• cümə, 29 Mart, 03:45
  • Baku Bakı 7°C

Qrant maxinatorları ilə şantajçıların işbirliyi mediamıza nə verə bilər?

11.06.18 18:21 1072
Qrant maxinatorları ilə şantajçıların işbirliyi mediamıza nə verə bilər?
"Amerikanın səsi” radiosunun xəbərinə görə, Azərbaycanda internet mediasının problemləri müzakirə olunub. Müzakirəni "Media klubu” adlanan və təsisçilərindən biri olan Əvəz Zeynallının sözləri ilə desəm, üç ay yaşayıb-yaşamayacağı məlum olmayan "ictimai qurum” təşkil edib. Əlbəttə, jurnalistlərin bir araya gələrək ənənəvi və yeni mediyanın problemlərini müzakirə etməsi, təklif və təşəbbüslər irəli sürməsi, prinsipcə, təqdirəlayiq haldır. Sözünü etdiyim məlumatla elə bu nikbin və pozitiv ovqatla tanış oldum, lakin tanış olduqca ovqatım əməlli-başlı təlx oldu. Anladığım qədər, ləkəli, qərəzli və mərəzli bəzi isimlər toplaşaraq Azərbaycanda istər vətəndaş cəmiyyəti, istərsə də dövlət üçün yeni təxribatlar üzərində işləyirlər.


Haqqında danışılan "Media Klubu” bir neçə ay əvvəl təsis edilib. Klubun bəyan etdiyi məqsədi guya "ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır”. Özlərini "media ictimaiyyətinin nümayəndələri” kimi təqdim edən təsisçilərin yaydığı açıqlamada qeyd olunur ki, onlar Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və ona olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.


"Çox pakizə” deməyə tələsməyək, çünki elan olunan bu missiyanı gerçəkləşdirəcək isimlərdən biri Rövşən Hacıbəylidir. O, "Azadlıq” qəzetinin baş redaktor əvəzi idi, "Azadlıq” kimi zamanında idealların güzgüsü olmuş qəzetin manipulyasiya, təcavüz, təhqir və yalan, əlavəsini də mən edəcəm, böhtan, şantaj, bac-xərac alma sisteminə çevrilməsinin məsuliyyətini daşıyanlardan, ancaq yaxasını qırağa çəkənlərdən biridir.


Azərbaycanda kütləvi informasiya vasitələrinə etimadsızlıq probleminin meydana çıxmasına "Azadlıq” qədər "töhfə” vermiş başqa heç bir nəşr olmayıb. Odur ki, Rövşən Hacıbəylinin Azərbaycan mediasına gün ağlamaq həvəsinə düşməsi "keçəl dərman bilsə, öz başına yaxar” deyimini xatırladır. Əgər mətbuatdan və mətbuata olan etimadın itməsindən danışılırsa və orada Rövşən Hacıbəyli də iştirak edirsə, "Nəcəf Nəcəfovun vaxtındakı nəhəng və plüralist "Azadlıq” necə oldu ki azadkəndlilərin döyüş vərəqəsinə döndü?” sualı da səslənməlidir və səslənən o suala mütləq cavab verilməlidir.

Orta statistik Azərbaycan oxucusu Elçin Şıxlını - qurumun başqa başqa bir təsisçisini- "Ayna-Zerkalo” qəzetindən tanıyır. Lakin çox az adam bilir ki, böyük ədibimiz İsmayıl Şıxlının oğlu gənclik illərində "İnturist” mehmanxanasında tərcüməçi işləyirmiş. Maraqlı məqamdır, deyilmi? Keçmiş mehmanxana tərcüməçisi 1990-cı illərin sonunda "Al-ver” adlı bir nəşrə baş redaktorluq edir, Azərbaycan mətbuatına açıq bazar ənənələri gətirirdi. Görünür, onun "Ayna-Zerkalo” qəzetlərində qurduğu bazar yetərincə açıq olmayıb və nəticədə örtülü bazarda dostluq pozulmuşdu. Baş redaktor Rauf Talışinski "Ayna-Zerkalo” qəzetini öz müavininə "ərmağan” etmiş və 2001-ci ildə "Exo” qəzetini qurmuşdu. O zaman bu işdə Elçin Şıxlının maliyyə oliqarxları tərəfindən dəstəkləndiyi söylənilirdi və "Ayna-Zerkalo” qəzetinin maddi-texniki imkanları bu söyləntiləri gerçək kimi göstərirdi. Ancaq elə ki maliyyə oliqarxlarının Azərbaycan mətbuatına uzanan əli büküldü, həmin qəzetləri saxlamaq üçün Elçin Şıxlı yüksək menecmentlik qabiliyyəti sərgiləyə bilmədi. Ciddi bir yazının altında imzası olmayan, menecer kimi ad çıxaran, o adı da qısa zamanda batıran Elçin Şıxlı hazırda Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Bu qurum ötən əsrin ortalarında, yanılmıramsa, 1955-ci ildə Sovet hakimiyyətinin ideoloji strukturu kimi fəaliyyətə başlayıb, 2006-cı ildən isə onun sədri Elçin Şıxlı olub. Bəlkə ötən 12 ildə kimsə azacıqda olsa bu qurumun fəaliyyəti haqqında nə isə eşidib? Şəxsən mənim xəbərim yoxdur. Başqa sözlə, əgər Azərbaycanda media mühiti sağlam deyilsə, yerli kütləvi informasiya vasitələrinə ictimai etimad yoxdursa, ənənəvi və yeni media məsuliyyət hiss etmədən fəaliyyət göstərirsə, bu vəziyyətin yaranmasının birbaşa səbəbkarları arasında Elçin Şıxlı da var.


Elçin Şıxlının Jurnalistlər Birliyində iki müavini var. Onlardan biri- 1935-ci ildə anadan olmuş Valid Sənani 23 yanvar 2011-ci ildə vəfat edib. Soruşa bilərsiniz ki, əgər adam vəfat edibsə, hazırda necə Elçin Şıxlının müavini ola bilər? İnanmırsınızsa, buyurun qurumun ajb.az domenində yerləşən rəsmi saytına baxın, Valid Sənaninin adını AJB-nin sədr müavini kimi görəcəksiniz. Azərbaycan jurnalistikasına "sağlam dinamika” gətirmək iddiasında olan Elçin Şıxlının 7 il öncə ölmüş bir şəxsi hələ də müavin kimi saxlaması sadəcə "texniki” məsələ deyil, öz sıralarında 3000-dən çox yazarı birləşdirdiyini iddia edən təşkilatın Azərbaycan jurnalistikasındakı neqativ rolunun açıq göstəricisidir. Həmin saytın sonuncu dəfə 2013-cü ildə, yəni tam beş il öncə yenilənməsi də onu göstərir ki, Elçin Şıxlı Azərbaycan Jurnalistlər Birliyi kimi köklü bir təsisatı iflic edib, onu sözün bütün mənalarında "ölü” quruma çevirib. Jurnalistlər Birliyinin rəsmi saytında təqdim olunan Məclis üzvlərinin siyahısına baxanda bu qənaət daha da güclənir. Şəxsən tanıdığım 3-4 nəfər istisna olmaqla, aralarında heç bir müasir və davamlı yazı yazan imza yoxdur. Məclisin 27 nəfərlik tərkibinin ortalama yaş həddi həmin qurum haqqında ən yaxşı halda "Qocalar evi” təəssüratı yaradır. Sırf yaşlarına hörmət əlaməti olaraq adlarını çəkməyəcəm, amma təsadüfən araşdırdığım iki nəfərdən biri 1931 (87 yaş), digəri 1936 (81 yaş) doğumludur. Əgər Elçin Şıxlı doğrudan da Azərbaycan jurnalistikasına xidmət etmək, Azərbaycanda internet mediasının tərəqqisinə çalışmaq istəyirsə AJB sədrliyindən istefa verməsi, həmin quruma daha gənc, daha dinamik, daha fədakar bir ismin rəhbərlik etməsinə əngəl törətməməsi ən səmərəli addım olar. 3 min üzvü olan bir təşkilatın rəsmi səhifəsini yeniləməyə adam tapmayandan sonra Elçin Şıxlının hansı mediadan, hansı mühitdən danışmağa haqqı var?

Azərbaycanda yeni mediyanın problemlərinin müzakirəsinə qatılmış Arif Əliyevin rəhbərlik etdiyi "Yeni Nəsil” Jurnalistlər Birliyinin web-səhifəsi isə ümumiyyətlə yoxdur. Qurumun Facebook sosial şəbəkəsində yaradılmış səhifəsində son paylaşım 2013-cü ilin iyununda, o da yarımçıq şəkildə edilib. Həmin səhifədə göstərilən e-mail ünvanı isə rəsmi domenə bağlı olduğundan çalışmır. Axı işlək e-mailini belə cəmiyyətə təqdim etməyən, internet səhifəsini aktiv saxlamayan, sosial şəbəkələr çağında rəsmi Facebook səhifəsində beş il qabaq fəallıq göstərilmiş bir təşkilat necə "Yeni nəsil” iddiası ilə mövcud ola bilər?


Mətbuata gəldiyim ilk gündən - 1995-ci ilin mayından bəri Arif Əliyevi müxtəlif adlar altında "press-klub”lar yaradan görmüşəm, o layihələrin sayı-hesabı da yadımdan çıxıb, bir deyil, beş deyil. Belə təşəbbüslərdən biri 2011-ci ildə gerçəkləşmişdi. Budur, "Azadlıq” qəzetinin o günlərdə yaydığı xəbərə görə, Bakıda yeni media klubu fəaliyyətə başlayır: "Dünyanın bir neçə ölkəsində "Front-layn” adı altında faəliyyət göstərən kulubun Azərbaycanda da işə başlamasına təşəbbüs edənlər arasında Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və bir sıra Azərbaycan jurnalistləri də var”. Bu barədə klubun təşkilatçısı Arif Əliyev açıqlama verir və sözlərinə belə davam edir:"Bu klub keyfiyyətli jurnalistika ilə məşğul olan və ona töhfə vermək istəyənləri öz ətrafında toplayır, görüşlər, təqdimatlar keçirir. Bu klub 2006-cı ildə Rusiyada, 2007-ci ildə Ukraynada, 2010-cu ildə Gürcüstanda, 2011-ci ildə də Azərbaycanda yaradılıb. Bunlar özlərində həm "Press-klub”ların fəaliyyət formalarını birləşdirir, həmçinin, digər xidmətlər də göstərir. Bu klublara texniki dəstəyi Britaniyadakı klub verir, maliyyə dəstəyi isə "Soros” fondu tərəfindən həyata keçirilir”.

Arif Əliyev və Elçin Şıxlı həmin klub vasitəsi ilə jurnalistikanın keyfiyyətini o dərəcə yüksəltdilər ki, 7 il sonra gəlib, öz ifadələri ilə desək, media ictimaiyyətinin "reket” kimi tanıdığı nəşrlərin təmsilçiləri ilə bir masada oturdular. Bəli, bir zamanlar jurnalistika adına faydalı işlər görmüş "Yeni Nəsil” bu gün mətbuat reketləri ilə bir araya gələcək qədər marginallaşıb. Bundan daha böyük faciə odur ki, Arif Əliyev - yaxın keçmişdə hər kəsin işıqlı adam kimi xarakterizə etdiyi bir isim hazırda Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət göstərən çətələrin aparıcı simasına çevrilib. Bəli, Azərbaycan cəmiyyətinə Rüstəm İbrahimbəyov kimi bir siyasi şarlatanı prezidentliyə namizəd kimi sırımaq istəyən Ziyalılar Forumu milli müstəqilliyimizə təhdid mexanizmi kimi düşünülmüş bir çətə idi və o çətə öz tapşırığını tez-tez ad dəyişdirərək gerçəkləşdirməyə çalışır. 2010-cu ildə "Yeni Nəsil” JB Rüstəm İbrahimbəyovu "İlin media adamı” ödülünə layiq bildi və bununla da onun prezidentliyə namizəd kimi xalqa sırınması prosesinə start verildi. Zira, bu günəcən Arif Əliyev Rüstəm İbrahimbəyov mövzusunda Azərbaycan cəmiyyətindən üzr istəməyib, həmin avantürada iştirakına aydınlıq gətirməyib, bununla da milli və ictimai maraqlar baxımından təxribatçı isim kimi qarşılanmasına əsaslar yaradıb. Odur ki, sonuncu "media klubu” təşəbbüsünə təkcə hər siyasi mövsümdə qurduğu, ancaq mövsümdən-mövsümə keçməyən, yaşamayan, əvəzində Arif Əliyevi yaşadan biznes layihəsi kimi yox, həm də növbəti "provokasiya emalatxanası” kimi yanaşılmalıdır. Axı texniki dəstəyi Britaniyadan, parasını Sorosdan almış "sonuncudan qabaqkı” media klubu hansı yaralı barmağımızı sarıdı ki, yeni layihədən də jurnalistika adına müsbət nələrsə umaq?

Bir də ki, əgər Arif Əliyev özünü belə güclü təşkilatçı, media sahəsində az qala fövqəladə bir şəxs hesab edirsə, hanı onun "Gün səhər” qəzeti? Bu layihənin yalnız birinci mərhələsinə o, yanılmıramsa 300 min dollar qrant almışdı. İkinci və sonrakı mərhələlər barədə məlumatım olmadığına görə heç nə yazmıram. Amma soruşmaq istəyirəm, hənı o qəzet? Yadımdadır ki, axırıncı nüsxələrini küçələrdə maşınla sakinlərə pulsuz paylayırdılar.

2014-cü ildə USAİD Azərbaycanda "müstəqil medianın inkişafı üçün” 2,4 milyon dollar həcmində qrant ayırmışdı və qəribəsi (əslində qəribə deyil) budur ki, həmin müsabiqəni gizli, Azərbaycan cəmiyyətini, mediya quruluşlarını məlumatlandırmadan keçirirdi. "Azadlıq” radiosu da bu müsabiqə barədə danışmağı lazım bilmirdi. "Yeni Azərbaycan”, "Kaspi”, "Şərq”, "Xalq cəbhəsi” kimi nəşrləri qoyuram bir qırağa, hətta müxalifətin əsas ruporu olan "Azadlıq” qəzetinin də həmin müsabiqədən xəbəri yox idi. Pullar İREX-ə ötürüləcəkdi. Aparılan araşdırmalar göstərdi ki, bu barədə öncədən razılaşma əldə edilib və məhz bu səbəbdən layihə məxfi saxlanır. Xatırlayıram ki, baş redaktor olaraq mənim tapşırığımla aparılan jurnalist araşdırması çərçivəsində İREX-ə informasiya sorğusu verilmişdi. İREX-in nümayəndəsi Ələsgər Məmmədli informasiya sorğusuna yazılı cavab göndərdi. Həmin cavabda heç bir sualımıza aydınlıq gətirilməmişdi və belə çıxırdı ki, ictimai vəsaiti sorğulamaqda qəbahətə yol vermişik.


O zaman Ələsgər Məmmədliyə telefon açaraq bir sual verdim və həmin sualı indi hər kəsin qarşısında ifadə etmək istəyirəm: İREX vasitəsi ilə yeni medianın inkişafı üçün Azərbaycana müxtəlif vaxtlarda böyük məbləğdə paralar transfer olunub. O paraları və ya o paralarla hasil olan texniki dəstəyi nə zaman, kimə, nə üçün vermisiniz? Hanı o adamlar, hanı o layihələr, hanı o layihələr hesabına formalaşan "müstəqil və keyfiyyətli” media qurumları? Görünən dağa bələdçi-filan lazım deyil, müstəqillik qazandıqdan bəri Azərbaycanda medianın inkişafına yüz milyonlarca qrant ayrılıb və Ələsgər Məmmədlinin də üzvü olduğu İREX kimi şəbəkələrdə bizə çatacaq paralar pay-püş edilib. İşdə o maxinasiya şəbəkələrinin "xaç atası” Mehman Əliyevdir!

Elə Mehman Əliyevin özünün bir açıqlamasına görə, təxminən 2000-2010-cu illərdə Azərbaycan mediasına 150 milyondan çox qrant ayırılıb. Ən yağlı tikələri, heç şübhəsiz, Mehman Əliyev öz boşqabına çəkib. Cəmi iki-üç milyona elə böyük media holdinq qurmaq mümkündür ki, hakimiyyət istəsə belə onu çökdürə bilməz. Jurnalistikanın peşə kodeksinə əməl edən, dövlət qarşısındakı öhdəliklərini yerinə yetirən media ilə işləmək hansı hakimiyyət üçün çətindir ki? Nə nağıl danışır, dastan quraşdırırsınız, necə yediniz 150 milyonu, onun üstünə gəlin! Bu barədə ilk növbədə Mehman Əliyev danışmalıdır. Ona görə ki, həm "Soros” fondunun yerli bürosunun rəhbəri, həm də digər donorlar tərəfindən "rəyi nəzərə alınan” şəxs olaraq qrantların bölüşdürülməsində birbaşa iştirak edib.

Barmağını qatlayıb desin ki, hansısa istedadlı insana dəstək olub, hansısa peşəkar imza yetişdirib?!. Əlinizi ürəyinizə qoyun və vicdanla deyin: bu ölkədə Emin Hüseynov adında bir jurnalist olubmu? Mehman Əliyevlə əlbir olub milyonlar mənimsəyib, milyonlar! Dişlərində şirə qalıb hər birinin. Yenə jurnalistlərin haqqlarını tapdamaq, yenə bol kisədən yemək, yenə dağıtmaq istəyirlər! Sadəcə, xaricdən ayrılan pullardan bəhs etmirəm, altını çizərək yazıram: Azərbaycan dövlətinin ictimai rəy dayaqlarını gözdən salmaq, sağlamlaşan dövlət-media münasibətlərini gərginləşdirmək, xaricdən maliyyəşməyən media qurumlarını dağıtmaq, gözdən salmaq istəyirlər! Prezidentin köməkçisi Əli Həsənovu hədəfə almaqda da məqsədləri elə budur. "Amerikanın səsi” "Media Klubu”n son toplantısından yazır: "Mətbuatın böhranının başlıca günahkarı kimi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi və uzun illər müstəqil KİV institutunu məhv etmək siyasətini həyata keçirən şöbə rəhbəri Əli Həsənov göstərilib”.

Milli Şuranın İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri olanda Mehman Əliyevin Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Azərbaycanın iç işlərinə qarışmasını, Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınması üçün dövlətimizə təzyiq göstərməsini rica etməsi kimsənin yadından çıxmayıb. Günümüzün Əliheydər Qarayevidir o! Qarayevin 20-ci əsrin əvvəllərində nəşr etdiyi qəzetlərdən birinin adı "Füqara sədası” idi. "Media klubu”nın toplantısında günümüzün Qarayevi elə danışıb ki, tanımayan, bilməyən onu lap füqəra zənn edə bilər. Bu füqara bilirsinizmi Əli Həsənova nəyin hikkəsini sərgiləyir? Köhnə söhbətlərə qayıtmayacam. Bu günlərdə kinoşünas Ayaz Salayev Rüstəm İbrahimbəyovun "Qafqaz triosu” adlı erməniləri mədh edən filmini ifşa etdi və həmin yazını Əli Həsənov öz Facebook səhifəsindən paylaşdı. Həsənovun bu paylaşımı təbii olaraq məqaləyə və məsələyə diqqət cəmlədi, nəticədə İbrahimbəyovun ermənipərəst üzü bir daha açıldı. Bunun müqabilində günümüzün Əliheydər Qarayevi öz "inqilab komitə”sini topladı və Əli Həsənov haqqında yuxarıdakı açıqlama verildi. Əlacları olsa, Əli Həsənovun timsalında Azərbaycan hakimiyyətinin milli fiqurlarına qarşı açdıqları cəbhədə vuruşmaq üçün Mixail Levondovskini də çağıracaqlar...


Bu Əliheydər deyir ki, Azərbaycanda media sahəsində dərin islahatlar həyata keçirilməlidir. Guya məsələ ilə bağlı yuxarılara təkliflərini verib və məhz bundan sonra həbs olunub. Bu və ya başqa səbəbdənmi həbs edilib, heç nə deməyəcəm, özü bilər, vicdanı bilər. Amma bir sual edim: Əliheydər Qarayevi prezident İlham Əliyevin media siyasətini həyata keçirən sima rolunda təsəvvür edirsinizmi?

Görün kimlərlə bunlar bir araya gəlib mediamızın – bizim problemlərimizi çözmək istəyirlər?! Adlarını çəkməyəcəm, şərəf olar onlara. Amma Azərbaycanda inqilab edib hakimiyyəti dəyişmək istəyən sorosçular reket medianın ən öndə gedən simaları ilə birlikdə dövlətin media siyasətini, onu həyata keçirən strukturu, medianın indiki vəziyyətini müzakirə edib "mövcud kritik vəziyyətdən” çıxış yolları arayırlar. Biriləri müxtəlif çeşidli maxinasiyalarla beynəlxalq fondların ayrıdığı milyonları mənimsəmək üzrə, digərləri də məmurları şantaj edib pul qoparmaq üzrə mütəxəssisdirlər. Bunlarmı bizə ağıl öyrədəcəklər? Bunlarmı İlham Əliyevə media siyasətini necə qurmağın yollarını göstərəcəklər? Açıq desinlər ki, cənab prezident bizə pul verin dolanaq. Belə daha səmimi olmazmı? Amma demirlər axı... Məkrli fəaliyyətlərini xoşagəlimli sözlərlə bəzəyirlər.

Açıq-aşkar görünür ki, 2013-cü ildə iflasa uğrayan planlarının yeni versiyasını hazırlayıblar. Əlbəttə, yenə Azərbaycan prezidentinin və ona səmimi simpatiya ilə bağlı olan dövlət adamlarının, ziyalıların, media nümayəndələrinin iradəsi və qətiyyəti müqabilində arzuları gözlərində qalacaq. Ancaq bu barədə düşünməyə dəyər: axı nədən Əli Həsənovu hədəfə alanların hamısı Rüstəm İbrahimbəyovla, Abbas Abbasovla, Leyla Yunusla işbirliyindədir? Nədən Əli Həsənov bu "Qafqaz triosu”nun gözünə belə xor görsənir? Cavab sadə və birmənalıdır: Prezindentə şəxsi sədaqətinə və dövlət başçısının tapşırıqlarını yüksək peşəkarlıqla icra etdiyinə görə!

Taleh ŞAHSUVARLI

banner

Oxşar Xəbərlər