Qreqori Devid Robertsin “Şantaram” əsəri haqqında
"Şantaram”ın şərhçilərindən birinin fikirləri:
"Əgər "Şantaram” bir insanın qəlbinin dərnliklərinə toxunmursa, demək onun ya
qəlbi yoxdur, ya ölüdür, ya da eyni zamanda hər iki vəziyyət ona hakim
kəsilib... "Şantaram” əsrimizin "Min bir gecə”sidir... ”
Bax, elə bu kimi səbəblərdən də əsəri mütləq
oxumalı (özü də əsər mütləq şəkildə "qəlbimin dərinliyinə kimi təsir etməli”)
və mütəəssir olmalıydım, əks halda oxucu ən azından ürəksiz olduğumu hesab edəcəkdi.
Risk edərək ərz edim ki, kitabın məndə yaratdığı
təəssürat heç də heyranlıq deyil. Amma dərhal da deməliyəm – məncə "Şantaram”
oxunmağa layiqdir. Kitabı fərqləndirən və oxunuşdan uzun zaman ötsə belə
məzmununun beyindən tamamilə silinməməsinə səbəb bir çox üstünlükləri var.
Məqsədin özü də çox maraqlı tərzdə təqdim
edilir – kriminal-mafioz mövzunu müasir Hindistan şərtlərində (özü də yerli "hollivud”
müəlliflərinin mövqeyindən deyil, "qərb” sivilizasiyasının nümayəndəsi olaraq) inkişaf
etdirməyə çalışır.
Məlum olduğu
kimi "Şantaram”ın müəllifi avstraliyalı, keçmiş narkoman və talançı, Yeni
Zelandiya həbsxanasından Hindistana qaçan, Mumbayda (Bombey) sığınacaq əldə
edən və Hindistanın timsalında ikinci vətənini tapan Qreqori Devid Robertsdir.
Müəllif hekayəni romanın baş qəhrəmanı Lindseyin dilindən qələmə alır, amma
dərindən düşündükdə məlum olur ki, Lin elə müəllifin özüdür, Lindsey sadəcə
olaraq qəhrəmanın (müəllifin) Hindistana
gedərək orda qalmasını leqallaşdıra bildiyi saxta pasportda qeyd edilən
soyaddır. Lin ömrünün "hindistanaqədərki” dövründə özünü inqilabçıya bənzədən,
ideallarını narkotik dumanında itirmiş, cinayət dünyasında qeyb olan və
istedadını ciddi rejimli həbsxanada xərcləyən şair kimi təqdim edir. Belə hesab
edək ki, bu sözlər kitabın müəllifinə də aiddir. Nəzərdə tutulan kriminal
romanın avtobioqrafik, real və ya məlumat şəklində olması isə ona əlavə şarm
qazandırır.
Bədii
ədəbiyyatdakı güclü ədəbi əsərlər xəyaldan başqa oxucuya dəqiq elmlərlə bağlı
məlumatlar ötürür, bəzən də tarixi biliklər qazandırır. Buna bəzən
ədəbiyyatşünaslığa dair (Məsələn, A.Bitovun "Puşkinin evi”), bəzən də
marketinq, reklam (V.Pelevinin "P nəsli”) və başqa bilgilər haqqındakı
kitablarda daha çox rast gəlinir. Robertsin romanı hər şeydən əvvəl müasir
Hindistan haqqında maraqlı oçerklərin süjetlə bağlı toplusudur. Burada ölkənin
şəhər və kənd həyatı, yerli sakinlərin adət-ənənələri, əcnəbilərin
(avroplılarla bərabər, həm də müsəlman ölkələrindən gələnlər) yaşam tərzi
haqqında eskizlər təsvir olunub. Əsərin əsas hissəsi qəhrəmanın şəhər
gecəqonduları və yerli həbsxanalardakı həyatının təsvirinə həsr edilib. Bu
başlıqlar informativ xüsuslarla bərabər, həm də müxtəlif hadisələrlə zəngindir
(Ən azı sahibsiz it sürülərinin Lin və Tarikə hücumunu və ya əsas qəhrəmanın
həbsxanaya düşməsi ilə əlaqədar baş verən gözlənilməz dəyişikləri xatırlamaq
olar). Onlar da romanın digər döyüş səhnələri kimi canlı, enerjili, bəzi
"bədii” mübaliğələr olmadan qələmə alınıb. (Roberts təsvir vasitələrindən janrın qaydalarına
uyğun və oxucunun fikrinin kitabın məzmunundan uzaqlaşmaması üçün ustalıqla
istifadə etmişdir.)
Hadisələr əsas
etibarilə çoxmillətli və multikultural Bombeydə cərəyan edir (müəllif şəhəri
onun yeni rəsmi adı Mumbay yox, məhz Bombey adlandırır). "Assamlar, catlar və
pencablılar – Racastanda, Benqaliyada və Tamilnadda, Puşkarda, Koçində və
Konorakda doğulanlar; brahmanlar, döyüşçülər və toxunulmazlar (Bu sadalananlar
Hindistanda hüquq və vəzifələri qəti müəyyənləşdirilməmiş insan qrupları olan
kastalardır – X.N.); induslar, müsəlmanlar, xristianlar, buddistlər, farslar,
caynlar, animistlər; yaşıl, qızılı-qəhvəyi və qara gözlü ağdərililər və
qaradərililər – bir sözlə müxtəlifliyin heç nəyə bənzəməyən formaları...” –
müəllif bu cür fon yaradaraq əsas hadisələrin baş verdiyi şəhərin sakinləri
haqqında yazır. Kitabın coğrafiyası davamlı olaraq Hindistanın digər
rayonlarına kimi genişlənərək hətta onun sərhədləri xaricinə də çıxır – süjet
xətti Pakistana, Əfqanıstana və epizodik olaraq bəzi digər şəhərlərə doğru da
yayılır. Amma romanın coğrafi mərkəzi yenə də Bombeydir.
Bundan başqa,
kitabın yüksək dərəcədə cazibədarlığı da məhz bu şəhərin adı ilə bağlıdır.
Əvvəla əsas
hadisələr məhz burada baş verir: obrazların tanışlığı, qəhrəmanın yerli
gecəqondularda həyat sürməsi, madam Jujunun əxlaqsızlıq yuvası, mafioz davaları
və s. Əsas qəhrəmanın ətrafında üç qrup şəxs mövcuddur: birincilər dünyanı
vecinə almayan və müxtəlif səbəblərdən Bombeydə (Karlda, Letisiyada, Ullda,
Modendə, Didyedə, Mauritsioda) məskən salmış, şərti desək, onları "Şantaram”
romanının oxucuları üçün kulta çevrildiyini düşündüyüm avropalılardır. Onları
"Leopold” kafesinin daimi müştəriləri qrupu adı altında birləşdirmək olar.
Obrazların ikinci qrupu – hindlilərdir (Prabaker, onun valideynləri, Sancab,
bir müddət Linin də yaşadığı Bombey gecəqondularının sakinləri). Kaderbxayın
başçılığı altında fəaliyyət göstərən, müsəlman ölkələrindən gələn,
radikallaşmış mafioz klanın (Kaderxbay özü, Abdulla, Abdul Qəni...) tərkibinə
daxil olan mühacirlər isə üçüncü qrupa aiddir. Hər qrupun özünün süjet xətti
var və bu süjet xətləri demək olar ki, bir-birindən asılı deyil. Onları təkcə
iki faktor birləşdirir – əsas qəhrəmanla (Lin) və əsas hadisələrin baş verdiyi
məkan, daha doğrusu Bombey. Yuxarıda qeyd edildiyi kimi hadisələr bəzən şəhərin
sərhədlərindən kənara çıxır, amma xarici hadisələr Bombeydə başlanan süjet
intriqalarının davamı kimi təqdim edilir.
İkincisi, hiss edirik
ki, müəllif bu şəhəri həqiqətən də sevib və bu sevgini səmimi qəlbdən
oxucularla bölüşür. Bununla belə Robertsin müşahidə qabiliyyəti və
inadkarlığından, bu qeyri-adi meqapolisin koloritini çatdırmaq bacarığından imtina
etmək olmur. Yazıçı ilk təəssüratlarını bu cür təsvir edir:
"Mən həbsdən qurtularaq nəhəng dünyaya yenidən
qədəm qoyduqda, o isə mənə tamam yad münasibət bəslədikdə məskən saldığım
Bombeyə gəldiyim ilk gün diqqətimi çəkən əvvəllər rastıma çıxmayan qoxu oldu.
Mən onu artıq təyyarədən hava limanı vağzalının binasına qədər uzanan yolda
hiss etdim. Bu xoş qoxu Bombeydəki ilk dəqiqədən məni həyəcanlandırdı. İndi
bilirəm ki, bu şirin, həyəcanlı ətir nifrəti məhv edən ümidin, eyni zamanda
sevgini öldürən tamahın üfunətli, turş qoxusu idi. Bu, imperiya və
sivilizasiyaları dağıdan və bərpa edən tanrılarla şeytanların ətri idi. Bu,
adadakı şəhərin hər hansı nöqtəsində duyulan okeanın mavi ətri, maşınların
qanlı-metal qoxusu idi. Bu, təlaşın və asayişin, əsas hissəsi insanlar və
siçovullardan ibarət olan altı milyonluq canlının həyat fəaliyyətinin qoxusudur.
Bu, sevginin, sınmış qəlbin, bizdə cəsarət yaradan yaşamaq uğrunda mübarizənin
və qəddar məğlubiyyətin ətridir. Bu, on min restoranın, beş min ehramın,
məqbərənin, kilsə və məscidlərin, o cümlədən ətir, ədviyyat və təzə çiçəklər satılan
yüzlərlə bazarın qoxusudur”.
Mühüm detalları
meydana çıxaran və onlar əsasında gözlənilməz və dəqiq ümumiləşdirmə aparan
romantik şairin dili.
Müəllifin iti
nəzəri ilə qavrayaraq şəhər kənarındakı dəbdəbəli ofis binalarının qonşuluğunda
təsvir etdiyi yaşayış məskənləri və ya sadəcə olaraq gecəqondular oxucunun
hafizəsinə birbaşa həkk olunur. Roberts tikililər arasındakı ziddiyyətdən daha
çox, komaların yoxsulluğu və daxilindəki səliqə-sahmanı, evlərin kasıb görkəmi
ilə sakinlərin xarici gözəlliyinin (al-qırmızı, mavi və qızılı parçalara
bürünən cazibədar qadınlar, badamı gözlü, ağ dişli kişilər, şən, mehriban
uşaqlar) asayiş bəxş etməsini xüsusi qeyd edir. Nəzərini kimə yönəltsən,
gülümsədiyini görərsən. Elə bu zaman ortaya başqa epizod çıxır: səhifələrdən
birində bütün paltarı – belinə bürüdüyü, üzərinə qızılgüllər həkk olunmuş parçadan
ibarət olan solğun üzlü avropalı peyda olur. O, əlini yelləyir, əsnəyir və qarnını
qaşımağa başlayır. Qəhrəman onu təbəssümlə salamlayan adamlarla bərabər, həm də
solğun dərilinin "inəksayağı” rahatlığı və dincliyinə qibtə edir.
Beləliklə, hava
limanından şəhərə gedən yola kimi Roberts davamlı olaraq oxucunu romanın (nə
qədər paradoksal səslənsə belə) dinlərin, kastaların, şəxslərin, əhvalların,
təbii resursların, sənətlərin, tikililərin rəngarəngliyi ilə spesifik olan
dünyasına yönəldir.
Kitab
bütövlükdə (təbliğatdan kənar olmaqla) kinossenari üçün uyğundu. Əsərdəki hər
bir kadr ədəbi cəhətdən olduqca aydın və cazibədar qurulub. Hələ ki,
Hindistanda olmasam da əsərin cazibədarlığı oxucunu kitabda təsvir edilən
dünyaya baş vurmağa, yerli restoran və yeməkxanaların qoxusunu duymağa, Kolaba
rayonundakı ucuz oteldə yerləşməyə, Yemeni-stritdəki ticarət mərkəzlərini
ziyarət etməyə, Hindistan darvazalarından Radio Evi mehmanxanasına yollanmağa,
o cümlədən Marin-drayv sahilində gəzişməyə, "metal sahillərdə” və "Viktoriya”
vağzalının daxili zalında olmağa, Rahiblər monastırına, bundan başqa Donqridəki
həyətində Bombey mafiyasının başçılarından biri olan Kaderbxayın (Abdel Kader
xan) ilahiyyat və etika haqqında söhbətlər apardığı Nabil məscidinə baş çəkməyə sövq edir. Bu,
kinofilmdən daha fövqəladə bir əsərdir. Görüntü və musiqi ilə bərabər siz həm
də okeanın, ticarət mərkəzlərinin, yolustü kafelərin qoxusunu duya bilərsiz...
Şübhəsiz ki,
bir çoxları kitabın dəyərinə buradakı mənəvi postulatları da aid edir. Burada
nifrətlə mərhəmət arasındakı seçimin nəticəsi müəllifin təbliğ etdiyi
mərhəmətin xeyrinə həll olunur. Bundan başqa, Roberts əsas qəhrəmanın
mülahizəsində (digər şəxslərin əksər dialoqlarında olduğu kimi) yazıçılıq
manerasının özünəməxsusluğundan istifadə edərək mənəvi-fəlsəfi mənalı
aforizmlər meydana gətirir (uğurlu olub-olmaması isə artıq başqa məsələdir),
təxminən bu cür: sivilizasiya bizim gümanlarımızdan deyil, qadağalarımızdan
yaranır; riyakarlıq qəddarlığın bir növüdür; həqiqət hamıya söz atan
davakardır; hamı özünü nəyisə xoşlayırmış kimi göstərir və sair. Əsərdəki bu
kimi kəlamların hamısı insanları varlığın mənası üzərində düşünməyə sövq edir.
Romanın əsas "mütəfəkkiri” olan yerli mafiyanın özünəməxsus xaç atası,
Kaderbxayın sosial həyatda fiziki güclərin təşəkkül tapmasına (yanılmıramsa,
bu, termodinamikanın ikinci qanunudur) əsaslanan dünyagörüşlü mövqeyi də
maraqlı görünə bilər.
Amma təəssüf
ki, kitabın əvvəlində cazibədar şəkildə peyda olan bu xüsusiyyətlər əsər davam
etdikcə yoxa çıxmağa başlayır. Pafosun şərhi (roman 850-dən artıq səhifədən
ibarətdir) çətin anlaşılır, bəzən isə sadəcə olaraq qıcıqlandırır. Mənim
fikrimcə əsas çatışmazlıq romanın istər-istəməz tövbədən moizəyə çevrilməsidir.
Amma oxucuya xeyir və mərhəmət ideyasını təbliğ edən, hadisələrin gedişatı
zamanı həqiqətən də bir çox xeyir əməllər icra edən (əsas qəhrəmanın Şantaram
adlanması əbəs deyil, mənası "xeyirxah adam”) Lin yəni müəllif özü yekunda
özünəvurğun sentimental maço (aqressiv, açıq sözlü, yaraşıqlı kişi –X.N.) kimi
çıxış edərək oxucunun qəhrəmana və müəllifə etimadını sarsıdır.
Bəlkə də buna
səbəb qəhrəmanların psixoloji xarakteristikasının, əsasən də onların hər
birinin ruhi vəziyyətinin dialoqlar vasitəsilə təsvirinin Robertsə çətinliklə
başa gəlməsidir. Didye istisna olmaqla, bütün personajlar baş qəhrəmanla,
cansız, reallıqdan uzaq, "təkçalarlı”, söhbətləri isə qeyri-adi dərəcədə
mənasız təsvir edilir. Xüsusilə də hindistanlı personajların bəxti gətirməyib.
Müəllif "baş” hindli Prabakerə gah xeyirxah, gah zarafatcıl, gah qayğıkeş oğul
və ər, sadiq dost qismində müxtəlif maskalar geydirərək "boyamağa” çalışsa belə,
o, yenə də uydurma, süni personaj olaraq qalır. Amma etiraf etmək lazımdır ki,
bu obraz həqiqətən də əsərdəki artıq pafosu bir az yumşaldır. Görünür,
psixoloji xarakteristikaların zəifliyi müəllifin təbliğatdan uzaq pafosu ilə
kompensasiya edilir.
Dünyada təbliğatçıları sevirlər, bəzilərinn
hətta çoxminli ardıcılı var. Əminəm ki, Roberts romanın populyarlığına nəzərən
belletristikanın uğurlu təbliğatçısına çevriləcək. Necə deyərlər, bayraq onun
əlindədir. Biz isə yalnız əhsən deyə bilərik. Çünki o, özünü tapıb.
Sergey
Skvortsov
Rus dilindən tərcümə edən: Xatirə Nurgül