“Qrant və şər şəbəkəsi”nin yeni qurbanı: Mehman Hüseynov
Söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən, rəy formalaşdıran beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında maraqlı bir nüans var: bu hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş jurnalistlərin sayı ilə bağlı ciddi şəkildə müxtəliflik mövcuddur. Diqqət edək: Nüfuzuna görə ilk 5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlardan biri- Sərhədsiz Reportyorlar (RSF) 2016-cı il üzrə hesabatında göstərir ki, bu il ərzində dünya ölkələrində ümumilkdə 78 nəfər jurnalist qətlə yetirilib (https://rsf.org/en/barometer?year=2016&type_id=234#list-barometre ).
5-liyə daxil olan digər təşkilatın-Beynəlxalq Jurnalistlər Federasiyasının analoji hesabatında isə, bu rəqəm 111 nəfərlə ifadə olunub ( http://ifj-safety.org/en/2016/killings).
Bu münvalla, 5 təşkilatdan hər birinin hazırladığı hesabata gözucu baxış imkan verir ki, öldürülən jurnalistlərin sayı ilə bağlı rəqəmlər arasındakı müxtəlifliyi görmək mümkün olsun. Hələlik bu müstəvidə daha çox diqqət çəkən Sərhədsiz Reportyorların (RSF) " 29 nəfərlik əskiyi” ilə kifayətlənək.
İndi isə həbsdə olan və fəaliyyətinə görə təqib edilən jurnalistlərin
siyahısına baxaq. RSF-nin bu məsələyə yanaşması da eyni müstəvidədir. ABŞ-da yerləşən və 5-liyə
daxil olan Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) göstərir ki, 2016-cı ildə dünya üzrə həbsdə
olan jurnalistlərin sayı 259 nəfərə çatıb (https://cpj.org/imprisoned/2016.php ).
Sərhədsiz Reportyorlar (RSF) isə bu rəqəmi 360 nəfərlə ifadə edir. Bu dəfə "qurbanların” sayı azaldılmayıb, əksinə, artırılıb. Ortada 101 nəfərlik fərq var. Hesabatlar üzrə geri hərəkət edəndə, 2015, 2014-cü... illəri araşdıranda da eyni münasibəti görürük: rəqəmlər arasında ciddi fərqliliklər mövcuddur.
Maraqlı deyilmi, Sərhədsiz Reportyorların rəqəmlərində belə fərqlilik nədən yaranır?!
Son illərdə monitorinq
keçirilməsi, hesabat yayılması, statistikanın açıqlanması məsələsində bəzi yeni
prinsiplər tətbiq edilib ki, bu prinsipləri
pozanların hesabatları ciddiyə alınmır. Yeniliklərdən biri budur ki, hesabatlarda göstərilən statistika real faktlarla sübut edilməlidir, yəni burada qurban
hesab edilən jurnalistlərin ümumi statistikası ilə yanaşı hər bir qurbanın adı,
ünvanı, qarşılaşdığı problemin təfsilatlı təsviri də əlavə
edilməlidir. Bu baxımdan, öldürülən jurnalistlər məsələsində yalançı say artımı tətbiq
etmək olmaz: hesabatda yanlış fakt verilərsə, bu, ad-soyadların, ünvanların araşdırılması
zamanı dərhal üzə çıxar. Burada say
artımı yox, sayın azaldılması mümkündür: deyə bilərlər ki, "filan hadisə nəzərdən qaçıb, yaxud,
araşdırmanı tamamlaya bilməmişik”, ona görə də ölümlə nəticələnmiş filan
insident bizim hesabata düşməyib. Həbsdə
olan jurnalistlər məsələsində isə, əksinə, vəziyyət fərqlidir. Siyahını nə qədər
desən, uzatmaq mümkündür. Buraya peşəkar
jurnalistlərlə yanaşı "vətəndaş jurnalistlərin”, bloggerlərin, sosial şəbəkə istifadəçilərinin
də adlarını qatmaqla siyahını "n” qədər
uzatmaq mümkündür. Məsələn, bir nəfər hansısa kriminal əməlinə görə cəzalandırılırsa, beynəlxalq
təşkilatda ehtimal yarana bilər ki, bu cəzalandırma adamın konkret cinayətinə görə
yox, hansısa sosial şəbəkədə yazdığı
statusa görə baş verir. Əgər ortada maraq varsa, həmin şəxs dərhal "söz azadlığı qurbanları” siyahısına
daxil edilir və siyahı böyüyür. Başqa məsələdir, sübut etmək olacaqmı ki, bu
adam jurnalistdir, ya yox? Sübut edəndə də artıq gec olur: artıq informasiya
yayılıb, beynəlxalq rəy yanlış yöndə
köklənib. Sərhədsiz Reportyorlar bu variantlardan maksimum yararlanıb, "həbsdə
olanlar” siyahısını 111 nəfər artıq, ölənlərinin sayını isə 29 nəfər az göstərib. Amma bu, yuxarıda səslənən sualın cavabını
tam açmır, əksinə,yeni sual yaradır: Sərhədsiz Reportyorların (RSF) belə
saxtakarlıq etməkdə marağı nədir?!
Sərhədsiz Reportyorları saxtakarlığa vadar edən səbəblər
Kənara getməyək, cavab RSF-nin öz saytında var. Sadəcə bir qədər
artıq diqqət yetirmək kifayətdir ki, işin mahiyyəti açılsın. Baxaq: 2015-ci
il ABŞ mediası üçün yeni təlatümlü
dövrün başlanğıcı oldu. 2015-ci il avqustun 26-da ABŞ-da 2 jurnalist- Alison
Parker və operator Adam Wardun qətlə
yetirildilər. Bununla da 2010-cu ildən etibarən fəaliyyətinə görə öldürülən ABŞ
jurnalistlərinin sayı 8 nəfərə çatdı və ABŞ-da medianın durumuna dair qlobal müzakirələrə yol açdı. Çox maraqlıdır ki, bu
faktlar RSF-nin hesabatında yer
tutmayıb (https://rsf.org/en/barometer?year=2015&type_id=233#list-barometre ).
Yeri gəlmişkən, bu faktlar 5-liyə daxil olan digər təşkilatların, o cümlədən, BJF-nin hesabatında var (http://ifj-safety.org/en/2015/killings ).
Sərhədsiz Reportyorlar öz hesabatında ABŞ-a aid bölümdə təkcə ölüm faktlarını gizlətməyib, həbslər məsələsinə də eyni kontekstdən yanaşıb. 2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında 5 illik həbsə məhkum edilmiş blogger Kleyton Kellinin və digərlərinin adları da RSF-nin siyahısında yoxdur. RSF tərəfindən təqdim edilən və təşkilatın saytında yerləşdirilən siyahıya diqqətlə baxanda, bu boşluğu dərhal görmək olur.
ABŞ-da media ilə bağlı xoş olmayan durum bu gün də davam edir. Beynəlxalq
təşkilatlar prezident Donald Trampın mediaya yönəlik siyasətini nəinki
ABŞ, ümumilikdə dünyada söz azadlığı üçün təhlükə hesab edirlər. Beynəlxalq təşkilatlar bu amili nəzərə alaraq
Trampa qarşı aksiya keçirməyə, mediaya yanlış yanaşmanı durdurmağa
çalışdılar.
Əlavə olaraq, Avropa İttifaqının prezidenti Donald Task da bəyan edib ki, hazırda Avropa və "Avropa dəyərləri” üçün 3 ciddi təhlükədən biri ABŞ-ın yeni iqtidarıdır ( http://www.amerikaninsesi.org/a/avropa-abs/3701764.html?ltflags=mailer ).
"Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tututur və əgər Task ABŞ-ın adını Rusiya və Çinlə eyni siyahıya daxil edib onları "Avropa dəyərlərinə qarşı” təhlükə sayırsa , məntiqlə RSF də fəaliyyətini ilk öncə ABŞ-a qarşı yönəltməlidir. Amma əksinə, RSF nəinki ABŞ iqtiranın söz azadlığına qarşı siyasətini pisləyən prosesdə görünmədi, həmçinin, ABŞ-da baş verən insidentləri gizlətməklə, onu qorumağa çalışır.
Bütün məsələlərin məğzi də buradan başlayır. RSF öz hesabatları ilə təkcə rəsmən maliyyə aldığı ABŞ-ı qorumur. Bu
hesabatlarda Ermənistan haqqında da heç nə tapa bilməzsiz. Çünki, Fransadakı
erməni lobbisinin bu təşkilata ciddi təsiri var. Beləliklə, RSF-nin
siyahısındakı "ölüm əskikliyi” bu kontekstə bağlanır. RSF maliyyə aldığı,
nüfuzundan qorxduğu, maraqlarına xidmət etdiyi ölkələrdə media ilə əlaqəli baş
verən hadisələri monitorinqə almır, bu insidentləri siyahısına daxil etmir,
onları ictimailəşdirmir. Ona görə də "ölmüş jurnalistlər siyahısında əskiyi
çıxır”.
"Həbsdə olanlar siyahısı”nın
artıq çıxmasının isə, bir qədər fərqli səbəbi var
Beynəlxalq jurnalist təşkilatlarının "ilk 5-liyinə daxil olan” RSF və onun ətrafında olan təşkilatlar media, söz və ifadə azadlığı ilə bağlı durumun kəskin pisləşdiyi ölkələri yox, maraqlarına xidmət etdikləri
güclərin hədəfində olan ölkələri
"monitorinq edirlər”, "jurnalist ölümlərinin
çoxluğuna” və "həbsdə olan jurnalistlərin sayına” görə hədəf seçdikləri ölkələri
beynəlxalq ictimai rəyin qınaq obyektinə çevirirlər. Bu baxımdan hədəf ölkələrdə
media ilə əlaqəli insidentlərin sayı çox görünməlidir. RSF bu görüntünü yaratmaq üçün hər cürə manipulyasiyalara əl
atır.
Onların hədəflərində Azərbaycan da var. Ölkəmizə qarşı işlətdikləri taktikanı təhlil
edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, hüquq müdafiə təəssübkeşi elan etmiş bu təşkilatlar hansı iyrəncliklərə
əl atırlar.
Rəqəmlər bir söz, hesabatlar başqa söz deyir
RSF və ona tay olan təşkilatlar
faktları saxtalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə etsələr də, ümumi fonda bəzi həqiqətlər ortaya çıxır.
Yenidən RSF-nin saytına qayıdaq. Jurnalist ölümlərinin sayını göstərən siyahılara
diqqət edərkən, ölüm sayının çox olduğu
və illər üzrə təkrarlandığı ölkələrin mənzərəsi yaranır: Filippin, Columbiya,
Meksika, Suriya, İraq, Braziliya, Hindistan, Somali, Cənubi Sudan, Pakistan,
Rusiya, Yəmən, Banqladeş və başqaları... RSF-nin saytındakı real rəqəmlərə əsaslansaq, Azərbaycan xəbər
istehsalçılarının ölümü siyahısında nəinki ilk beşlikdə, ilk onluqda, hətta əllilik və yüzlükdə də yoxdur. Azərbaycan
adı bu siyahılarda yalnız dövlətlərin adlarının əlifba sırasına görə
sıralanması ilə görünür. Jurnalistlərin təqib və həbs olunduğu ölkələr
siyahısında da durum eynidir. RSF saytındakı rəqəmlər götərir ki, həbslərin çox
olduğu ölkələr Çin (29 nəfər), İran (27
nəfər), Misir (26 nəfər), Vetnam (15 nəfər), Suriya (24 nəfər), İsrail (nəzarətdə
saxladığı torpaqlar), Türkiyə, Rusiya,
Eriteriya və digərləridir. Məntiqlə
yanaşsaq, RSF və ətrafındakılar öz fəaliyyətlərini bu ölkələr üzərində
fokuslaşmalı, beynəlxalq rəyi sadalanan ölkələr üzərinə yönəltməlidirlər.
Amma durum fərqlidir. RSF-nin
hədəfində yuxarıda təsvir edilən ölkələr
deyil, yalnız Azərbaycan və Türkiyə var. Qeyri-adi görünməsin, RSF-nin qurduğu
bütün oyunların kökündə Azərbaycan və Türkiyənin imicinə ləkə vurulması məqsədi
dayanır. Oyunlar isə çoxçeşidlidir, təkcə
siyahıların saxtalaşdırılması ilə bitmir. Yenidən faktlara dönək.
Özünü blogger elan etmiş Mehman Hüseynovun məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə
ilk reaksiya RSF-dən gəldi. RSF-nin "Britaniya üzrə təmsilçisi” Rebeka Vinsent
koordinatorluq etdiyi "24 beynəlxalq təşkilatın” birgə bəyanatını yaydı, Mehman
Hüseynovun həbsini "söz azadlığının boğulması” kimi şərh etdi. Proseslər son 8 ildə həmişə belə
başlayır, eyni ssenari ilə davam edir: Rebekanın koordinator olduğu təşkilat
ilk bəyanatı verir, ardınca "Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Cənubi
Qafqaz direktoru Giorgi Gogia işə qarışır. Doğru və yanlış olmasının fərqinə
varmadan, məsələ ictimailəşir, sonra proses zəncirvari xarakter alır. Məsələ
"qloballaşdığı üçün” ATƏT-in media
komissarı, Avropa Şurasının insan haqları komissarı müdaxilə etməli olur.
Rebeka Vinsentin Azərbaycana münasibəti bəllidir. O, 2010-cu ildə
formalaşdırılmış "Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupunun”, 2012-ci ildə,
Evrovizion dövründə "Demokratiya naminə musiqi”, 2015-ci ildə l Avropa
Oyunları ərəfəsində "İdman və İnsan Hüquqları” kimi çeşidli anti-Azərbaycan koalisiyaların koordinatoru olub, ölkəmiz əleyhinə
kampaniyaları yönləndirib. Gah "Arikl
19”-un, gah Media Müxtəlifliyi İnstitunun "təmsilçisi olub”. İndi də RSF-nin Britaniya təmsilçisi
kimi çıxış edir. Amma hansı ad altında çıxış edir etsin, yeganə fəaliyyəti anti-Azərbaycan kampaniyalarını yönləndirməkdir.
Təbii sual yaranır: bu xanımı 8 il boyunca fasiləsiz anti-Azərbaycan kampaniya
aparmağa məcbur edən nədir? Yaxud, beynəlxalq statuslu təşkilatları bir-bir dəyişməsi,
ayrı-ayrı təşkilatların təmsilçisi
qismində çıxış etməsi nə ilə bağlıdır? Sonuncu sualın cavabı sadədir. Rebeka özlüyündə
iz azdırır, beynəlxalq rəyi çaşdırır. Deməsinlər ki, Azərbaycan əleyhinə
kampaniyanı Rebeka Vinsentin daxil olduğu bir qrup aparır, desinlər ki, "Arikl
19”, Media Müxtəlifliyi İnstitu, Sərhədsiz Reportyorlar və başqaları "Azərbaycanda söz azadlığının durumundan
narahatdırlar”. Başqa bir məsələdir ki, Rebeka Vinsentin adından çıxış etdiyi
"24 beynəlxalq təşkilat” məsələsi də yalnız blefdir, onun ətrafında bu qədər təşkilat
və güc yoxdur. Bu, bir taktikadır,
bu ad və imicdən beynəlxalq rəyi çaşdırmaq
üçün istifadə edilir. Məsələyə başqa bir yazıda aydınlıq gətirəcəyik. İndilik
yalnız onu qeyd edək ki, beynəlxalq rəy Azərbaycana qarşı deyil, çünki bunun
üçün əsas da yoxdur. Ortada bir qrup şəxsin və təşkilatların oyunu, bu oyunları hazırlayıb icra edən şəbəkə var.
Şəbəkəyə prosesi maliyyələşdirən donor institutlardan başlamış, çeşidli
ssenarilər hazırlayan institutlara, bu ssenariləri icra edən yerli QHT-lərə qədər
çoxsaylı qurumlar daxildir. Bu oyunu
çözmək, həqiqəti ortaya çıxarmaq
lazımdır ki, əlavə heç kimsə onların qurbanına çevrilməsin.
Qurbanlıqlar yetişdirən mexanizm
Görünən odur ki, şəbəkə üzvləri məqsədlərinə çatmaq üçün təkcə saxta
hesabatlar yaymaq, rəqəmləri saxtalaşdırmaqla yekunlaşmırlar. Lazımdırsa,
süni hadisələr, süni qurbanlar hazırlamaq da var təcrübələrində. «Beynəlxalq təşkilatların hesabatlarına görə,
bu gün Azərbaycanda 12 jurnalist və bloqqer həbsdədir. Bu, beynəlxalq aləmdə ən
yüksək göstəricilərdən biridir” deyə rəy formalaşdırılır. Bu rəqəm reallıqda
yoxdur. Yuxarıda beynəlxalq təşkilatların saytlarından sitatlar verdik. Amma bu rəqəm onlara lazımdır, hər necə olursa olsun, bu rəqəm
tapılıb düzəldilməlidir ki, say yüksəlsin, Azərbaycan həbsdə olan "jurnalistlərin
sayına görə” digər ölkələrdən önə
çıxsın, barəsində sanksiyalar tətbiq etmək mümkün olsun. Ən azı qarşıdan gələn ciddi hadisələrə qədər,
məsələn, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün
martın 8-9-da Boqotada keçiriləcək toplantısına qədər bu rəqəmi tamamlamaq
lazım idi ki, burada Azərbaycanla bağlı müzakirələrə mənfi çalar qatmaq mümkün
olsun (http://www.amerikaninsesi.org/a/meden-snayesi/3751188.html ).
Şəbəkənin qurbanlıq olaraq yetişdirdiyi, istifadə etdiyi auditoriya gənclərdir: Mehman Hüseynov kimi. Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır. Yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil. Xəbər istehsalı sahəsində təcrübəsizdir, hazırladığı materiallarda hüquqi və etik çərçivələri gözləmir. Bunu ailəsi də anlayır. Qardaşı Emin Hüseynovun açıqlaması da deyilənə sübutdur. Emin mətbuat üçün müsahibəsində açıq tekstlə bildirirdi ki, "Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə aparır. Çox mümkündür ki, onun ətrafındakılar Mehmanı davakarlığa, toqquşmaya sövq edirlər, onda eyforik durum yaradırdılar”.
Həqiqət də budur: "ətrafdakı düşərgə” Mehmanı səhvlərindən çəkinmək,
yanlışlarını düzəltmək şansından məhrum etdi. Hüquq mühafizə orqanlarının
tövsiyyələrindən, media ekspertlərinin məsləhələrindən nəticə çıxarmağa imkan
verilmədi. Əksinə, süni qəhrəman obrazı
formalaşdırıldı, "beynəlxalq mükafatlara layiq görüldü”, yanlışlarını dərinləşdirməyə
sövq edildi. Mehmanın nəinki qardaşı, ailəsi, hətta özü də dərk etsəydi ki, bu
qədər yanlışla, səhvlə irəliləmək mümkün deyil, yenə də geriyə dönməsi
müşküldür. Çünki qoşulduğu, üzv olduğu, təsirinə düşdüyü şəbəkə buna yol verməz.
Şəbəkəyə Mehmanın islah olunması, səhvlərindən nəticə çıxarması, peşəkar
jurnalistə və ya standartları, qanunları bilən xəbər istehsalçısına çevrilməsi lazım deyil. Onlara "təqiblər, təzyiqlər
altında” olan bir ad, bir imza lazımdır ki, "Azərbaycanda həbsdə olanların sayı
12-yə çatdı” deyə bilsinlər. Bu
statistika onlara təkcə Azərbaycana
çamur atmaq üçün lazım deyil. "Həbsdə olan jurnalistlərin” say artımı həm də
yeni qrant layihələri, maliyyələşmə deməkdir.
Burada 2000-ci illərin ortalarında baş vermiş bir hadisəni qeyd etmək
tam yerinə düşər. Həmin vaxt BJF-in icraçı katibi Aydan Uayt və Beynəlxalq
Jurnalistlər İnstitutunun sədri olan Yohan Frits Azərbaycanda söz azadlığı ilə
bağlı tədbirdə iştirak edirdilər. Emin
Hüseynovun rəhbərlik etdiyi RATİ həbsdə olan jurnalistlərin siyahısını
açıqlayaraq guya Azərbaycanda 8 qələm ahibinin
təcrid olunduğunu iddia edirdi. Həmin şəxslərin arasında reket jurnalist
kimi tanınan "İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin adı qırmızı xətlə
keçirdi. Təsadüfdənmi, yoxsa yox, A.Uayt N.Quliyevin adını çəkərək onu həbs
olunmuş jurnalistlərdən biri kimi qeyd etdi və bu nümunə zalda ciddi etirazla
qarşılandı. Sonradan aldandığını anlayan A.Uayt məsələ ilə bağlı E.Hüseynova
ciddi irad bildirmişdi. Amma bu, Eminin fəaliyyətində yeganə fakt deyil. Çünki
bu "müqəddəs” 8 rəqəmini daim işlək vəziyyətdə saxlamaq üçün, o, vaxtilə İranın
"Səhər” telekanalının Azərbaycanda qanunsuz fəaliyyət göstərən müxbiri Anar
Bayramlını və onun Sürücüsü Ramil Dadaşovu da həbs olunmuş jurnalistlər
siyahısına daxil etmişdi. Niyə? Çünki həmin vaxt tələb o idi ki, Azərbaycanda həbs
olunmuş jurnalistlərin sayı 8 nəfərdən aşağı olmamalıdır.
Özünü "beynəlxalq təşkilat
elan etmiş”, reallıqda isə eyni
siyasi şəbəkənin üzvü olan və Azərbaycana
qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmağa
çalışması ənənəsi yeni deyil. Bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa
hadisədən istifadə edib anti-Azərbycan təbliğat qururlar, eyni zamanda, özləri
müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, "danışmağa
söz tapsınlar”, ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və
çoxdandır ki, ifşa edilib. Amma təəssüf ki,
ifşa edilsələr də, əməllərindən əl
çəkmirlər, yeni-yeni təxribatlar törədirlər, yeni-yeni qurbanlar hazırlayırlar.
Mehman Hüseynov onların sırasından bir qurbanıdır.
Müşfiq Ələsgərli