• cümə axşamı, 28 mart, 13:02
  • Baku Bakı 16°C

Qrafik improvizələr ustası

29.04.19 15:30 2438
Qrafik  improvizələr  ustası
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin dünyada ilk olaraq milli "tanınma nişanı”mıza çevrilən sahəsi qrafika olmuşdur. Zamanın axarında bu inkişaf gah yüksəlmiş, gah da səngimişdir. Bu mənada incəsənətimizin ümumi inkişafında xüsusi mərhələ kimi dəyərləndirilən ötən əsrin 60-
70-ci illərində qrafika sənətində də duyulası yeniliklər baş vermişdir.
Həmin yetmişinci illərdə fəaliyyətə başlayan Arif Hüseynov, Arif Ələsgərov, Arif Əzizov və Adil Rüstəmovun çoxşaxəli yaradıcılığı göstərdi ki, qrafika sahəsinə çox ciddi bədii vəzifələri həll etməyə qadir olan gənclər gəlmişlər. Belə ki, onların ən müxtəlif mövzuları əhatə edən yaradıcılığında dəzgah qrafikasına bütün mənalarda yeni nəfəs gətirmək istəyi çox qabarıqdı. O vaxtdan başlayaraq bu ümidverici qrafiklər sərgi salonlarında imzaları tamaşaçılar tərəfindən axtarılanların sırasına daxil edildi...
Bu "bədii kvartet”də yaradıcılığı milli mövzuları əhatə edən və müxtəlif texnikaların tətbiqi ilə fərqlənən Arif Ələsgərovun əsərlərində ənənə ilə müasirliyin qovşağının ifadəsinə yönəli qrafik improvizələr çox cəlbedici və yaddaqalan idi, desək, yanılmarıq. Onun yarım əsrə çatan müstəqil yaradıcılığını incələməli olsaq, onda arxada qalan illərin onu bir yaradıcı – başqalarını heyrətləndirə və düşündürə biləcək əsərlər müəllifi kimi təsdiqlədiyini söyləyə bilərik...
Əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə (1959-1964), sonra isə Sankt-Peterburqdakı nüfuzlu baron A.Ştiqlis adına (keçmiş V.Muxina adına) Rəssamlıq Akademiyasında (1964-1972) təhsil alan Arif Ələsgərov doğma Bakıya qayıdanda qrafika sahəsində əldə etdiyi bədii-texniki bilgiləri tezliklə əyaniləşdirmək istəyində idi. Bura Bakıda B.Mirzəzadə, V.Səmədova, L.Feyzullayev, Sankt-Peterburqda isə İ.Vaksdan aldığı dərslərə, onun yaxın qohumu R.Babayev və Ə.Rzaquliyevin sənətinə rəğbətini də əlavə etsək, onda onun vətənə hansı yaradıcı ruhda qayıtdığını təxmin etmək də mümkündür...
Əgər Arif Ələsgərovun müxtəlif sənət növlərini, mövzu və janrları əhatə edən yaradıcılığının məhsulları olan əsərlərinin hər birinə nəzər yetirməli olsaq, onlarda rəssamın həyatda gördüklərindən heyrətlənmədikdən hələ də usanmadığına şahidlik etmək mümkündür. Hazırda ömrünün müdriklik çağını yaşayan 75 yaşlı sənətkarın ruhuna hopmuş "mövzular məcmusu”nda uşaqlıq xatirələrindən tutmuş bu günümüzə kimi onu izləyən ən müxtəlif hadisələrin tərənnümünə rast gəlmək mümkündür. Bu rəngkarlıq və qrafika əsərlərində tamaşaçısı ilə üz-üzə, göz-gözə qalan çoxsaylı obrazların heç birində süni pafosa rast gəlmək mümkün deyildir. Əslində, onun maraq dairəsində olan bu müxtəlif peşə adamlarının, onların gündəlik qayğılarının, adət-ənənələrinin qorunmasının, istirahətlərinin patetik təqdimata heç bir ehtiyacı yoxdur. Başqa sözlə desək, öz təbii həyatlarını yaşayan bu insanlar elə olduqları kimi göründüklərindən və yaradıcı rəssam münasibəti ilə də öz ilkinliklərini sona qədər qoruyub saxladıqlarından – dəyişmədiklərindən bu qədər səmimi və cəlbedicidirlər. Bu müsbət məziyyətləri onun 1980-ci illərdə yaratdığı "Doğma diyar” litoqrafiyalar silsiləsində izləmək mümkündür. "Dulusçu” (1982), "Pinəçi” (1982), "Musiqi alətləri emalatxansı” (1982),”Qədim qablar” (1982) və "Qəfəs” (1982) lövhələrində ağ-qara cizgilərin çox incə keçidləri ilə əldə olunan inandırıcılıq kifayət qədər duyğulandırıcı olduğundan uzun müddət unudulmur. Kompozisiyaları müxtəlif peşə adamlarının təsvirindən və onların sənətini səciyyələndirən əşyalardan ibarət olan bu qrafika nümunələrində çox koloritli-müsbət auralı obrazlar məcmusu yarada bilməsi danılmazdır. İfadəli və inamlı rəsmetməyə tapınan həmin əsərlərin bədii həllində nümayiş etdirilən qrafik icra mədəniyyətinin heyranediciliyinə nail olan müəllif, bütünlükdə, bütün kompozisiyaların uğurunu təmin etmişdir.
Amma əlavə edək ki, rəssamın sonralar müraciət etdiyi digər texnikalar da onun duyğularının bədiiləşdirilməsində yaddaqalan vasitələr olsalar da, səksəninci illərdə müraciət etdiyi litoqrafiya vasitəsilə ərsəyə gətirdiyi və yuxarıda adlarını çəkdiyimiz sadə əməkçi obrazları ilə yanaşı, Novruz ünvanlı "Kəndirbazlar” (1982), eləcə də "Bazara” və "Uşaqlar və yaşlılar” (1982) lövhələri müəllifin bədii məkanda, sözün əsl mənasında, "tanınma nişanı”na çevrildi. Zamanın axarında həmin əsərlərin milli qrafika saxlancımızın incilərinə çevrildikləri də birmənalıdır.
1986-cı ildə Tiflisdə keçirilən Zaqafqaziya rəssamlarının biennalesində bu silsilədən olan "Musiqi alələtləri emalatxanası” əsərinin qızıl medala layiq görülməsi həm də bu yüksək bədii məziyyətlərin layiqincə dəyərləndirilməsi oldu. Rəssamın 1989-cu ildə Xəzəryanı ölkələrin Bakıda keçirilən biennalesində isə gümüş medalla təltif olunduğu "Mart” əsəri fərqli texnikada işlənsə də, müəllifin monotipiya texnikasından qaynaqlanan estetikanı tamaşaçını ovsunlaya biləcək bədii tutuma yönəldə bilməsi duyulan idi.
Əgər sənətkarın yaradıcılığını əhatə edən digər əsərləri yada salmalı olsaq, onda ilk növbədə onun düşüncələrinin daha incə və tutumlu tərənnümünə imkan verən ofort texnikasında ərsəyə gətirdiyi milli ruhlu "Köhnə Bakı-çayxana” (1981), "Novruz” (1989), "Yuxu” (1987), "Gəzinti” (1987), "İçərişəhər” (1989), "Sübh açılır” (1987), "Pəncərə” (1986), "Güləş” (1982), "Qocalar-idmançılar” (1981) və s. lövhələri adını çəkmək olar. Bəzən tez-tez rast gəlinənlərə, çox vaxt isə uzaq-yaxın illərin yaddaşından "boylanan” idman və folklor mövzulu süjetlərə "bədii güzgü” tutan Arif Ələsgərovun bu qrafik əsərlərində ifadə olunan "duyğular toplusu” hər kəsə doğma görünə biləcək nostalji hisslərə bələndiyindən, tamaşaçı diqqətini cəlb edən təsirli mənəvi mənbədirlər. Əslində, "Doğma diyar”silsiləsinə daxil olanlar da, elə ofort texnikalı əsərlərin motivləri də bu gün yeniləşməkdən "usanmayan” paytaxtımızın görkəmi ilə müqayisədə mövzular və obrazlar tarixi qəbul olunurlar. Rəssamın göz və qan yaddaşında həkk olmuş həmin təsvirlər müəyyən epoxanın mənəvi-etik yükünün daşıyıcısı kimi təqdim olunduqlarından, yaşantıların çox vaxt ağ-qara, bəzən də rəngli belə ifadələrində tamaşaçı onu duyğulandıra biləcək bədii-psixoloji məqamları görə və dəyərləndirə bilir...
Sənətkarın kifayət qədər zəngin olan bədii irsində onun vətəndaş mövqeyini ifadə edən əsərlər də az deyil. "20 Yanvar”, "Qırğın”, "Çərxi-fələk”, Başlanğıc”, "At ili”, "Qara qüvvələr”, "Bayquş”, "Dəhşət”, "Köhnə həyət”, "Düşüncələr” və s. qrafik lövhələrində fərdi yaşantılarını bəşəriləşən ideyalarla qovuşdurmağı bacaran rəssam, sonda onları tamaşaçını düşündürə biləcək bədii qaynağa çevirmişdir.
Arif Ələsgərovun rəngkarlıq irsi də maraq doğurur. Əgər sovet dönəmində o, bu sahəyə epizodik olaraq müraciət edirdisə, müstəqillik illərində – Karadəniz Texniki Universitetində (Türkiyə) çalışdığı dövrdə onun rəngkarlığa davamlı müraciətini görmək mümkündür. Onun "Füzuli dünyası” (1995), "Ağaclar” (2003), "Xatirələr” (2001), "Pişiklər” (1983), "Qaçqınlar” (1990), "İpək yolu” (2008,) "Bişən balıqlar” (2008), "Əntiq mallar dükanı” (2011), "Həyatın başlanğıcı” (2011), "Həvvanın almaları” (2008), "Ərzuruma gedən yollar” (2011), "Kapadokiya” (2013) və s. tablolarında rəng və yaxı improvizələrinin mövzu açımına yönəli yaddaqalan tutumu ilə qarşılaşırıq. Məhz müəllifin tətbiq etdiyi məntiqli "bədii şişirtmə” və duyulası stilizələrin sayəsində gözümüzdə adiləşən motivlər bu əsərlərdə cəlbedici olduğu qədər də, fikir paralayıcıdır. Rəssam üçün rəng bir çox hallarda olduğu kimi nələrisə ört-basdır etmək yox, qabartmaq və mənalandırmaq vasitəsidir. Odur ki, onun tablolarında hadisələr də, obraz və motivlər də çox vaxt reallıqda olduğu kimi yox, rəssamın arzuladığı rəngdə və ifadəli plastik tutumdadır...
Təhsil sonrası Bakının ali və orta ixtisas məktəblərində gənc rəssam kadrlarının hazırlanmasında davamlı fəaliyyət göstərən sənətkar bu gün də bu müqəddəs peşə ilə məşğuldur. Azərbaycan Respublikasının Əməkdar rəssamı, professor Arif Ələsgərov hazırda müstəqil yaradıcılıqla yanaşı, respublikamızın çox nüfuzlu sayılan təhsil ocağında – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışmaqda, yeni-yeni əsərlər yaratmaqdadır. Zaman-zaman fərdi və qarışıq sərgilərdə ictimailəşən bu əsərlərin müasir ruhu görkəmli sənətkarın qəlbinin yaratmaq eşqi ilə döyündüyündən xəbər verir...

Ziyadxan Əliyev




banner

Oxşar Xəbərlər