• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

Qreqori Devid Robertsin “Şantaram” əsəri haqqında

16.10.18 13:30 2968
Qreqori Devid Robertsin “Şantaram” əsəri haqqında
"Şantaram”ın şərhçilərindən birinin fikirləri: "Əgər "Şantaram” bir insanın qəlbinin dərnliklərinə toxunmursa, demək onun ya qəlbi yoxdur, ya ölüdür, ya da eyni zamanda hər iki vəziyyət ona hakim kəsilib... "Şantaram” əsrimizin "Min bir gecə”sidir... ”
Bax, elə bu kimi səbəblərdən də əsəri mütləq oxumalı (özü də əsər mütləq şəkildə "qəlbimin dərinliyinə kimi təsir etməli”) və mütəəssir olmalıydım, əks halda oxucu ən azından ürəksiz olduğumu hesab edəcəkdi.
Risk edərək ərz edim ki, kitabın məndə yaratdığı təəssürat heç də heyranlıq deyil. Amma dərhal da deməliyəm – məncə "Şantaram” oxunmağa layiqdir. Kitabı fərqləndirən və oxunuşdan uzun zaman ötsə belə məzmununun beyindən tamamilə silinməməsinə səbəb bir çox üstünlükləri var.
Məqsədin özü də çox maraqlı tərzdə təqdim edilir – kriminal-mafioz mövzunu müasir Hindistan şərtlərində (özü də yerli "hollivud” müəlliflərinin mövqeyindən deyil, "qərb” sivilizasiyasının nümayəndəsi olaraq) inkişaf etdirməyə çalışır.
Məlum olduğu kimi "Şantaram”ın müəllifi avstraliyalı, keçmiş narkoman və talançı, Yeni Zelandiya həbsxanasından Hindistana qaçan, Mumbayda (Bombey) sığınacaq əldə edən və Hindistanın timsalında ikinci vətənini tapan Qreqori Devid Robertsdir. Müəllif hekayəni romanın baş qəhrəmanı Lindseyin dilindən qələmə alır, amma dərindən düşündükdə məlum olur ki, Lin elə müəllifin özüdür, Lindsey sadəcə olaraq qəhrəmanın (müəllifin) Hindistana gedərək orda qalmasını leqallaşdıra bildiyi saxta pasportda qeyd edilən soyaddır. Lin ömrünün "hindistanaqədərki” dövründə özünü inqilabçıya bənzədən, ideallarını narkotik dumanında itirmiş, cinayət dünyasında qeyb olan və istedadını ciddi rejimli həbsxanada xərcləyən şair kimi təqdim edir. Belə hesab edək ki, bu sözlər kitabın müəllifinə də aiddir. Nəzərdə tutulan kriminal romanın avtobioqrafik, real və ya məlumat şəklində olması isə ona əlavə şarm qazandırır.
Bədii ədəbiyyatdakı güclü ədəbi əsərlər xəyaldan başqa oxucuya dəqiq elmlərlə bağlı məlumatlar ötürür, bəzən də tarixi biliklər qazandırır. Buna bəzən ədəbiyyatşünaslığa dair (Məsələn, A.Bitovun "Puşkinin evi”), bəzən də marketinq, reklam (V.Pelevinin "P nəsli”) və başqa bilgilər haqqındakı kitablarda daha çox rast gəlinir. Robertsin romanı hər şeydən əvvəl müasir Hindistan haqqında maraqlı oçerklərin süjetlə bağlı toplusudur. Burada ölkənin şəhər və kənd həyatı, yerli sakinlərin adət-ənənələri, əcnəbilərin (avroplılarla bərabər, həm də müsəlman ölkələrindən gələnlər) yaşam tərzi haqqında eskizlər təsvir olunub. Əsərin əsas hissəsi qəhrəmanın şəhər gecəqonduları və yerli həbsxanalardakı həyatının təsvirinə həsr edilib. Bu başlıqlar informativ xüsuslarla bərabər, həm də müxtəlif hadisələrlə zəngindir (Ən azı sahibsiz it sürülərinin Lin və Tarikə hücumunu və ya əsas qəhrəmanın həbsxanaya düşməsi ilə əlaqədar baş verən gözlənilməz dəyişikləri xatırlamaq olar). Onlar da romanın digər döyüş səhnələri kimi canlı, enerjili, bəzi "bədii” mübaliğələr olmadan qələmə alınıb. (Roberts təsvir vasitələrindən janrın qaydalarına uyğun və oxucunun fikrinin kitabın məzmunundan uzaqlaşmaması üçün ustalıqla istifadə etmişdir.)
Hadisələr əsas etibarilə çoxmillətli və multikultural Bombeydə cərəyan edir (müəllif şəhəri onun yeni rəsmi adı Mumbay yox, məhz Bombey adlandırır). "Assamlar, catlar və pencablılar – Racastanda, Benqaliyada və Tamilnadda, Puşkarda, Koçində və Konorakda doğulanlar; brahmanlar, döyüşçülər və toxunulmazlar (Bu sadalananlar Hindistanda hüquq və vəzifələri qəti müəyyənləşdirilməmiş insan qrupları olan kastalardır – X.N.); induslar, müsəlmanlar, xristianlar, buddistlər, farslar, caynlar, animistlər; yaşıl, qızılı-qəhvəyi və qara gözlü ağdərililər və qaradərililər – bir sözlə müxtəlifliyin heç nəyə bənzəməyən formaları...” – müəllif bu cür fon yaradaraq əsas hadisələrin baş verdiyi şəhərin sakinləri haqqında yazır. Kitabın coğrafiyası davamlı olaraq Hindistanın digər rayonlarına kimi genişlənərək hətta onun sərhədləri xaricinə də çıxır – süjet xətti Pakistana, Əfqanıstana və epizodik olaraq bəzi digər şəhərlərə doğru da yayılır. Amma romanın coğrafi mərkəzi yenə də Bombeydir.
Bundan başqa, kitabın yüksək dərəcədə cazibədarlığı da məhz bu şəhərin adı ilə bağlıdır.
Əvvəla əsas hadisələr məhz burada baş verir: obrazların tanışlığı, qəhrəmanın yerli gecəqondularda həyat sürməsi, madam Jujunun əxlaqsızlıq yuvası, mafioz davaları və s. Əsas qəhrəmanın ətrafında üç qrup şəxs mövcuddur: birincilər dünyanı vecinə almayan və müxtəlif səbəblərdən Bombeydə (Karlda, Letisiyada, Ullda, Modendə, Didyedə, Mauritsioda) məskən salmış, şərti desək, onları "Şantaram” romanının oxucuları üçün kulta çevrildiyini düşündüyüm avropalılardır. Onları "Leopold” kafesinin daimi müştəriləri qrupu adı altında birləşdirmək olar. Obrazların ikinci qrupu – hindlilərdir (Prabaker, onun valideynləri, Sancab, bir müddət Linin də yaşadığı Bombey gecəqondularının sakinləri). Kaderbxayın başçılığı altında fəaliyyət göstərən, müsəlman ölkələrindən gələn, radikallaşmış mafioz klanın (Kaderxbay özü, Abdulla, Abdul Qəni...) tərkibinə daxil olan mühacirlər isə üçüncü qrupa aiddir. Hər qrupun özünün süjet xətti var və bu süjet xətləri demək olar ki, bir-birindən asılı deyil. Onları təkcə iki faktor birləşdirir – əsas qəhrəmanla (Lin) və əsas hadisələrin baş verdiyi məkan, daha doğrusu Bombey. Yuxarıda qeyd edildiyi kimi hadisələr bəzən şəhərin sərhədlərindən kənara çıxır, amma xarici hadisələr Bombeydə başlanan süjet intriqalarının davamı kimi təqdim edilir.
İkincisi, hiss edirik ki, müəllif bu şəhəri həqiqətən də sevib və bu sevgini səmimi qəlbdən oxucularla bölüşür. Bununla belə Robertsin müşahidə qabiliyyəti və inadkarlığından, bu qeyri-adi meqapolisin koloritini çatdırmaq bacarığından imtina etmək olmur. Yazıçı ilk təəssüratlarını bu cür təsvir edir:
"Mən həbsdən qurtularaq nəhəng dünyaya yenidən qədəm qoyduqda, o isə mənə tamam yad münasibət bəslədikdə məskən saldığım Bombeyə gəldiyim ilk gün diqqətimi çəkən əvvəllər rastıma çıxmayan qoxu oldu. Mən onu artıq təyyarədən hava limanı vağzalının binasına qədər uzanan yolda hiss etdim. Bu xoş qoxu Bombeydəki ilk dəqiqədən məni həyəcanlandırdı. İndi bilirəm ki, bu şirin, həyəcanlı ətir nifrəti məhv edən ümidin, eyni zamanda sevgini öldürən tamahın üfunətli, turş qoxusu idi. Bu, imperiya və sivilizasiyaları dağıdan və bərpa edən tanrılarla şeytanların ətri idi. Bu, adadakı şəhərin hər hansı nöqtəsində duyulan okeanın mavi ətri, maşınların qanlı-metal qoxusu idi. Bu, təlaşın və asayişin, əsas hissəsi insanlar və siçovullardan ibarət olan altı milyonluq canlının həyat fəaliyyətinin qoxusudur. Bu, sevginin, sınmış qəlbin, bizdə cəsarət yaradan yaşamaq uğrunda mübarizənin və qəddar məğlubiyyətin ətridir. Bu, on min restoranın, beş min ehramın, məqbərənin, kilsə və məscidlərin, o cümlədən ətir, ədviyyat və təzə çiçəklər satılan yüzlərlə bazarın qoxusudur”.
Mühüm detalları meydana çıxaran və onlar əsasında gözlənilməz və dəqiq ümumiləşdirmə aparan romantik şairin dili.
Müəllifin iti nəzəri ilə qavrayaraq şəhər kənarındakı dəbdəbəli ofis binalarının qonşuluğunda təsvir etdiyi yaşayış məskənləri və ya sadəcə olaraq gecəqondular oxucunun hafizəsinə birbaşa həkk olunur. Roberts tikililər arasındakı ziddiyyətdən daha çox, komaların yoxsulluğu və daxilindəki səliqə-sahmanı, evlərin kasıb görkəmi ilə sakinlərin xarici gözəlliyinin (al-qırmızı, mavi və qızılı parçalara bürünən cazibədar qadınlar, badamı gözlü, ağ dişli kişilər, şən, mehriban uşaqlar) asayiş bəxş etməsini xüsusi qeyd edir. Nəzərini kimə yönəltsən, gülümsədiyini görərsən. Elə bu zaman ortaya başqa epizod çıxır: səhifələrdən birində bütün paltarı – belinə bürüdüyü, üzərinə qızılgüllər həkk olunmuş parçadan ibarət olan solğun üzlü avropalı peyda olur. O, əlini yelləyir, əsnəyir və qarnını qaşımağa başlayır. Qəhrəman onu təbəssümlə salamlayan adamlarla bərabər, həm də solğun dərilinin "inəksayağı” rahatlığı və dincliyinə qibtə edir.
Beləliklə, hava limanından şəhərə gedən yola kimi Roberts davamlı olaraq oxucunu romanın (nə qədər paradoksal səslənsə belə) dinlərin, kastaların, şəxslərin, əhvalların, təbii resursların, sənətlərin, tikililərin rəngarəngliyi ilə spesifik olan dünyasına yönəldir.
Kitab bütövlükdə (təbliğatdan kənar olmaqla) kinossenari üçün uyğundu. Əsərdəki hər bir kadr ədəbi cəhətdən olduqca aydın və cazibədar qurulub. Hələ ki, Hindistanda olmasam da əsərin cazibədarlığı oxucunu kitabda təsvir edilən dünyaya baş vurmağa, yerli restoran və yeməkxanaların qoxusunu duymağa, Kolaba rayonundakı ucuz oteldə yerləşməyə, Yemeni-stritdəki ticarət mərkəzlərini ziyarət etməyə, Hindistan darvazalarından Radio Evi mehmanxanasına yollanmağa, o cümlədən Marin-drayv sahilində gəzişməyə, "metal sahillərdə” və "Viktoriya” vağzalının daxili zalında olmağa, Rahiblər monastırına, bundan başqa Donqridəki həyətində Bombey mafiyasının başçılarından biri olan Kaderbxayın (Abdel Kader xan) ilahiyyat və etika haqqında söhbətlər apardığı Nabil məscidinə baş çəkməyə sövq edir. Bu, kinofilmdən daha fövqəladə bir əsərdir. Görüntü və musiqi ilə bərabər siz həm də okeanın, ticarət mərkəzlərinin, yolustü kafelərin qoxusunu duya bilərsiz...
Şübhəsiz ki, bir çoxları kitabın dəyərinə buradakı mənəvi postulatları da aid edir. Burada nifrətlə mərhəmət arasındakı seçimin nəticəsi müəllifin təbliğ etdiyi mərhəmətin xeyrinə həll olunur. Bundan başqa, Roberts əsas qəhrəmanın mülahizəsində (digər şəxslərin əksər dialoqlarında olduğu kimi) yazıçılıq manerasının özünəməxsusluğundan istifadə edərək mənəvi-fəlsəfi mənalı aforizmlər meydana gətirir (uğurlu olub-olmaması isə artıq başqa məsələdir), təxminən bu cür: sivilizasiya bizim gümanlarımızdan deyil, qadağalarımızdan yaranır; riyakarlıq qəddarlığın bir növüdür; həqiqət hamıya söz atan davakardır; hamı özünü nəyisə xoşlayırmış kimi göstərir və sair. Əsərdəki bu kimi kəlamların hamısı insanları varlığın mənası üzərində düşünməyə sövq edir. Romanın əsas "mütəfəkkiri” olan yerli mafiyanın özünəməxsus xaç atası, Kaderbxayın sosial həyatda fiziki güclərin təşəkkül tapmasına (yanılmıramsa, bu, termodinamikanın ikinci qanunudur) əsaslanan dünyagörüşlü mövqeyi də maraqlı görünə bilər.
Amma təəssüf ki, kitabın əvvəlində cazibədar şəkildə peyda olan bu xüsusiyyətlər əsər davam etdikcə yoxa çıxmağa başlayır. Pafosun şərhi (roman 850-dən artıq səhifədən ibarətdir) çətin anlaşılır, bəzən isə sadəcə olaraq qıcıqlandırır. Mənim fikrimcə əsas çatışmazlıq romanın istər-istəməz tövbədən moizəyə çevrilməsidir. Amma oxucuya xeyir və mərhəmət ideyasını təbliğ edən, hadisələrin gedişatı zamanı həqiqətən də bir çox xeyir əməllər icra edən (əsas qəhrəmanın Şantaram adlanması əbəs deyil, mənası "xeyirxah adam”) Lin yəni müəllif özü yekunda özünəvurğun sentimental maço (aqressiv, açıq sözlü, yaraşıqlı kişi –X.N.) kimi çıxış edərək oxucunun qəhrəmana və müəllifə etimadını sarsıdır.
Bəlkə də buna səbəb qəhrəmanların psixoloji xarakteristikasının, əsasən də onların hər birinin ruhi vəziyyətinin dialoqlar vasitəsilə təsvirinin Robertsə çətinliklə başa gəlməsidir. Didye istisna olmaqla, bütün personajlar baş qəhrəmanla, cansız, reallıqdan uzaq, "təkçalarlı”, söhbətləri isə qeyri-adi dərəcədə mənasız təsvir edilir. Xüsusilə də hindistanlı personajların bəxti gətirməyib. Müəllif "baş” hindli Prabakerə gah xeyirxah, gah zarafatcıl, gah qayğıkeş oğul və ər, sadiq dost qismində müxtəlif maskalar geydirərək "boyamağa” çalışsa belə, o, yenə də uydurma, süni personaj olaraq qalır. Amma etiraf etmək lazımdır ki, bu obraz həqiqətən də əsərdəki artıq pafosu bir az yumşaldır. Görünür, psixoloji xarakteristikaların zəifliyi müəllifin təbliğatdan uzaq pafosu ilə kompensasiya edilir.
Dünyada təbliğatçıları sevirlər, bəzilərinn hətta çoxminli ardıcılı var. Əminəm ki, Roberts romanın populyarlığına nəzərən belletristikanın uğurlu təbliğatçısına çevriləcək. Necə deyərlər, bayraq onun əlindədir. Biz isə yalnız əhsən deyə bilərik. Çünki o, özünü tapıb.
Sergey Skvortsov
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər