların vücudları körpə və zəif olduqları üçün onlar daha tez xəstəliyə tutulurlar: “Qrip çox ağır şəkildə olan xəstəliklərə deyilir. Biz bunu zökəm virus xəstəliyi adlandırırıq. Bu, mövsümlə əlaqədardır. Payız mövsümündə havanın belə dəyişkən keçməyi immun sistemində dəyişikliklərlə müşahidə olunur. Buna görə də xəstəliklərə yoluxma ehtimalı yüksək olur. Bu tip xəstəliklər hava vasitəsi ilə keçir. Belə ki, bir uşaq digər uşaqla eyni mühitdə olduqda, asqırma və öskürmə yolu ilə xəstəliyin yayılması müşahidə olunur. Qripə yoluxmamaq üçün ilk olaraq xəstə uşaqların yanından kənar gəzməli, xəstə olan uşaqlar maskalardan istifadə edib, bol vitamin qəbul etməlidirlər. Bu xəstəliyə yoluxmamışdan əvvəl profilaktik tədbirlər də görmək lazımdır. İlk növbədə sağlam və qripə yoluxmuş insanlar arasında əlaqəni zəiflətməliyik. İmmun sistemini qaldıran meyvələrdən, tərəvəzlərdən istifadə etmək lazımdır. Bol-bol maye qəbul etmək, həm də müəyyən preparatlardan istifadə etməklə immun sistemini yüksək tutaraq xəstəliyə qarşı müqaviməti artırmaq mümkündür”.
K.Qarayevin sözlərinə görə, son bir ayda onlara pasientlərin yüzdə doxsanı qriplə bağlı müraciət edib: “Bizə müraciət edən pasientlərə baxanda görürük ki, uşaqların əksəriyyətində eyni xəstəliklər mövcuddur. Bu xəstəliklərin xarakterik bir vaxtı var. Bizə qrip xəstəliyinə yoluxmuş uşaqlar daha çox müraciət edirlər. Qripin əsas əlamətləri yüksək temperatur, öskürmə, asqırma, burun tutulmaları, tənəffüs yollarının xəstəlikləridir. Qrip xəstəliyinə tutulanda ilk öncə həkimə müraciət etmək lazımdır. Çox təəssüf ki, bizim valideynlərin bir çoxu ev şəraitində xalq təbabəti üsullarından istifadə edirlər. Təbii bitkilərdən istifadə həkim məsləhəti əsasında olmalıdır ki, başqa bir fəsadlar ortaya çıxmasın. Əgər artıq qripə yoluxmusunuzsa, ilk növbədə evdə hava tez-tez dəyişdirilməlidir. Vitaminlə zəngin olan qida qəbul edilməlidir. Soğan və sarımsaqdan istifadə olunması uşaqların burun boşluğu yuxarı tənəffüs yollarına mənfi təsir göstərə bilər. Çünki onun düzgün istifadə olunmamağı burundakı hüceyrələri və kirpikli epitellərin zədələnməsinə səbəb ola bilər. Xəstəliyin ilk simptomları müşahidə olunan kimi, valideynlər öz şəxsi pediatrlarına müraciət etməlidirlər ki, onlara heç bir mənfi təsiri olmayan preparatlarla ev şəraitində, həm də məktəb, bağçada olan uşaqlara profilaktik qorunmanı başa sala bilərik”.
Pediatr immun sistemi zəif uşaqların payız mövsümündən asılı olmayaraq il boyu xəstə olduqlarını, mövsüm dəyişikliyi və qrip virusunun yayıldığı bir vaxtda daha tez-tez və daha ağır formada xəstəliklər keçirdiklərini qeyd etdi: “Yaz və payız ayları başlayarkən valideynlər uşaqların xəstələnməməsi üçün onların immun sistemini qaldırmalıdırlar. Bəzi valideynlər isə immun sistemini düzgün qiymətləndirmirlər. Hər hansı bir vitaminin verilməsi və bitkidən istifadə etmək immun sisteminin qaldırılması demək deyil. Biz immun sistemini artırmaq üçün xüsusi preparatlar və müalicə üsullarımızdan istifadə edirik. Yeganə dərman vitamin «C»-dir ki, müəyyən qədər immun sisteminin qalxmasına kömək edir. Ancaq digər vitaminlər bu məsələdə faydalı deyil. Valideynlər kortəbii şəkildə uşaqların immun sistemini qaldırmamalıdırlar. İlk növbədə pediatra müraciət etməlidirlər”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər