AZE | RUS | ENG |


“Qrant və şər şəbəkəsi”nin yeni qurbanı: Mehman Hüseynov

“Qrant və şər şəbəkəsi”nin yeni qurbanı: Mehman Hüseynov
Rəqəmlər üzərində manipulyasiya

Söz və ifadə azadlığının qlobal durumunu dəyərləndirən,  rəy formalaşdıran  beynəlxalq  jurnalist təşkilatlarının hesabatlarında  maraqlı bir nüans var: bu hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş jurnalistlərin sayı ilə bağlı ciddi şəkildə  müxtəliflik mövcuddur.  Diqqət edək:  Nüfuzuna görə ilk  5-liyə daxil olan beynəlxalq jurnalist təşkilatlardan biri- Sərhədsiz Reportyorlar  (RSF) 2016-cı il üzrə hesabatında göstərir ki,  bu il ərzində dünya ölkələrində ümumilkdə  78  nəfər jurnalist qətlə yetirilib (https://rsf.org/en/barometer?year=2016&type_id=234#list-barometre ).

 

5-liyə daxil olan digər təşkilatın-Beynəlxalq Jurnalistlər Federasiyasının   analoji  hesabatında isə, bu  rəqəm  111 nəfərlə ifadə olunub ( http://ifj-safety.org/en/2016/killings).

 

Bu münvalla, 5 təşkilatdan hər birinin hazırladığı hesabata gözucu baxış  imkan verir ki, öldürülən jurnalistlərin sayı ilə bağlı rəqəmlər arasındakı  müxtəlifliyi görmək  mümkün olsun. Hələlik bu müstəvidə daha çox diqqət çəkən  Sərhədsiz Reportyorların  (RSF)  " 29 nəfərlik əskiyi” ilə kifayətlənək.  


İndi isə həbsdə olan və fəaliyyətinə görə təqib edilən jurnalistlərin siyahısına baxaq. RSF-nin bu   məsələyə  yanaşması da  eyni müstəvidədir. ABŞ-da yerləşən və 5-liyə daxil olan Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ)  göstərir ki, 2016-cı ildə dünya üzrə həbsdə olan jurnalistlərin sayı   259 nəfərə çatıb  (https://cpj.org/imprisoned/2016.php ).

 

Sərhədsiz Reportyorlar (RSF) isə bu rəqəmi 360 nəfərlə ifadə edir. Bu dəfə "qurbanların” sayı azaldılmayıb, əksinə, artırılıb.  Ortada 101 nəfərlik fərq var. Hesabatlar üzrə geri hərəkət edəndə, 2015, 2014-cü... illəri araşdıranda da eyni münasibəti görürük:  rəqəmlər arasında ciddi  fərqliliklər mövcuddur.

 

Maraqlı deyilmi, Sərhədsiz Reportyorların rəqəmlərində belə fərqlilik nədən yaranır?!


Son illərdə  monitorinq keçirilməsi, hesabat yayılması, statistikanın açıqlanması məsələsində bəzi yeni prinsiplər tətbiq edilib  ki, bu prinsipləri pozanların hesabatları ciddiyə alınmır. Yeniliklərdən biri budur ki,  hesabatlarda göstərilən statistika  real faktlarla sübut edilməlidir, yəni burada qurban hesab edilən jurnalistlərin ümumi statistikası ilə yanaşı hər bir qurbanın adı,  ünvanı,  qarşılaşdığı problemin təfsilatlı təsviri də əlavə edilməlidir.  Bu baxımdan, öldürülən  jurnalistlər məsələsində yalançı say artımı tətbiq etmək olmaz: hesabatda yanlış fakt verilərsə, bu,  ad-soyadların, ünvanların araşdırılması zamanı  dərhal üzə çıxar. Burada say artımı yox, sayın azaldılması mümkündür: deyə bilərlər  ki, "filan hadisə nəzərdən qaçıb, yaxud, araşdırmanı tamamlaya bilməmişik”, ona görə də ölümlə nəticələnmiş filan insident  bizim hesabata düşməyib. Həbsdə olan jurnalistlər məsələsində isə, əksinə, vəziyyət fərqlidir. Siyahını nə qədər desən, uzatmaq mümkündür. Buraya  peşəkar jurnalistlərlə yanaşı "vətəndaş jurnalistlərin”, bloggerlərin, sosial şəbəkə istifadəçilərinin  də adlarını qatmaqla siyahını "n” qədər uzatmaq mümkündür. Məsələn, bir nəfər hansısa  kriminal əməlinə görə cəzalandırılırsa, beynəlxalq təşkilatda  ehtimal yarana bilər ki,  bu cəzalandırma adamın konkret cinayətinə görə yox,   hansısa sosial şəbəkədə yazdığı statusa görə baş verir. Əgər ortada maraq varsa, həmin şəxs  dərhal "söz azadlığı qurbanları” siyahısına daxil edilir və siyahı böyüyür. Başqa məsələdir, sübut etmək olacaqmı ki, bu adam jurnalistdir, ya yox? Sübut edəndə də artıq gec olur: artıq informasiya yayılıb, beynəlxalq  rəy yanlış yöndə köklənib. Sərhədsiz Reportyorlar bu variantlardan maksimum yararlanıb, "həbsdə olanlar”  siyahısını  111 nəfər artıq, ölənlərinin sayını isə  29 nəfər az göstərib.  Amma bu, yuxarıda səslənən sualın cavabını tam açmır, əksinə,yeni sual yaradır: Sərhədsiz Reportyorların (RSF) belə saxtakarlıq etməkdə  marağı nədir?!
 
Sərhədsiz Reportyorları saxtakarlığa vadar edən səbəblər
 
Kənara getməyək, cavab RSF-nin öz saytında var. Sadəcə bir qədər artıq diqqət yetirmək kifayətdir ki, işin mahiyyəti açılsın.  Baxaq:   2015-ci il ABŞ mediası üçün yeni  təlatümlü dövrün başlanğıcı oldu. 2015-ci il avqustun 26-da ABŞ-da 2 jurnalist- Alison Parker və   operator Adam Wardun qətlə yetirildilər. Bununla da 2010-cu ildən etibarən fəaliyyətinə görə öldürülən ABŞ jurnalistlərinin sayı 8 nəfərə çatdı və  ABŞ-da medianın durumuna dair  qlobal  müzakirələrə yol açdı. Çox maraqlıdır ki, bu faktlar  RSF-nin hesabatında yer tutmayıb  (https://rsf.org/en/barometer?year=2015&type_id=233#list-barometre ).

 

Yeri gəlmişkən, bu faktlar  5-liyə daxil olan digər təşkilatların, o cümlədən, BJF-nin hesabatında var (http://ifj-safety.org/en/2015/killings ).

 

Sərhədsiz Reportyorlar öz  hesabatında ABŞ-a aid bölümdə təkcə ölüm faktlarını gizlətməyib, həbslər məsələsinə də eyni kontekstdən yanaşıb. 2015-ci ilin iyununda ABŞ-ın Missisipi ştatında 5 illik həbsə məhkum edilmiş blogger  Kleyton Kellinin və digərlərinin adları da RSF-nin siyahısında yoxdur. RSF tərəfindən təqdim edilən və təşkilatın saytında yerləşdirilən  siyahıya diqqətlə baxanda, bu boşluğu  dərhal görmək olur. 


ABŞ-da media ilə bağlı xoş olmayan durum bu gün də davam edir. Beynəlxalq təşkilatlar  prezident  Donald Trampın mediaya yönəlik siyasətini nəinki ABŞ, ümumilikdə dünyada söz azadlığı üçün təhlükə hesab edirlər.  Beynəlxalq təşkilatlar bu amili nəzərə alaraq Trampa qarşı aksiya keçirməyə, mediaya yanlış yanaşmanı durdurmağa çalışdılar.   

 

Əlavə olaraq, Avropa İttifaqının prezidenti  Donald Task da bəyan edib ki, hazırda Avropa və "Avropa dəyərləri” üçün 3 ciddi təhlükədən biri   ABŞ-ın yeni iqtidarıdır ( http://www.amerikaninsesi.org/a/avropa-abs/3701764.html?ltflags=mailer ).


"Avropa dəyərləri” sırasında ilk yeri söz azadlığı tututur və əgər  Task ABŞ-ın adını Rusiya və Çinlə eyni siyahıya daxil edib onları "Avropa dəyərlərinə qarşı” təhlükə sayırsa , məntiqlə RSF də fəaliyyətini ilk öncə ABŞ-a qarşı  yönəltməlidir. Amma əksinə, RSF nəinki ABŞ iqtiranın söz azadlığına qarşı siyasətini pisləyən prosesdə görünmədi, həmçinin, ABŞ-da baş verən insidentləri gizlətməklə, onu qorumağa çalışır.


Bütün məsələlərin məğzi də buradan başlayır. RSF öz hesabatları ilə  təkcə rəsmən maliyyə aldığı ABŞ-ı qorumur. Bu hesabatlarda Ermənistan haqqında da heç nə tapa bilməzsiz. Çünki, Fransadakı erməni lobbisinin bu təşkilata ciddi təsiri var. Beləliklə, RSF-nin siyahısındakı "ölüm əskikliyi” bu kontekstə bağlanır. RSF maliyyə aldığı, nüfuzundan qorxduğu, maraqlarına xidmət etdiyi ölkələrdə media ilə əlaqəli baş verən hadisələri monitorinqə almır, bu insidentləri siyahısına daxil etmir, onları ictimailəşdirmir. Ona görə də "ölmüş jurnalistlər siyahısında əskiyi çıxır”.


 "Həbsdə olanlar siyahısı”nın artıq çıxmasının isə, bir qədər fərqli səbəbi var


Beynəlxalq jurnalist təşkilatlarının "ilk 5-liyinə daxil olan”  RSF və onun ətrafında olan təşkilatlar  media, söz və ifadə azadlığı  ilə bağlı durumun kəskin pisləşdiyi  ölkələri yox, maraqlarına xidmət etdikləri güclərin  hədəfində olan ölkələri "monitorinq edirlər”,  "jurnalist ölümlərinin çoxluğuna” və "həbsdə olan jurnalistlərin sayına” görə hədəf seçdikləri ölkələri beynəlxalq ictimai rəyin qınaq obyektinə çevirirlər. Bu baxımdan hədəf ölkələrdə media ilə əlaqəli insidentlərin sayı çox görünməlidir. RSF bu görüntünü  yaratmaq üçün hər cürə manipulyasiyalara əl atır.


Onların hədəflərində Azərbaycan da var.  Ölkəmizə qarşı işlətdikləri taktikanı təhlil edəndə aydınlaşır ki, özünü beynəlxalq qurum, hüquq müdafiə təəssübkeşi  elan etmiş bu təşkilatlar hansı iyrəncliklərə əl atırlar. 
 
Rəqəmlər bir söz, hesabatlar başqa  söz deyir
 
RSF  və ona tay olan təşkilatlar faktları saxtalaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə etsələr  də, ümumi fonda bəzi həqiqətlər ortaya çıxır. Yenidən  RSF-nin saytına qayıdaq.  Jurnalist ölümlərinin sayını göstərən siyahılara diqqət edərkən,  ölüm sayının çox olduğu və illər üzrə təkrarlandığı ölkələrin mənzərəsi yaranır: Filippin, Columbiya, Meksika, Suriya, İraq, Braziliya, Hindistan, Somali, Cənubi Sudan, Pakistan, Rusiya, Yəmən, Banqladeş və başqaları... RSF-nin saytındakı real rəqəmlərə  əsaslansaq, Azərbaycan xəbər istehsalçılarının ölümü siyahısında nəinki ilk beşlikdə, ilk  onluqda, hətta əllilik və yüzlükdə də yoxdur. Azərbaycan adı bu siyahılarda yalnız dövlətlərin adlarının əlifba sırasına görə sıralanması ilə görünür. Jurnalistlərin təqib və həbs olunduğu ölkələr siyahısında da durum eynidir. RSF saytındakı rəqəmlər götərir ki, həbslərin çox olduğu ölkələr  Çin (29 nəfər), İran (27 nəfər), Misir (26 nəfər), Vetnam (15 nəfər), Suriya (24 nəfər), İsrail (nəzarətdə saxladığı torpaqlar),  Türkiyə, Rusiya, Eriteriya və digərləridir.  Məntiqlə yanaşsaq, RSF və ətrafındakılar öz fəaliyyətlərini bu ölkələr üzərində fokuslaşmalı, beynəlxalq rəyi sadalanan ölkələr üzərinə yönəltməlidirlər.


Amma durum fərqlidir.  RSF-nin hədəfində  yuxarıda təsvir edilən ölkələr deyil, yalnız Azərbaycan və Türkiyə var. Qeyri-adi görünməsin, RSF-nin qurduğu bütün oyunların kökündə Azərbaycan və Türkiyənin imicinə ləkə vurulması məqsədi dayanır.  Oyunlar isə çoxçeşidlidir, təkcə siyahıların saxtalaşdırılması ilə bitmir. Yenidən faktlara dönək.


Özünü blogger elan etmiş Mehman Hüseynovun  məhkəmə hökmü ilə azadlıqdan məhrum edilməsinə ilk reaksiya RSF-dən gəldi. RSF-nin "Britaniya üzrə təmsilçisi” Rebeka Vinsent koordinatorluq etdiyi "24 beynəlxalq təşkilatın” birgə bəyanatını yaydı, Mehman Hüseynovun həbsini "söz azadlığının boğulması” kimi  şərh etdi. Proseslər son 8 ildə həmişə belə başlayır, eyni ssenari ilə davam edir: Rebekanın koordinator olduğu təşkilat ilk bəyanatı verir, ardınca "Human Rights Watch”  (HRW) beynəlxalq insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia işə qarışır. Doğru və yanlış olmasının fərqinə varmadan, məsələ ictimailəşir, sonra proses zəncirvari xarakter alır. Məsələ "qloballaşdığı üçün”  ATƏT-in media komissarı, Avropa Şurasının insan haqları komissarı müdaxilə etməli olur.  


Rebeka Vinsentin Azərbaycana münasibəti bəllidir. O, 2010-cu ildə formalaşdırılmış "Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupunun”,  2012-ci ildə,  Evrovizion dövründə "Demokratiya naminə musiqi”, 2015-ci ildə l Avropa Oyunları ərəfəsində "İdman və İnsan Hüquqları” kimi çeşidli anti-Azərbaycan  koalisiyaların koordinatoru olub, ölkəmiz əleyhinə kampaniyaları yönləndirib.  Gah "Arikl 19”-un, gah Media Müxtəlifliyi İnstitunun "təmsilçisi  olub”. İndi də RSF-nin Britaniya təmsilçisi kimi çıxış edir. Amma hansı ad altında çıxış edir etsin, yeganə fəaliyyəti  anti-Azərbaycan kampaniyalarını yönləndirməkdir. Təbii sual yaranır: bu xanımı 8 il boyunca fasiləsiz anti-Azərbaycan kampaniya aparmağa məcbur edən nədir? Yaxud, beynəlxalq statuslu təşkilatları bir-bir dəyişməsi, ayrı-ayrı  təşkilatların təmsilçisi qismində çıxış etməsi nə ilə bağlıdır? Sonuncu sualın cavabı sadədir. Rebeka özlüyündə iz azdırır, beynəlxalq rəyi çaşdırır. Deməsinlər ki, Azərbaycan əleyhinə kampaniyanı Rebeka Vinsentin daxil olduğu bir qrup aparır, desinlər ki, "Arikl 19”, Media Müxtəlifliyi İnstitu, Sərhədsiz Reportyorlar və başqaları  "Azərbaycanda söz azadlığının durumundan narahatdırlar”. Başqa bir məsələdir ki, Rebeka Vinsentin adından çıxış etdiyi "24 beynəlxalq təşkilat” məsələsi də yalnız blefdir, onun ətrafında bu qədər təşkilat və güc yoxdur.  Bu, bir taktikadır, bu  ad və imicdən beynəlxalq rəyi çaşdırmaq üçün  istifadə edilir. Məsələyə  başqa bir yazıda aydınlıq gətirəcəyik. İndilik yalnız onu qeyd edək ki, beynəlxalq rəy Azərbaycana qarşı deyil, çünki bunun üçün əsas da yoxdur. Ortada bir qrup şəxsin və təşkilatların oyunu,  bu oyunları hazırlayıb icra edən şəbəkə var. Şəbəkəyə prosesi maliyyələşdirən donor institutlardan başlamış, çeşidli ssenarilər hazırlayan institutlara, bu ssenariləri icra edən yerli QHT-lərə qədər çoxsaylı qurumlar daxildir.  Bu oyunu çözmək,  həqiqəti ortaya çıxarmaq lazımdır ki, əlavə heç kimsə onların qurbanına çevrilməsin.  
 
Qurbanlıqlar yetişdirən mexanizm

 
Görünən odur ki, şəbəkə üzvləri məqsədlərinə çatmaq üçün təkcə saxta hesabatlar yaymaq, rəqəmləri saxtalaşdırmaqla yekunlaşmırlar.  Lazımdırsa,  süni  hadisələr, süni  qurbanlar hazırlamaq da var təcrübələrində.  «Beynəlxalq təşkilatların hesabatlarına görə, bu gün Azərbaycanda 12 jurnalist və bloqqer həbsdədir. Bu, beynəlxalq aləmdə ən yüksək göstəricilərdən biridir” deyə rəy formalaşdırılır. Bu rəqəm reallıqda yoxdur. Yuxarıda beynəlxalq təşkilatların saytlarından sitatlar verdik.  Amma bu rəqəm  onlara lazımdır, hər necə olursa olsun, bu rəqəm tapılıb düzəldilməlidir ki, say yüksəlsin, Azərbaycan həbsdə olan "jurnalistlərin sayına görə” digər ölkələrdən  önə çıxsın, barəsində sanksiyalar tətbiq etmək mümkün olsun.  Ən azı qarşıdan gələn ciddi hadisələrə qədər, məsələn,  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün martın 8-9-da Boqotada keçiriləcək toplantısına qədər bu rəqəmi tamamlamaq lazım idi ki, burada Azərbaycanla bağlı müzakirələrə mənfi çalar qatmaq mümkün olsun  (http://www.amerikaninsesi.org/a/meden-snayesi/3751188.html ).

 

Şəbəkənin qurbanlıq olaraq yetişdirdiyi, istifadə etdiyi  auditoriya gənclərdir: Mehman Hüseynov kimi.   Mehman Hüseynov, sözün həqiqi mənasında uşaqdır. Yaşı, təhsili, təcrübəsi iddialarına adekvat deyil. Xəbər istehsalı sahəsində təcrübəsizdir, hazırladığı materiallarda hüquqi və etik çərçivələri gözləmir. Bunu ailəsi də anlayır. Qardaşı  Emin Hüseynovun açıqlaması da deyilənə sübutdur. Emin mətbuat üçün müsahibəsində açıq tekstlə bildirirdi ki, "Mehman bir sıra hallarda çox ciddi səhvlərə, şişirtmələrə yol verir, ümumiləşdirmələrini makroskopik səviyyədə  aparır. Çox mümkündür ki, onun ətrafındakılar Mehmanı davakarlığa, toqquşmaya sövq edirlər, onda eyforik durum yaradırdılar”.


Həqiqət də budur: "ətrafdakı düşərgə” Mehmanı səhvlərindən çəkinmək, yanlışlarını düzəltmək şansından məhrum etdi. Hüquq mühafizə orqanlarının tövsiyyələrindən, media ekspertlərinin məsləhələrindən nəticə çıxarmağa imkan verilmədi.  Əksinə, süni qəhrəman obrazı formalaşdırıldı, "beynəlxalq mükafatlara layiq görüldü”, yanlışlarını dərinləşdirməyə sövq edildi. Mehmanın nəinki qardaşı, ailəsi, hətta özü də dərk etsəydi ki, bu qədər yanlışla, səhvlə irəliləmək mümkün deyil, yenə də geriyə dönməsi müşküldür. Çünki qoşulduğu, üzv olduğu, təsirinə düşdüyü şəbəkə buna yol verməz. Şəbəkəyə Mehmanın islah olunması, səhvlərindən nəticə çıxarması, peşəkar jurnalistə və ya standartları, qanunları bilən xəbər istehsalçısına çevrilməsi  lazım deyil. Onlara "təqiblər, təzyiqlər altında” olan bir ad, bir imza lazımdır ki, "Azərbaycanda həbsdə olanların sayı 12-yə çatdı” deyə bilsinlər.  Bu statistika onlara  təkcə Azərbaycana çamur atmaq üçün lazım deyil. "Həbsdə olan jurnalistlərin” say artımı həm də yeni qrant layihələri, maliyyələşmə deməkdir.


Burada 2000-ci illərin ortalarında baş vermiş bir hadisəni qeyd etmək tam yerinə düşər. Həmin vaxt BJF-in icraçı katibi Aydan Uayt və Beynəlxalq Jurnalistlər İnstitutunun sədri olan Yohan Frits Azərbaycanda söz azadlığı ilə bağlı  tədbirdə iştirak edirdilər. Emin Hüseynovun rəhbərlik etdiyi RATİ həbsdə olan jurnalistlərin siyahısını açıqlayaraq guya Azərbaycanda 8 qələm ahibinin  təcrid olunduğunu iddia edirdi. Həmin şəxslərin arasında reket jurnalist kimi tanınan "İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin adı qırmızı xətlə keçirdi. Təsadüfdənmi, yoxsa yox, A.Uayt N.Quliyevin adını çəkərək onu həbs olunmuş jurnalistlərdən biri kimi qeyd etdi və bu nümunə zalda ciddi etirazla qarşılandı. Sonradan aldandığını anlayan A.Uayt məsələ ilə bağlı E.Hüseynova ciddi irad bildirmişdi. Amma bu, Eminin fəaliyyətində yeganə fakt deyil. Çünki bu "müqəddəs” 8 rəqəmini daim işlək vəziyyətdə saxlamaq üçün, o, vaxtilə İranın "Səhər” telekanalının Azərbaycanda qanunsuz fəaliyyət göstərən müxbiri Anar Bayramlını və onun Sürücüsü Ramil Dadaşovu da həbs olunmuş jurnalistlər siyahısına daxil etmişdi. Niyə? Çünki həmin vaxt tələb o idi ki, Azərbaycanda həbs olunmuş jurnalistlərin sayı 8 nəfərdən aşağı olmamalıdır.


Özünü  "beynəlxalq təşkilat elan etmiş”, reallıqda isə eyni  siyasi  şəbəkənin üzvü olan və Azərbaycana qarşı daimi qərəzli mövqe nümayiş etdirən təşkilatların  ölkəmiz ətrafında fərqli oyunlar qurmağa çalışması ənənəsi yeni deyil. Bu şəbəkənin üzvləri nəinki baş vermiş hansısa hadisədən istifadə edib anti-Azərbycan təbliğat qururlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, "danışmağa söz tapsınlar”, ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib.  Amma təəssüf  ki,  ifşa edilsələr də,  əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər, yeni-yeni qurbanlar hazırlayırlar. Mehman Hüseynov onların sırasından bir qurbanıdır.
 
Müşfiq Ələsgərli 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001